Quranda yazıldığına görə, yəhudilərin Allahın oğlu saydıqları Üzeyr kimdir?
Oxucu sual verir
Üzeyrin kimliyi barədə dinlər arasında fikir ayrılığı vardır. Bəzi tədqiqatçılar Quranda “Üzeyr” adlandırılmış şəxsin Bibliyada Yezdra adlandırlan şəxslə eyni olduğunu deyirlər. Bibliyadakı Yezdra Bəni-İsrailin peyğəmbərlərindən olmuş, yəhudilərin Babil əsirliyi dövründə yaşamış, onları Yerusəlimə qaytarmışdır. O, məhv olmuş Tövrat mətnini öz hafizəsindən diktə edərək yazdırmışdı. Bibliyada “Yezdranın kitabı” adlı bölüm vardır. Quranda buyurulduğu kimi, yəhudilər Üzeyri (Yezdranı) “Allahın oğlu” adlandırmışlar (Tövbə, 30). Bəzi tədqiqatçıların fikrincə, Üzeyrə bu ləqəbi verənlər bütün yəhudilər deyil, Yəməndə yaşayan bir qrup yəhudi olmuşdur. Bəzi nəzəriyyələrə görə, Üzeyrin sağlığında hörmət əlaməti olaraq, “Allah adamı” mənasında onu “Allahın oğlu” adlandırırdılar.
Bəzi təfsirçilərin fikrincə, Üzeyr Quranın Bəqərə surəsində, 259-cu ayədə adı çəkilmədən haqqında danışılan şəxsdir. O, dağılmış şəhərlərin birinin yanından keçərkən Allahın əmri ilə qəfil ölmüş, 100 ildən sonra dirilmişdi. Bu hadisə Allahın möcüzələrindən biri sayılır. Bəzi tədqiqatçılar ayədə danışılan şəxsin (Üzeyrin) peyğəmbər olduğunu ehtimal etmişlər.