İslamın əsaslarıMəqalələr

Hidayət də, zəlalət də Allahdandır? (İkinci hissə əlavə edilib)

Birinci hissə

Qurani-Kərimdə ən çox rast gəlinən kəlmələrdən ikisi “hidayət” və “zəlalət” kəlmələridir. Bu kəlmələr müxtəlif forma və mənalarda Quranda dəfələrlə xatırlanır. Dindar insan hər gün ən azından gündəlik namazları qılarkən Fatihə surəsini oxumaqla Allahdan onu düzgün yola (sıratəl-müstəqimə) hidayət etməsini diləyir, özünü zəlalətə düçar olmuşların arasında görməməyi arzu edir. Kəlam və əqidə kitablarında da hidayət və zəlalər mövzusu geniş şəkildə araşdırılır, hətta İslam tarixinin bəzi dövrlərində bu mövzuda alimlər arasında qızğın mübahisələr getmişdir.

Bu gün də istər dini mövzulu kitablarda, istərsə də cəmiyyət içində gedən müzakirələrdə hidayət və zəlalət barədə fikirlərə tez-tez rast gəlirik. Xüsusilə, insanları düşündürən, mübahisələrə səbəb olan, əksər hallarda yanlış anlaşılan məsələlərdən biri budur: “İnsanları hidayət edən və zəlalətə salan Allahdır? Əgər Allahdırsa, o halda zəlalətə düşənlərin günahı nədir? Əgər onlar Allahın istəyi ilə azğınlığa düçar olublarsa, niyə axirətdə onlara cəza veriləcək?” Bu suallar əsasən Qurani-Kərimin aşağıdakı ayələrini oxuyan zaman qarşıya çıxır: “…Allah istədiyi kimsəni zəlalətə salar, istədiyini də doğru yola yönəldər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (İbrahim, 4) “…(Allah) dilədiyini zəlalətə salar, dilədiyini isə doğru yola yönəldər. Sözsüz ki, etdiyiniz əməllərə görə sorğu-sual olunacaqsınız!” (Nəhl, 93).

Bu suala cavab verməzdən əvvəl hidayət və zəlalətin mənaları və növləri barədə qısa məlumat verməyi faydalı hesab edirik. Bunları düzgün anlamadan yuxarıdakı suallara qənaətbəxş cavab tapmaq və ya verilən qənaətbəxş cavabı başa düşmək mümkün olmaz. Qeyd edək ki, mövzu kifayət qədər mürəkkəb və əhatəli olduğu üçün, oxucuların asan anlaması xatirinə, hər kəsin başa düşəcəyi şəkildə sadə izahlar verməklə kifayətlənirik, mürəkkəb fəlsəfi və etiqadi bəhslərə girmirik.

“Hidayət” sözünün lüğəti mənası lütf və mehribanlıqla başqasını yönəltmək, ona bələdçilik etməkdir. Yəni hidayətin kökündə yaxşılıq, mehribanlıq, şəfqət hissləri durur. Başqasını pis yola, səhv istiqamətə yönəltməyi heç zaman hidayət adlandırmaq olmaz və buna heç yerdə rast gəlmirik.

Bunun əksi olaraq, “zəlalət” sözünün mənası azmaq, düzgün yolu itirməkdir. Bu iki kəlmə bir-biri ilə tam ziddiyyət təşkil edir. Hidayət və zəlalət, məna etibarilə varlıq və yoxluq kimidir. Yəni birinin olduğu yerdə o biri olmaz. Hidayət olan yerə zəlalət yol tapa bilməz, zəlalətin mövcud olduğu yerdə isə hidayətə yer yoxdur. Hidayət olmasa, onun yerini zəlalət tutar. Beləliklə, zəlalət bir kəsə verilə, bağışlana bilməz, çünki zəlalət – hidayətin yoxluğu deməkdir, yoxluğu (heçi) vermək olmaz. Bir kəsdən hidayətin alınması elə onun zəlalətə salınması deməkdir. Bu mənada Allahın kiməsə zəlalət verdiyini təsəvvür etmək düzgün deyil. Əgər Allah bir kəsi hidayət etməsə, o kəs demək ki zəlalətdədir.

Hidayətin növləri barədə alimlərin fərqli fikirləri vardır. Mövzu ilə bağlı əksər kitablarda hidayəti “təkvini” və “təşrii” olmaqla iki yerə böıürlər. Bundan əlavə, tovfiqi, xüsusi, ümumi, üxrəvi (axirətə aid) hidayət növləri barədə danışan alimlər də olmuşdur. Bu fərqlilikləri daha geniş müzakirələrin öhdəsinə buraxaraq yalnız geniş yayılmış təsnifata əsasən, təkvini və təşrii hidayət barədə məlumat veririk.

Təkvini hidayət Allah tərəfindən istisnasız olaraq hər kəsə lütf edilmiş hidayətdir. Hər bir canlı təkvini hidayətdən faydalanır. Yalnız insanlar deyil, digər canlılar da üstünlüyə çatmaq, yaşamaq, böyümək, inkişaf etmək naminə bu hidayətin imkanlarından istifadə edirlər. Hər bir canlıda doğulduğu andan mövcud olan instinktlər bu hidayətə sübutdur. Əlavə olaraq, insanlar yaradılış etibarilə fitrətən Allahpərəstdirlər, hamının daxilində onu yaradan, yaşadan, qoruyan bir qüvvənin mövcudluğuna inam vardır. Bir nəfər İmam Sadiqdən (ə) Allahın kimliyi ilə bağlı soruşduqda o həzrət gəmiyə minmiş adamları misal çəkərək buyurdu ki, fırtına zamanı gəmidə olan hər kəs qeyri-ixtiyari olaraq bir qüvvəyə ümud edir, həmin qüvvənin ona nicat verəcəyinə inanır, ondan yardım diləyir. Bu, təkvini hidayətlə Özünü bəndələrinə tanıtdırmış Allahdır. İnsan adi vaxtlarda Allahı qəbul etmədiyini söyləsə belə, təhlükə anında yenə Ona sığınır, Ondan yardım diləyir.

İkinci hissə

Quranda Həzrət Musa Peyğəmbər (ə) ilə Fironun söhbətləri bir neçə dəfə təsvir edilib. Söhbətin aşağıdakı hissəsi xüsusilə maraqlıdır: “(Firon) soruşdu: “Rəbbiniz kimdir, ya Musa?” (Musa) belə cavab verdi: “Rəbbimiz hər şeyə Öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir!” (Taha, 49-50). Ayədən göründüyü kimi, Allah yaratdığı hər şeyə hidayət bəxş edir, onu hidayətdən məhrum etmir. Heç kəsi hidayətsiz buraxmamaq Allahın Rəhman və Rəhim sifətinə yaraşan xüsusiyyətdir, sonsuz mərhəmət sahibi olan Yaradan Öz hidayətini heç kimdən əsirgəməz. Ola bilməz ki, zatən rəbb (yəni bəsləyən), zatən mərhəmətli, zatən nemətverən olan Allah zatən yolgöstərən olmasın və Öz bəndələrinin düzgün yola gəlməsini istəməsin.

Allah Öz bəndələrinə o qədər mərhəmətlidir ki, onları təkcə təkvini hidayətin öhdəsinə buraxmır. Allah insanları həm də təşrii hidayətlə doğru yola dəvət edir. Təşrii hidayət şəriət əmrləri ilə, kənar vasitələrlə insanları doğru yola çağırmaq deməkdir. Bunun üçün Allah insanlara peyğəmbərlər göndərir, müqəddəs kitablar nazil edir, alimlərin dili ilə onlara nəsihətlər verir. Quranda da buyurulduğu kimi, heç bir ümmət peyğəmbərsiz qalmamışdır. Fitrətindəki təkvini hidayət yetərsiz olan insanlar təşrii hidayətin vasitəsilə Allaha doğru qayıdırlar.

Əgər insan öz iradəsi və seçimi ilə, öz nəfsinin gücü sayəsində daxilindəki ilahi fitrəti boğsa, təşrii hidayətin vasitələrini də qulaqardına vursa, bu halda zəlalətə düçar olar. Yəni özü hidayət qapılarını öz üzünə bağlayar, hidayətdən tam məhrum qalar. Dediyimiz kimi, hidayətdən məhrumluq da zəlalət, yəni azğınlıq deməkdir. Hidayət mövcud olmayan yerdə zəlalət hökmran olar. Başqa sözlə desək, zəlalət – insanın öz nəfsi ilə baş-başa qoyulması, özbaşına buraxılmasıdır. Obrazlı ifadə ilə desək, Allahın insandan Öz mərhəmət əlini çəkməsi deməkdir. Allah hər kəsi öz başına buraxsa, həmin şəxs zəlalətdə olar. Ona görə hətta məsumlarımız da öz dualarında Allaha yalvarırdılar ki, onları bir an belə özbaşına buraxmasın, Öz mərhəmət nəzərindən uzaq salmasın. Böyük alim Seyyid ibn Tavus “İqbal” kitabında Ramazan ayının 17-ci gününə aid duaların içində belə bir duanı da qeyd etmişdir: “İlahi, məni heç zaman bir göz qırpımı qədər də olsa, özbaşına buraxma, məni Öz yaratdıqlarından heç kimə möhtac etmə, qəlbimi Sənə itaətdə sabit (dəyişməz) et!”

Zəlalət insanın öz iradəsi ilə düşdüyü bir haldır. Bunun üçün Allahı günahkar bilmək yanlışdır. Qurani-Kərimin bu ayəsi də dediklərimizə sübut ola bilər: “Allahın insanlara əta etdiyi mərhəmətə (verdiyi nemətə, ruziyə) heç kəs mane ola bilməz. Onun vermədiyi bir şeyi də Özündən başqa heç kəs göndərə (verə) bilməz. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (Fatir, 2). Göründüyü kimi, ayədə Allah tərəfindən insanın üzünə açılmış mərhəmət və nemət qapısının Allahdan başqa heç kim tərəfindən bağlana bilməməsi buyurulub. Yəni ilahi rəhməti və sonsuz nemətləri Allah bir kimsəyə layiq bilibsə, həmin kimsəni bundan heç kim məhrum edə bilməz. Allahın nemətlərini bəndələrdən əsirgəməyə heç kimin qüvvəsi çatmaz (Allahın Özündən savayı). Amma diqqət yetirsək görərik ki, ayənin davamında əzab qapısından söhbət açılmır, sadəcə olaraq, Allahın bir kəsə mərhəmət etməməsindən danışılır. Mərhəmət etməmək dolayısı ilə insanı özbaşına buraxmaq mənasındadır; bu isə elə zəlalətin özüdür. Əgər Allah bir kimsəni Öz mərhəmətindən məhrum edib, özbaşına buraxsa, heç kəs ona yiyə dura və onu xilas edə bilməz. Çünki qeyri-məhdud qüvvət sahibi yalnız Allahdır, Onunla qarşı-qarşıya dura biləcək, Onun iradəsinə əks çıxacaq heç bir qüvvə yoxdur.

Zəlalətə düşmüş insan yalnız özünü təqsirkar bilməlidir. Bu vəziyyət onun günahlarının cəzasıdır. Bu cəza ona əbəs yerə deyil, əməllərinə görə verilmişdir. Yəni insan öz əməl və davranışları ilə hidayətə latiq olmadığını göstərmiş, daxilindəki təkvini hidayət nurunu söndürmüş, təşrii hidayət imkanlarını da heçə endirmişdir. Zəlalət – təkvini hidayət kimi başlanğıcdan qazanılmış ibtidai bir hal deyil, təşrii hidayət kimi də sonradan insana verilmir. Zəlalət – insanın öz əməlləri sayəsində hidayət qapısını öz üzünə bağlamasının nəticəsidir.

(Məqalədə Əllamə Təbatəbainin və Ayətullah Cəvadi Amulinin mövzu barədə fikirlərindən istifadə edilmişdir).

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button