
Müsəlman ayları içində məhərrəmlik və səfər aylarında şadlıq məclislərindən çəkinmək məsləhətdir. Ramazan ayında sevinmək və şadlıq etmək qadağası yoxdur. Məlum olduğu kimi, Ramazan ayının 15-i İmam Həsənin doğum günüdür və müsəlmanlar həmin gün sevinir, bayram mərasimi keçirirlər. Bu mübarək ay ərzində şadlıq məclisində iştirak etmək və sevinmək icazəlidir. Lakin burada bəzi istisnalar vardır. Birincisi, imam Həzrət Əlinin şəhid olduğu gün (21 ramazan) sevinmək və şadlıq etmək bəyənilmir. İkincisi, Ramazan ayında məclis qurarkən axşam azanına kimi süfrə açmaq, çay və yemək vermək olmaz. Məclisin ziyafət hissəsini axşam azanından sonraya saxlamaq məsləhətdir. Nəhayət, hər zaman olduğu kimi, mübarək Ramazan ayında da məclis təşkil edərkən dini qayda-qanunlara riayət etmək lazımdır. Digər aylarda keçirilən məclislər üçün nəzərdə tutulan dini şərtlər bütünlükdə Ramazan ayında keçirilən məclislərə də şamil olur. Əgər bu şərtlərə riayət edilməsə, həm məclis sahibi, həm də iştirak edənlər günah qazanırlar.