Dəstəmaz və qüsl alan zaman, namaz qılan zaman danışmaq, gülmək olarmı?
Oxucu sual verir
Dəstəmaz və qüslün bəzi hökmləri ilə namazın bəzi hökmləri arasında fərq vardır. Belə ki, dəstəmaz və qüsl alan zaman edilməsinə icazə verilən bəzi əməllər namaza maneçilik yaradar. Danışmaq və gülmək də bunlara aiddir. Belə ki, dəstəmaz və ya qüsl alan şəxsin danışması, gülməzi icazəlidir, bununla onun qüslü və dəstəmazı pozulmaz. (Baxmayaraq ki, fikrini əməldə toplamaq, zikrdən əlavə danışmamaq daha yaxşıdır). Amma namaz qılan şəxsin qəsdən danışması və ucadan gülməsi namazı pozar. Qeyd edək ki, danışmaq deyərkən namaza aid olmayan sözləri söyləmək nəzərdə tutulur. Əgər insan namaz əsnasında qeyri-ixtiyari olaraq, namazda olduğunu unudaraq nəsə söyləsə, namaza davam etməli, bitirdikdən sonra dərhal iki səhv səcdəsi yerinə yetirməlidir. Namaz əsnasında gülümsəmək namazı batil etməz (hərçənd ki, bunu etmək yaxşı sayılmır), amma uca səslə, qəhqəhə ilə gülmək namazı pozar.