Ana uşağa süd verən zaman dəstəmazlı olmasının savabı varmı?

Dəstəmaz almaq hər zaman savab sayılır. Dəstəmaz pozulan zaman onu yeniləmək, beləliklə də gün ərzində dəstəmazlı olmaq peyğəmbərlərin və imamların, övliyaların həyat tərzidir. Südəmər körpəsi olan qadının uşağa süd verən zaman dəstəmaz alması da böyük savaba malikdir. Bu, uşağın dindar və mömin olmasına, gələcəkdə günah və haramlardan uzaq durmasına kömək edər.
Böyük İslam alimlərinin anaları onlara adətən dəstəmazsız süd verməyiblər. Məşhur alim Müqəddəs Ərdəbilinin anası deyirmiş: “Mən ona hamilə qaldığım və süd verdiyim müddətdə heç vaxt halallığına şübhə etdiyim qidanı yeməmişəm. Ona süd verməzdən qabaq həmişə dəstəmaz almışam və heç vaxt naməhrəmə sarı baxmamışam”. Ayətullahül-üzma Birucerdinin anası ona təharətsiz halda süd verməz, hətta soyuq su ilə də olsa, qüsl və dəstəmaz alandan sonra körpəni əmizdirərdi. “Bihar əl-ənvar” kitabını tərtib etmiş Əllamə Mühəmməd Baqir Məclisinin atası öz həyat yoldaşı ilə şərt kəsmişdi ki, təharətsiz olduğu halda körpəyə süd verməsin. Böyük alimlərdən Seyyid Mürtəza və qardaşı Seyyid Rəzinin, Şeyx Mürtəza Ənsarinin, Şeyx Abbas Quminin, Ayətullah Mərəşi Nəcəfinin də anaları onlara yalnız dəstəmaz alandan sonra süd verirmiş.






