Dinimiz ölümü həmişə yadda saxlamağı tövsiyə edir. Çünki ölüm qorxusu insanda məsuliyyət hissini gücləndirir və öz əməllərinə nəzarəti artırır. Ölüm barədə düşünən insan hər bir hərəkətinə görə mütləq Allah qarşısında cavab verəcəyinə etiqad bəsləyir. Ölümdən qorxmağa gəlincə, insanda bu duyğunun olması təbiidir. İnsanların inancı eyni səviyyədə deyil. Yalnız məsumlar və övliyalar ölümdən qorxmaz, əcəli tam razılıqla, hətta sevinclə qarşılayarlar. Əksər insanlarda isə ölüm qorxusu duyğusu vardır. Çünki hər kəs öz günahlarından xəbərdardır və bu günahlara görə veriıləcək cəzadan qorxur. Eləcə də, hər kəsin qəlbində bu dünya ilə bağlı müəyyən arzuları, həyata keçməmiş xəyalları olur. Bu arzuları gerşəkləşdirmədən ölmək insana ağır gəlir.
Lakin ölüm qorxusunu da nəzarətdə saxlamaq lazımdır. İnsanın ölümdən hədsiz qorxması bunu göstərir ki, ya bu dünyaya hədsiz dərəcədə bağlıdır, ya da günahları hədsiz dərəcədə çoxdur. Bu iki halın hər biri təhlükəlidir. İnsan onda ölüm qorxusunu artıran səbəbi araşdırıb üzə çıxarmalı və bu səbəbi aradan qaldırmağa səy göstərməlidir. Müsəlman şəxs hər an ölümə hazır olmalı, Allahla görüşü sevinclə qarşılamağı bacarmalıdır. Buna nail olmaq üçün hər kəs əlindən gələni etməlidir.