İslam suallarda
Orucluq zamanı bədənə ağrıkəsici iynə vurdurmaq, qadınlara aid və yaxud bağırsaq şamları qoymaq olarmı?
Oxucu sual verir
Bədənə ağrıkəsici iynə vurdurmaq orucu batil etməz, bu barədə bütün müctəhidlər fikir birliyinə sahibdir. Lakin qidalandırıcı ampul və sistem vurdurmaq barədə müctəhidlərin fətvaları eyni deyildir. Bəziləri (məsələn, Ayətullah Sistani) buna icazə verir, bəziləri (məsələn, Ayətullah Xameneyi, Məkarim Şirazi, Vəhid Xorasani) isə bunu ehtiyata görə qadağan edir. Bu mövzuda hər kəs təqlid etdiyi müctəhidin fətvasını öyrənməli və əməl etməlidir.
Axıcı maye ilə imalə etdirmək orucu batil edər. Lakin bağırsağa yeridilən və ya qadınlar tərəfindən istifadə edilən müalicə şamlarının istifadəsi icazəlidir. Çünki bunlar maye yox, bərk haldadır.