Yorğun halda namazı oturaq vəziyyətdə qılmaq olarmı?

Şəriətimizə görə insan namazı ayaq üstə qıla bilmirsə, oturmuş halda qıla bilər. Oturaq vəziyyətdə də qılmağa gücü çatmayan uzanmış halda qıla bilər. Bunun meyarını insan öz vicdanı ilə həll etməlidir. Yorğun olmaq insanı oturaq halda namaz qılmaq üçün üzür sahibi etməz. Bütün gün ərzində ayaq üstə işlərini görməyi bacaran şəxs yorğunam deyə bir neçə dəqiqəlik namazı güzəştlə qılmaq üçün bəhanə gətirməməlidir. Bu güzəşt bəzi zəruri hallarda keçərlidir. Məsələn, hansısa bədən üzvü (məsələn ayağı, beli) ciddi zədələnmiş adam namaz zamanı əyilib-dura, qalxıb-otura bilmirsə, bu halda həmin yüngülləşdirici şərt ona şamil olar. Yaxud əməliyyat keçirmiş şəxs ümumiyyətlə ayaq üstə durmaq imkanına sahib deyilsə, ya oturmuş, ya da uzanmış halda namazlarını qıla bilər. Həyatına təhlükə törətməmək və dözülməz ağrıya səbəb olmamaq şərti ilə ayaq üstə namaz qıla bilən şəxsin bundan imtina edib namazını oturaq halda qılması düzgün deyil.






