Kərbəla şəhidlərinin neçəsinin başı kəsilərək Şama göndərildi və mübarək başların aqibəti necə oldu?

Aşura günü şəhid olanların kəsilmiş başları ilə bağlı məlumatlar fərqlidir. Birincisi, heç də bütün şəhidlərin başı kəsilib Şama aparılmamışdı. Bəzi qəbilələr onlardan olan şəhidin başının kəsilməsini təhqir saydığı üçün buna icazə verməmişdi.
İkincisi, ümumiyyətlə, Şama aparılmış başların sayı barədə mənbələrdəki məlumatlar müxtəlifdir. Fərqli müəlliflər öz əsərlərində 70, 72, 78 və daha artıq kəsilmiş başın Şama aparıldığını yazıblar.
Kəsilmiş başlar əvvəlcə Kufəyə – İbn Ziyadın hüzuruna, oradan da Şama – Yezidin sarayına aparıldı. Daha sonra onların bir qisminin Kərbəlaya qaytarılaraq, səcədlərlə birlikdə yaxud ümumi bir məkanda dəfn edildiyini yazırlar. Şəhidlərin bir qisminin mübarək başı isə Dəməşqdə dəfn edilmiş hesab olunur. Bu gün də Dəməşq şəhərində Rəsüş-şühəda (şəhidlərin başı) adlı ziyarətgah mövcuddur. Bəzi məlumatlara görə isə, İmam Hüseynin (ə) başı əvvəlcə Suriyadakı Əsqəlan şəhərində dəfn edilmiş, sonralar şəhər səlibçilər tərəfindən ələ keçirilən zaman Fatimilər mübarək başı Misirə aparıb Qahirə şəhərində torpağa tapşırmışlar. Qahirədə Rəsül-Hüseyn (Hüseynin başı) adlı məkan ziyarətgahdır.
Lakin bu məlumatlar şiə mənbələrində öz təsdiqini tapmır. Şiə məzhəbinə görə, İmam Zeynülabidin (ə) Şamdan qayıtdığı zaman İmam Hüseynin (ə) mübarək başını da özü ilə gətirmiş və Kərbəlada, İmamın bədəni ilə eyni qəbirdə yaxud Nəcəfdə, Həzrət Əlinin (ə) məzarının yanında dəfn etmişdir.






