Bədirlənmiş ay və oruc
Son illərdə alimlərin diqqəti bir məsələyə cəlb olunmuşdur: İnsanın ayaq basıb yaxından tanıdığı Ayın insanlar üzərindəki təsiri məsələsi.
Alimlərin araşdırmalarına görə, nəhəng okeanlarda qalxıb-enmələrə səbəb olan bədirlənmiş Ay, vücudunun 80%-ni su təşkil edən insana da təsir göstərir. Orqanizmdə maye mübadiləsi pozulur, beynin nizamlanmış fəaliyyəti ləngiyir və ürək döyüntüsü sürətlənir. Xüsusilə ürək və şəkər xəstəliklərində təhlükəli nəticələr yarada bilən bədirlənmiş Ay, sinir sistemi hüceyrələrinin nizamlı fəaliyyətini pozduğu üçün narahatlıqlar meydana gətirir. Burada orqanizmdəki elektrik cərəyanının iki dəfə artması da böyük rol oynayır. Bədirlənmiş Ayın qadınlara daha artıq təsir etməsi də bir həqiqətdir.
Cinayət faizləri, cinayət hadisələri, intiharlar
1993-cü ilin avqust ayındakı bədirlənmiş Ay günlərində Almaniyada adamöldürmə, dəlilik tutmaları və intihar etmək kimi hadisələrin xeyli dərəcədə artdığı müşahidə edilmişdir. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, bədirlənmiş Ay, təkcə Şimali Avropa ölkələrində deyil, Yer kürəsinin hər yerində insanlara təsir edir. Psixoloqlar bədirlənmiş Ay zamanı insandakı ruhi təbəddülatın sübut edildiyini söyləyirlər.
Ayın bu günlərində dəlilik tutmalarının artdığını müəyyənləşdirmiş fransalı tədqiqatçı Rene Claude Guıllot, törədilmiş cinayətləri tədqiq etmiş və mövzu ilə əlaqədar “Bədirlənmiş Ay dəlilik tutmaları” adlı kitab yazmışdır. Tədqiqatçı söyləyir ki, “təkcə Fransada deyil, Amerikadakı polis qeydlərindən də bədirlənmiş aylı gecələrdə törədilmiş cinayət hadisələrinin sayında artmış olduğunu sübut etmək mümkündür”.
Bundan əlavə, hindistanlı iki alim 1980 və 1984-cü illərdə bədirlənmiş Ay günlərində törədilmiş cinayət hadisələri faizinin aşkar bir surətdə artdığını bildirmişlər. Bu araşdırmalar ciddi bir tibb jurnalı olan ‘Brıtısh Medıcal Journal’da nəşr olunmuşdur.
Tədqiqatçı professor S.R.Thakucha görə, bədirlənmiş Ay günlərində intihar və cinayətlərin artması səbəbi insan orqanizmindəki qabarma dalğalarıdır. Bədirlənmiş Ay zamanı Yer, Ay və Günəş eyni düz xətt üzərində olduqlarından, Ayın insan üzərindəki cazibə qüvvəsi ilə birlikdə orqanizmdəki suyun miqdarı 60%-i aşır. Bunun səbəb olduğu cismi və ruhi dəyişmələr isə, cinayət törətməyə meylləri artırır.
Tədqiqatçılar 5 il ərzində 3 polis məntəqəsinə bildirilmiş cinayət hadisələrini kompüterə daxil edərək, onları bədirlənmiş Ay tarixləri ilə tutuşdurub bu nəticəyə gəlmişlər.
Bədirlənmiş ay
Bədirlənmiş Ay ilə bağlı tədqiqatlar, qaməri ayların ‘əyyami-Bəyz’ adlandırılan 13, 14 və 15-ci günlərində tutulması müstəhəb sayılan orucu xatirimizə gətirdi.
Buxari, Müslim və Nəsainin yazdıqlarına görə, əbu Hüreyrə, Peyğəmbərimizdən rəvayət etmişdir ki: “Dostum, həbibim mənə hər ay üç gün oruc tutmağı tövsiyə etdi”.
Müslimin əbüd-Dərdadan rəvayət etdiyi hədisdə belə buyurulur: “Həbibim, yaşadığım müddətdə hər ay 3 gün tutmağı tövsiyə etdi”.
Beyhəqi, Təbərani, əbu Davud, Nəsai, Tirmizi, əhməd ibn Hənbəl və başqalarının hədis kitablarında bu məsələ ilə bağlı bir çox hədisə rast gəlmək olur. Məsələn, Tirmizi və Nəsai, əbuzərdən Peyğəmbərin bu hədisini rəvayət edirlər: “Ey əbuzər, hər ay 3 gün oruc tutarsan; 13, 14 və 15-ci günləri tut!”
Məlum olduğu kimi, ayın ortasına düşən bu 3 gün, bədirlənmiş Ay günləridir və Peyğəmbər, Ramazan orucundan sonra həmin günlərdə oruc tutmağı tövsiyə edərək belə buyurmuşdur:
“Səbr ayının (Ramazanın) orucu və hər aydan 3 gün oruc tutmaq köksün vəhərini aparar”. “Vəhər” kəlməsi ərəbcə “kin, qeyz, hirs, düşmənçilik, vəsvəsə, hiylə, əsəbiləşmək” mənalarını verir.
Əhməd ibn Hənbəlin “Müsnəd”ində əbuzər, Peyğəmbərdən bu hədisi rəvayət edir: “Hər ay 3 gün oruc tutmaq köksün ‘məğəllə’sini aparar”.
Səhabələr soruşdular: “Ya Rəsuləllah, köksün məğəlləsi nədir?” Peyğəmbər buyurdu: “Şeytanın pisliyidir”.
Əbu Davud və Nəsaidə Qüdamə ibn Milhəm belə deyir: “Peyğəmbər bizə əyyami-bəyzdə (bəyaz günlərdə) oruc tutmağı əmr edərdi və “bu, bütün il boyu oruc tutmaq kimidir” söyləyərdi”.
Peyğəmbər tərəfindən bədirlənmiş Aya təsadüf edən günlərdə oruc tutmağın tövsiyə olunması, həqiqətən Onun qiyamətə qədər davam edəcək möcüzələrindən biridir. Çünki: Peyğəmbər bədirlənmiş Ayın insan orqanizminə zərərli təsirlərindən xəbər verir ki, bu hadisə 14 əsr keçəndən sonra yenicə anlaşılıb və tədqiqatlar hələ də davam etməkdədir.
Peyğəmbər, insanın bu zərərli təsirlərdən qorunmasını tövsiyə edərkən, bunun əlacı yolunu da göstərmişdir.
Bu ikinci əlac yolu hələ alimlər tərəfindən sübut edilməmişdir. Tədqiqatçılar, bədirlənmiş Ay qarşısında orqanizmdəki təbii müvazinəti nə cür qoruyacağımız barədə lazımi bir şey deyə bilmirlər; çünki bu, çox yeni bir məsələdir (!). Amma maddə və mənada rəhbərimiz olan Həzrət Məhəmməd (s) möcüzəli tibbi ilə əsrlərlə irəliyə işıq salır, dönə-dönə tibbi-nəbəviyə diqqəti cəlb edir, ağıl və qəlb sahibi olan doktorları bu sonsuz xəzinəyə dəvət edir.
Görəsən, bədirlənmiş Ayın insan orqanizminə mənfi və zərərli təsirlərini sübut etmiş alimlər, buna qarşı qorunma və müalicə yollarını da kəşf edəcəklərmi? Aradakı 14 əsrlik fərqi nəzərə alıb tələssə idilər, pis olmazdı.