Əhli-kitab və əhli-zimmə nə deməkdir?

Hərfi mənada “əhli-kitab” – kitab əhli, yəni kitabı olanlar, “əhli-zimmə” isə öhdədə, himayədə olanlar deməkdir. Əhli-kitab deyərkən, əsasən müsəlmanlardan başqa səmavi kitabı olan dinlərin ardıcılları nəzərdə tutulur. Tövrat yəhudilərin, İncil də xristianların səmavi kitabıdır. Bu kitablar sonralar təhrif edilsə də, onların əsli, ilkin variantı Allah tərəfindən Həzrət Musaya (ə) və Həzrət İsaya (ə) endirildiyi üçün səmavi sayılır. Bu ümmətlərin (yəhudi və xristianların) nümyəndələri müsəlman məmləkətində yaşayırlarsa, dini mənbələrdə onları əhli-zimmə də adlandırırlar. Çünki bu zaman onlar müsəlmanların himayəsi və mühafizəsi altında yaşayırlar. Cizyə (canbahası) vermək, yaxud müsəlman qoşununda xidmət etmək qarşılığında onların canının, malının, namusunun və inancının qorunması müsəlmanların öhdəsindədir. İslam hüququnda əhli-kitabın və əhli-zimmənin hüquq və öhdəlikləri barədə bütün incəliklər öz əksini tapıb. Bəzən sabiiləri və zərdüştiləri də əhli-zimməyə aid edirlər, çünki onların da əvvəllər peyğəmbər ümməti olmaları, sonra dini təhrif etmələri barədə məlumatlar vardır.






