Allahın Rəhman və Rəhim sifətlərinin fərqi varmı?

Quranın başqa dillərə tərcümələrində “Rəhman” və “Rəhim” sözləri oxşar və bəzən eyni şəkildə mənalandırılsa da, əslində bunların arasında bəzi fərqlər mövcuddur. Bu fərqlər əsasən Qurana yazılmış təfsirlərdə ətraflı şəkildə izah edilir. İslam alimlərinin fikrincə, Allah-Taalanın “Rəhman” sifəti Onun mərhəmətinin çoxluğunu, “Rəhim” sifəti isə mərhəmətin davamlılığını göstərir. Həmçinin, Rəhman – bu dünyada hamıya qarşı mərhəmətli olan, Öz nemətlərini hamıya paylayan Allahı ifadə edir. Allahın Rəhim sifəti isə axirət aləmində möminlərə münasibətdə təzahür edəcək. Dünya həyatında mömin ya kafir olmasına baxmayaraq hər kəs Allah tərəfindən nemətləndirilir. Əgər Allahın Rəhman sifəti olmasa, bütün varlıq aləmi məhv olar. Axirət dünyasında isə yalnız möminlər Allahın Rəhim sifətindən faydalanacaqlar, kafirlərə bu rəhmət fayda verməyəcək.Bu iki adın məna fərqləri barədə daha başqa nəzəriyyələr də mövcuddur ki, onlar barədə təfsir kitablarına müraciət etmək lazımdır.