İnsan öz sağlığında bədən orqanlarından birini başqasına hədiyyə edə və ya sata bilərmi? Qan köçürmək və bunun üçün pul almaq icazəlidirmi?
oxucu sual verir
İslam dinində ən mühüm dəyər insanın həyatı və sağlamlığıdır. İnsanın həyatına ciddi təhlükə törədən hər bir əməl şəriətdə haramdır. Diri insanın öz bədən üzvlərindən birini bu bədən üzvünə ehtiyacı olan xəstə insana verməsi icazəlidir. Amma burada bəzi şərtlər vardır. Şərtlərdən biri budur ki, xəstə insanın həyatı ciddi təhlükə altında olsun və onun yaşaması bədən üzvünün köçürülməsindən asılı olsun. İkinci şərt budur ki, öz bədən üzvünü başqasına verən şəxsin öz həyatı təhlükə altına düşməsin və normal yaşayışına ciddi ziyan dəyməsin. Məsələn, sağlam insanın öz gözünü (onun hissələrini), əlini və ya ayağını başqasına köçürməsi icazəli deyildir, çünki bu halda özünün normal həyatı ciddi çətinlik və ya təhlükə altında qalacaq. Amma həyat və yaşayış üçün ciddi çətinlik yaranmazsa, bədən üzvünün köçürülməsi icazəlidir. Məsələn, iki böyrəyi də sağlam olan şəxsin bir böyrəyini verməsi, onurğa beyninin az bir hissəsinin, dərinin bir hissəsinin xəstə insana köçürülməsi icazəlidir. Bunun müqabilində donor şəxsin pul alması da qadağan deyil.
Qan köçürmək də insanın öz sağlamlığına ciddi ziyan verməzsə izacəlidir: istər hədiyyə edilsin, istərsə pul müqabilində verilsin.