Yerdənkənar sivilizasiyalar haqqında dinimizdə nə isə deyilirmi?
Ümumi şəkildə deyə bilərik ki, bu mövzuda dünyəvi elmin qəti cavabı olmadığı kimi, dini məlumatlardan da qəti nəticə almaq çətindir. Məsumların bəzi hədislərində və Qurani-Kərimin bəzi ayələrinə verilmiş şərhlərdə yerdənkənar sivilizasiyaların mövcudluğunu təsdiq edən işarələr vardır. Məsələn, alimlər “Fatihə” surəsinin “rəbb əl-aləmin” ifadəsindəki “aləmin” kəlməsini yaşadığımız aləmlərdən fərqli olan digər aləmlərlə əlaqələndirirlər. Bəzi təfsirlərdə yazılır ki, Quranda rast gəlinən “yeddi göy, yer və onlarda olanlar” ifadəsində yalnız səmada uçan quşlar və mələklər deyil, bizim xəbərimiz olmyan digər məxluqlara, o cümlədən, başqa planetlərdə yaşayan canlılara işarə edilib.
Bu barədə hədislərdən nümunələr: “Səmada gördüyümüz bu ulduzlar yerdəki şəhərlər kimi şəhərdir. Bu şəhərlər bir-biri ilə nur sütunu vasitəsilə əlaqə saxlayırlar” (İmam Əli). “Allah-Təala min-min (milyon) aləm və min-min Adəm yaratmışdır. Biz bu aləmlərin sonuncusunda yaşayırıq və sonuncu Adəmin nəsliyik” (İmam Baqir). Yenə İmam Baqir (ə) buyurmuşdur ki, Allah bizim günəşdən əlavə daha 40 günəş, bizim aydan əlavə daha 40 ay xəlq edib. Bu günəşlərin və ayların bir-birindən məsafəsi 40 illik yoldur. Onların hər birində çoxlu canlılar yaşayır və bu canlıların bizim mövcudluğumuzdan heç bir xəbəri yoxdur.
Klassik ədəbiyyatda da 18 min aləmdən söz açılır.
Bir daha qeyd edirik ki, bu məlumatlar qəti deyil, onlara fərqli izahlar verilmişdir.