Zöhr namazının qılınma vaxtı nə zamandır?

“Zöhr” (zühr) ərəb dilindən tərcümədə “günorta, günün yarısı” deməkdir. Astronomik baxımdan Günəşin zenit nöqtəsində (Yerə nisbətən ən uca nöqtədə) durduğu an zöhr adlanır. Sübh tezdən Günəş çıxdıqdan sonra əşyaların kölgəsi qərb istiqamətində düşür. Günəş hündürlüyə qalxdıqca kölgələr qərb istiqamətində getdikcə qısalır. Zöhr anında kölgələr son həddə kimi qısalaraq (bəzi yerlərdə hətta tam itərək), bundan sonra şərq istiqamətinə keçir və şərqə doğru uzanmağa başlayır.
Zöhr namazının qılınma vaxtı əhli-sünnə məzhəbinə görə, zöhr anından (kölgələrin şərqə doğru uzanmağa başladığı andan) başlayır və əşyanın kölgəsi öz boyu qədər uzanıncaya kimi davam edir. Bundan sonra əsr namazının vaxtı girir. Cəfəri məzhəbində isə zöhr namazının məxsusi vaxtı zöhr anından başlayır və zöhr namazını qılmağa bəs edəcək vaxt qədər davam edir. Bu çüddət ərzində zöhr namazından başqa namaz qılmaq olmaz. Bundan sonra zöhr namazı ilə əsr namazının müştərək vaxtı başlayır.






