Namaz vaxtında evdə olmayacağını bilən adam qabaqcadan namazı evdə qılıb çıxa bilərmi?
Oxucu sual verir
İslam şəriətində gündəlik namazların bəlli qılınma zamanları vardır. Namazların vaxtı Günəşin səmadakı vəziyyəti və kölgəsinin uzunluğu ilə tənzimlənir. Hər namazın vaxtının başlanma və bitmə anı məlumdur, namaz cədvəllərində bunlar hər bölgə üçün konkret qeyd edilir. Namazları vaxtın əvvəlində qılmaq savabdır. İnsan evdə olmasa da hər mümkün üsuldan istifadə edib namazı vaxtın əvvəlində qılsa yaxşıdır (məsələn, yaxınlıqdakı məscidə getmək, iş zamanı fasilədən istifadə etmək və s.) Amma əgər normal şəkildə qılmağa imkan olmasa, namazı təxirə salmaq və vaxtın sonuna kimi qılmaq olar. Məsələn, əgər zöhr anında namazı qılmağa imkan yoxdursa, Günəş batana kimi müddət ərzində imkan yaranan kimi qılmaq olar. Namazı qəsdən qəzaya vermək düzgün deyil. Lakin hər bir halda, namazın vaxtı girməzdən əvvəl qılmaq batildir. Yəni günorta evdə olmayacağını bilən adam səhər evdən çıxmazdan əvvəl zöhr namazını qıla bilməz. Bunu hətta bilməməzlik üzündən etsə belə, namaz batildir və qılınmamış sayılır.