AzərbaycanXəbərlər

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib

Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Baş Prokurorluğunun ev sahibliyi etdiyi tədbirdə 46 üzv dövlətin və müşahidəçi ölkənin, eləcə də 8 beynəlxalq təşkilatın nümayəndələri olmaqla, ümumilikdə 250-dən çox şəxs iştirak edir. İştirakçılar arasında müstəqil antikorrupsiya qurumlarının rəhbərləri və nazirlər olmaqla 40-dan çox yüksəkvəzifəli şəxs yer alır.

Görüşün əsas məqsədi İƏT-ə üzv dövlətlər arasında korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq və regional əməkdaşlığın gücləndirilməsi, hüquq-mühafizə orqanları arasında əlaqələndirilmiş fəaliyyətin genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsinin təşviqidir.

Tədbir, həmçinin korrupsiya yolu ilə əldə edilmiş aktivlərin aşkar olunması və qaytarılması, habelə müasir texnologiyalardan istifadə sahəsində birgə fəaliyyət imkanlarının müzakirəsi baxımından əhəmiyyət daşıyır.

Açılış mərasimi Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra “Qurani-Kərim”dən ayələr oxunub.

Daha sonra Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.

Ardınca Qətərin İnzibati Nəzarət və Şəffaflıq Orqanının (ACTA) prezidenti, İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının ikinci Nazirlər Görüşünün sədri Hamad bin Nasser bin Rashid Al-Misnad, Azərbaycanın Baş prokuroru Kamran Əliyev və İƏT-in Baş katibi İsmayıl Ould Şeyx Əhməd çıxış ediblər.

Keçirilən seçkilərin nəticələrinə əsasən, Azərbaycan İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşünün Bürosuna iki il müddətinə yekdilliklə sədr seçilib. İraq, Fələstin və Burkina Faso isə Büro üzvləri seçiliblər.

Tədbirin proqramına uyğun olaraq, birinci işçi sessiyada videotəqdimat nümayiş etdirilib, gündəlik və iş proqramı layihələri, eləcə də yüksəkvəzifəli şəxslərin iclasının hesabatı nəzərdən keçirilib.

Daha çox göstər
Back to top button