Keçmiş peyğəmbərlərin başına gəlmiş əlamətdar hadisələrin Aşura gününə təsadüf etməsi doğrudurmu?

Bu barədə İslam məzhəblərinin və alimlərin fikirləri fərqlənir. Əhli-sünnə mənbələrində göstərilir ki, Aşura günü keçmiş peyğəmbərlərin həyatında sevindirici hadisələrlə əlamətdar olub. Məsələn, Aşura günündə Həzrət Adəmin (ə) tövbəsi qəbul edilib, Həzrət Nuh Peyğəmbərin (ə) gəmisi tufandan sonra quruya çıxıb, Həzrət Yusif Peyğəmbər (ə) quyudan xilas olub, Həzrət Musanı (ə) təqib edən firon dənizdə batıb, Həzrət Yunus Peyğəmbər (ə) balığın qarnından nicat tapıb və s. Əhli-sünnə məzhəbində Aşura günü oruc tutmağın sünnə sayılması da bununla əlaqələndirilir. Lakin şiə məzhəbində bu yanaşma doğru sayılmır. Hətta məşhur hədis alimi Şeyx Abbas Qumi “Məfatihül-cinan” kitabında bu məzmunlu hədislərin qondarma olduğunu qətiyyətlə bildirir və həmin hadisələrin Aşura günü yox, digər tarixlərdə baş verdiyini İmam Əlidən (ə) rəvayət etdiyi hədislə vurğulayır.






