İmam-camaatın ədalətli olmasının meyarı nədir?

Şəriətimizə görə, camaat namazına başçılıq edən imam-camaatda vacib olan şərtlərdən biri də ədalətli olmasıdır. Ədalətli olmayan şəxsin arxasında namaz qılmaq düzgün sayılmır.
Ədalətin meyarlarına gəlincə, imam-camaat öhdəsində olan vacib əməlləri etməli və haramlardan uzaq durmalıdır. Burada böyük və kiçik günahlar arasında fərq yoxdur. Müstəhəb və məkruh əməllər barədə isə vasvası davranmağa ehtiyac yoxdur. İmam-camaata kənardan baxanda söz, əməl və əxlaqının gözəl olduğu görünürsə (riya etməmək şərti ilə), onu ədalətli saymaq olar. Eləcə də, onu tanıyanlardan soruşanda günah etmədiyini, öhdəsində olan vacibatı yerinə yetirdiyini desələr və onu yaxşı bir insan kimi tanıdıqlarına şahidlik etsələr, kifayətdir. Amma imam-camaatın ədalətli olmadığı barədə insana kənardan etibarlı məlumat çatdırılsa, artıq onun arxasında namaz qıla bilməz.






