Dünyasını dəyişmiş şəxs üçün nə etmək onun ruhuna fayda verər?

Dinimizə görə, dünyasını dəyişmiş şəxsin əməl dəftəri bağlanır, onun artıq savab qazanmaq imkanı yoxdur, o öz əməllərinin mükafatı və ya cəzalı ilə baş-başa qalıb. Amma bu dünyadakılar onun qəbir əzabını və sorğu-sualını yüngülləşdirmək üçün bəzi əməllər edə bilərlər. Mərhum şəxsin qılmadığı namazları və tutmadığı orucları onun əvəzinə qəza etmək onun o biri dünyadakı vəziyyətinə müsbət təsir göstərər. Mərhumun adından savab işlər görmək, məsələn ehtiyacı olanlara yardım göstərmək, aclara yemək vermək, sədəqə paylamaq və bunun savabını mərhuma hədiyyə etmək çox faydalıdır. İctimai əhəmiyyəti olan işlər görmək, məsələn, bulaq qazımaq, xəstəxana, məktəb tikmək, körpü salmaq və bunların savabını mərhumun ruhuna hədiyyə etmək olar. Mərhumun müsbət xüsusiyyətlərini yada salıb rəhmət oxumağın da ona faydası dəyər. Mərhumun ruhuna Quran oxumaq, tez-tez Yasin və Fatihə-İxlas surələri ilə ruhunu xatırlamaq, qəbrini ziyarət edərək məzarı üzərində yeddi dəfə Qədr surəsini tilavət etmək də onun qəbir əzabını və bərzəx (keçid) aləmindəki vəziyyətini yüngülləşdirər.






