AzərbaycanXəbərlər

Ədəbiyyat Muzeyində “Mədinə” nəşrlər evinin daimi ekspozisiyası açılıb

Oktyabrın 28-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində daim zənginləşən və yenilənən ekspozisiyaya daxil edilmiş yeni daimi sərgi-guşənin açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərgidə Rusiyada fəaliyyət göstərən “Mədinə” İslam və Şərq Nəşrləri Evinin kitab və sərgiləri nümayiş olunub.

Qeyd edək ki, əsasən dini, tarixi və fəlsəfi ədəbiyyatın, eləcə də Şərq mədəniyyətinə aid kitabların tərcüməsi, nəşri və satışı ilə məşğul olan “Mədinə” İslam və Şərq Nəşrləri Evi Quran təfsirləri, hədis kitabları, İslam tarixi və peyğəmbərlərin, həmçinin Şərq fəlsəfəsinə aid klassik və müasir əsərlərin müxtəlif dillərdə nəşrini həyata keçirir. İslam dünyasının və Şərq mütəfəkkirlərinin zəngin ədəbi-fəlsəfi irsini yaşadan nəşriyyat rus dilində yayımlanan “İslam minarəsi” elmi-publisistik jurnalının da naşiridir. Jurnalda Yaxın Şərq ədəbiyyatı, din, fəlsəfə elmləri mövzusunda bir çox dəyərli elmi məqalələr işıq üzü görüb. Bu məqalələr arasında akademik Rafael Hüseynovun “Nizami poetik məktəbinin dünya əhəmiyyəti” məqaləsi də yer alıb.

“Mədinə” nəşriyyat evinin Ədəbiyyat Muzeyində sərgilənən kitabları arasında milliyyətcə tatar olan ilahiyyatçı-alim, ictimai xadim, pedaqoq, şərqşünas, türkoloq, arxeoqraf, xəttat və görkəmli azərbaycanlı alim Mirzə Kazım bəyin dostu olmuş Hüseyn Fəizxanovun da əsərləri nümayiş olunur. Burada Türk dünyasının digər ilahiyyat və fəlsəfə alimləri Dəmir Mühəddinovun, Musa Biqiyevin, Şəhabəddin Mərcaninin, Cəmaləddin Əfqaninin, Moskva şəhərində qorunan Quran kitablarından bəhs edən İlya Zaytsevin, Mirqasım Osmanovun tatar və rus dillərində yeni nəşrləri ziyarətçilərin diqqətinə təqdim olunur.

“Mədinə”nin daimi ekspozisiyasının açılış mərasimində VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru professor Damir Muxetdinov və Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin Azərbaycan üzrə nümayəndəsi və Rusiya baş müftisinin xüsusi nümayəndəsi Səfa Kərimov da iştirak ediblər.

Tədbirdə muzeyin direktoru akademik Rafael Hüseynov çıxış edərək “Mədinə” nəşriyyat evinin rəhbərliyi ilə qurulan əməkdaşlığın elmi-mədəni əlaqələrin genişləndirilməsi, İslam irsinin tədqiqi və Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.

Akademik Rafael Hüseynov qeyd edib ki, İslam tədqiqatları sahəsində mühüm xidmətlər göstərən, elmi araşdırmaları və nəşr layihələri ilə tanınan professor Damir Muxetdinov təkcə din xadimi deyil, həm də islamşünaslıq və şərqşünaslıq sahələrinə töhfələr verən alimdir. Onun rəhbərlik etdiyi “Mədinə” nəşriyyat evinin fəaliyyəti dini və elmi mənbələrin nəşri, İslam mədəniyyətinin öyrənilməsi və zəngin irsin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Muzey direktoru bildirib ki, yeni sərgi-guşənin yaradılması muzeylə nəşriyyat evi arasında əməkdaşlığın davamlı xarakter almasına, kitab və mənbələrin muzey əməkdaşları tərəfindən öyrənilməsinə, birgə elmi fəaliyyətin genişləndirilməsinə imkan verəcək. O, gələcəkdə muzey əməkdaşlarının “Mədinə” nəşriyyat evinin nəşrlərində iştirakının, Azərbaycanla bağlı tədqiqatların və məqalələrin dərcinin qarşılıqlı əlaqələri daha da gücləndirəcəyini diqqətə çatdırıb.

Akademik Rafael Hüseynov Nizami Gəncəvinin irsinin beynəlxalq miqyasda təbliğinin əhəmiyyətinə də toxunaraq, rusdilli nəşrlərdə Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı materialların yayımlanmasının ölkəmizin zəngin ədəbi irsinin daha geniş auditoriyaya çatdırılmasına xidmət etdiyini vurğulayıb.

İslam irsinin öyrənilməsi və nəşri məsələlərinə xüsusi diqqət yetirən akademik Rafael Hüseynov bu sahədə görülən işlərin yalnız dini deyil, həm də elmi və mədəni əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, müxtəlif dövrlərə və ənənələrə aid mənbələrin, o cümlədən Quran nüsxələrinin nəşri və tədqiqi dünya mədəni irsinin qorunmasına, Şərqşünaslıq ənənələrinin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfədir.

Muzey direktoru çıxışının sonunda elmi və mədəni əməkdaşlığın xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, ölkələrarası dialoqun inkişafına və mənəvi dəyərlərin ortaq müstəvidə öyrənilməsinə xidmət etdiyini vurğulayıb. O, “Mədinə” nəşriyyat evi ilə əlaqələrin bundan sonra da genişləndiriləcəyinə əminliyini ifadə edib, qonaqlara təşəkkürünü bildirib.

Sonra professor Damir Muxetdinov çıxış edərək muzeyin zəngin ekspozisiyasından məmnunluğunu ifadə edib. Professor Rusiya ilə Azərbaycan arasında münasibətlərin elm, mədəniyyət və dini diplomatiya və digər sahələrdə qorunub saxlanmasının əhəmiyyətini qeyd edib. Alim uşaqlıq illərində ailəsi ilə bağlı xatirələrini bölüşərək, həmin ünsiyyətin onun ərəb dilinə və dini biliklərə marağının formalaşmasında xüsusi rol oynadığını diqqətə çatdırıb. Damir Muxetdinov, həmçinin Azərbaycan ziyalılarının Rusiya müsəlmanlarının ictimai və dini həyatında tarixi rolunu vurğulayaraq, iki xalq arasında mövcud olan dostluq və mənəvi yaxınlığın gələcəkdə də inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Daha çox göstər
Back to top button