İnsan günah olmayan bir işdən tövbə edibsə, töbvəsinə mütləq əməl etməlidirmi? Tövbəsini pozarsa nə etməlidir?
Oxucu sual verir
Tövbə günah əmələ görə edilər. Yəni Allahın haram buyurduğu bir işi edən adam sonra peşman olub özünü danlayır, bir daha bu günahı etməyəcəyinə söz verir və Allahdan bağışlanmaq diləyir. Əgər insanın etdiyi əməl günah deyilsə, bu əməli etməməyi qərara almaq tövbə sayılmaz. Amma o demək deyil ki, bu halda insan öz sözünü pozmalıdır. Şəriətdə əhd adlı anlayış var. Yəni insan Allahın qarşısında əhd edib Allahı şahid tutur ki, bur daha hansısa əməli etməyəcək və ya mütləq hansısa əməli edəcək. Bu əməlin günah olması şərt deyil. Məsələn, insan əhd edə bilər ki, bir daha filan əşyadan istifadə etməyəcək. Bu halda əgər insan öz əhdini pozsa, əvəzində 60 gün ardıcıl oruc tutmalıdır. Qeyd edək ki, hər verilən söz və qərara alınan məsələ əhd sayılmaz, bunun üçün əhd niyyətinin olması lazımdır. Eləcə də, günah əməli yerinə yetirmək, zəruri vacib olan əməli tərgitmək barədə əhd etmək düzgün deyil (məsələn, “məni söymüş filankəsi öldürəcəyəm”, “daha namaz qılmayacağam” kimi əhdlər).