Dini mənbələrdə rast gəlinən “ümmi” sözünün mənası nədir? Niyə Peyğəmbərə ümmi deyilir?

“Ümmi” sözü ərəb dilindən “anadangəlmə” kimi tərcümə edilir. Bu söz adətən Həzrət Mühəmməd Peyğəmbərin (s) ləqəbi kimi işlədilir. Peyğəmbərə aid edilməsinin səbəbini fərqli şəkillərdə izah etmişlər.
Bəzi alimlərin fikrincə, Peyğəmbər anadangəlmə yazıb-oxumağı bacarmadığı üçün ona ümmi deyilib. Həqiqətən, Həzrətin həyatı boyunca (xüsusilə peyğəmbərlik verilməzdən əvvəl) yazıb-oxuması barədə məlumat qeydə alınmayıb. Bəziləri o Həzrətin yazıb-oxumağı bacardığını, amma prinsipial olaraq Allahın əmri ilə bunu etmədiyini deyirlər. Alimlərin fikrincə hər iki halda məqsəd o idi ki, Peyğəmbərin ilahi vəhyi kitablardan, xüsusilə Tövrat və İncildən oxuyub mənimsəməsi barədə müşriklər tərəfindən iddia irəli sürülməsin.
Bəzi tədqiqatçılar isə Məkkə şəhərinin “ümmül-qüra”, yəni kəndlərin anası adlandırıldığını əsas gətirərək, Peyğəmbərin məkkəli olduğu üçün ümmi ləqəbi ilə çağırıldığını söyləmişlər. Bu izahların hər biri üçün hədislər və məntiqi sübutlar gətirilib.






