Peyğəmbərin əxlaqı hədislərdə (ikinci hissə əlavə olunub)
Yer üzünə gəlib-getmiş insanların ən xeyirlisi olan Həzrət Mühəmməd Peyğəmbərin (s) əxlaqı və davranışı barədə mənbələrdə minlərlə hədis vardır. O həzrət öz danışıq və sükutu, sevinc və qəzəbi, oturub-durmağı ilə səhabələrə nümunə idi. Peyğəmbərin hərəkətlərini izləyən hər kəs ən gözəl əxlaqi xüsusiyyətləri Ondan öyrənirdi. Səhabələr gecə-gündüz Onu izləyir, təqlid edir, Onun davranışlarını nümunə kimi bir-birinə ötürürdülər. Peyğəmbərlə (s) ünsiyyətdə olmuş heç kəs Onun əxlaqında zərrə qədər də olsa nöqsan görməmiş, xoşagəlməz cəhət sezməmişdir. Xanımı Aişənin dediyi kimi, Həzrətin əxlaqı sanki Quranın özü idi. Quran ayələri necə ali, ülvi dəyərləri ehtiva edirsə, Peyğəmbərin hər bir hərəkəti də o qədər pak və əxlaqi idi. Quranın təbliğ etdiyi bütün yüksək bəşəri əxlaq normalarını Həzrət öz həyatı boyunca ən yüksək səviyyədə yaşayır və ətrafdakılara aşılayırdı.
Aşağıda Peyğəmbər Əfəndimizin (s) gözəl əxlaqı barədə dini mətnlərdəki bəzi nümunələri diqqətə çatdırırıq.
1. Uzun illər Mədinədə Peyğəmbərə (s) xidmət etmiş səhabə Ənəs ibn Malik deyirdi ki, o həzrət Mədinəyə daxil olanda Əbu Təlhə (Ənəsin atalığı) əlimdən tutub, məni Onun yanına apardı və söylədi: “Ey Allahın Rəsulu! Ənəs zəkalı uşaqdır, qoy sənə xidmət etsin”. Mən (yəni Ənəs) Peyğəmbərə həm səfərlərdə, həm də Mədinədə xidmət etdim. Vallahi, heç zaman etdiyim bir işə görə mənə: “bunu niyə belə etdin?” deyə acıqlanmadı. Etmədiyim heç bir işdən ötrü də “bu işi niyə filan cür etmədin?” deyə danlamadı.
Mənbə: Səhih Müslim, Kitab əl-Fəzail, bab 13; Səhih əl-Buxari, Kitab əl-Ədəb, bab 39.
2. Əbu Abdullah Cədəli rəvayət edir ki, Aişədən soruşdum: “Rəsulüllahın (ə) ailə üzvləri ilə əxlaqı necə idi?” Cavab verdi: “O, əxlaq baxımından insanların ən gözəli idi. Çirkin sözlər danışmaz, çirkin işlərə can atmazdı. Küçə-bazarda qışqırmaz, pisliyə pisliklə cavab verməz, bağışlayardı”.
Mənbə: Səhih əl-Buxari, 8-ci cild, s.55; Səhih Müslim, Kitab əl-Məsacid, bab 48; Müsnədi-Əhməd, 3-cü cild, s.212, 6-cı cild, s.236.
3. Yenə Ənəs ibn Malik deyir: “Peyğəmbər heç kimi söyməz və lənətləməzdi. Lazım olduğundan artıq danışmazdı”.
Mənbə: Səhih əl-Buxari, Kitab əl-ədəb, bab 44; Müsnədi-Əhməd, 3-cü cild, s.144.
4. Cabir ibn Səmürədən soruşdular: “Sən də Peyğəmbərlə eyni məclisdə otururdunmu?” Cavab verdi: “Bəli. O, çox susar, az gülərdi. Səhabələr Onun yanında şeir deyər, öz işlərindən danışar, gülər və gülümsəyərdilər”.
Mənbə: Səhih Müslim, Kitab əl-Məsacid, bab 25.
5. Zeyd ibn Sabitdən xahiş etdilər ki, onlara Peyğəmbərdən danışsın. Dedi: “Biz dünyəvi məsələlərdən söz açanda O da bizə qoşulardı. Biz yeməkdən danışanda O da bizimlə birlikdə yeməkdən söhbət edərdi”.
Mənbə: Beyhəqi, Dəlail əl-Nübüvvə, 1-ci cild, s.324.
6. Ənəs xatırlayırdı ki, Allahın Rəsulu (s) səhabələrdən biri ilə görüşəndə onunla birlikdə ayaq üstə durardı (onu ayaq üstə saxlayıb özü oturmazdı), danışdığı adam ayrılıb getməyincə özü ayrılıb getməzdi.
Peyğəmbər (s) uşaqların yanından keçəndə onlara: “əs-səlamu əleykum, uşaqlar!” deyə, salam verərdi.
Mənbə: Sünən əl-Nəsai, Kitab əl-Təharə, bab 169; İbn Həcər, Fəth əl-bari, 11-ci cild, s.33 və 56; Müsnədi-Əhməd, 3-cü cild, s.183.
7. Abdullah ibn Abbasın rəvayətində deyilir: Məkkə müşrikləri Peyğəmbərdən (s) tələb etdilər ki, Səfa təpəsini onlar üçün qızıla çevirsin, əkin əkmələri üçün dağları ərazidən uzaqlaşdırsın. Allahdan vəhy gəldi: “Sən onlara acıya və yumşaq davrana bilərsən. Əgər istədiklərini ona verməyimi istəsən, onlar isə bundan sonra haqqı inkar etsələr, əvvəlki ümmətləri həlak etdiyim kimi onları da məhv edərəm”. Peyğəmbər (s) isə buyurdu: “Xeyr! Mənim onlara yazığım gəlir, onlarla yumşaq davranmaq istəyirəm”.
Mənbə: Müsnədi-Əhməd, 1-ci cild, s.258; İbn Kəsir. Əl-Bidayə və-n-nihayə, 3-cü cild, s.52.
8. Əbu Hüreyrə rəvayət edir: Tüfeyl ibn Əmr Dəvsi Peyğəmbərin (s) hüzuruna gəlib xəbər verdi: “Dəvs qəbiləsi üsyan etdi, müsəlman olmaqdan boyun qaçırdı. Sən də əvəzində onlara bəd-dua (qarğış) et!” Həzrət qibləyə dönüb əllərini dua üçün səmaya qaldırdı. Səhabələr Onun qarğış etdiyini düşünüb dedilər: “Dəvs qəbiləsi həlak oldu!” Amma gördülər ki, Peyğəmbər (s) belə dua edir: “İlahi! Dəvs qəbiləsini haqqa hidayət et, onları azğınlıqdan geri çevir”.
Mənbə: Səhih əl-Buxari, 4-cü cild, s.54; Səhih Müslim, Kitab Fəzail əl-səhabə, 197; Müsnədi-Əhməd, 2-ci cild, s.243, 448 və 502.
9. Aişə demişdir: “Allahın Rəsulu qadınlı-kişili heç bir xidmətçini vurmadı, Allah yolunda cihaddan savayı heç nəyi əliylə vurub döymədi. Ona dəyən heç bir ziyan üçün intiqam almadı. Yalnız bir kəs Allahın haramlarını pozsaydı, Allah yolunda onu cəzalandırardı”.
Mənbə: Səhih Müslim, Kitab əl-Fəzail, bab 20, hədis 79.
10. Hind rəvayət etmişdir: “Allahın Rəsulu (s) dünyadan və dünya işlərindən ötrü qəzəblənməzdi. Bir kəsin haqqı tapdananda qisasını almadıqca heç nə onu sakitləşdirməzdi. Amma şəxsinə qarşı edilənlər üçün hirslənməz və intiqam almazdı”.
Mənbə: Təbrisi, Məkarim əl-əxlaq, s.23.
(ikinci hissə)
11. Ənəs ibn Malik deyir: Allahın Rəsulu (s) ilə birlikdə gedirdim. Həzrətin əynində Nəcran qumaşından qalın ətəkli cübbə var idi. Bir bədəvi ərəb gəlib, Peyğəmbərin (s) cübbəsini möhkəmcə dartdı. Gördüm ki, bunun nəticəsində Həzrətin çiynində cübbənin izi qaldı. Bədəvi dedi: “Ey Məhəmməd! Əmr ver, səndə olan Allahın malından mənə nəsə versinlər!” Allahın Rəsulu (s) bədəviyə baxıb gülümsədi, sonra tapşırdı ki, onunla yaxşı davransınlar.
Mənbə: Səhih əl-Buxari, Kitab əl-Libas, bab 7, 18; Səhih Müslim, Kitab əl-Zəka, hədis 128; Sünən Əbu Davud, Kitab əl-ədəb, bab 1 və s.
12. Əbu Hüreyrədən rəvayət edilib ki, Peyğəmbərə dedilər: “Ya Rəsuləllah! Müşriklərə bəddua et!” Allahın Rəsulu (s) cavab verdi: “Mən lənət edən olaraq yox, rəhmət olaraq göndərilmişəm”.
Mənbə: Səhih Müslim, hədis 2007; Təbərani, Mücəm əl-kəbir, 19-cu cild, s.189.
13. Yenə Əbu Hüreyrə rəvayət edir: Allahın Rəsulu (s) Məkkəni fəth etdikdən sonra Kəbəni təvaf etdi, Kəbənin içində iki rükət namaz qıldı. Sonra Kəbənin qapılarından tutub buyurdu: “İndi sizin haqqınızda nə hökm verəcəyimi düşünürsünz?” Qüreyşlilər üç dəfə dedilər: “Sən bizim qardaşımız, əmioğlumuzsan. Sən ürəyiyumşaq və mehribansan”. Peyğəmbər (s) onlara belə cavab verdi: “Mən də Yusifin (ə) öz qardaşlarına buyurduğu sözü deyəcəyəm: Bu gün sizin üçün heç bir başqaxancı və aşağılama yoxdur. Allah sizi bağışlasın. O, mərhəmət edənlərin ən mərhəmətlisidir”. Camaat canki qəbirdən çıxırmış kimi dəstə-dəstə gəlib İslamı qəbul etdi.
Mənbə: Sünən Əbu Davud, Kitab əl-Bəs, hədis 24; İbn Həcər, Fəth əl-bari, 7-ci cild, s.211.
14. Əbu Hüreyrədən rəvayət edirlər ki, bir bədəvi ərəb Peyğəmbərin (s) yanına gəlib ona yardım etməsini istədi. Peyğəmbər ona müəyyən ehsanat etdi, sonra soruşdu: “Mən sənə yaxşılıq etdim, doğrudurmu?” Bədəvi cavab verdi: “Yox, yaxşılıq etmədin!” Müsəlmanlar qəzəblənib bədəvinin üstünə cumdular, amma Allahın Rəsulu (s) onları sakitləşdirib buyurdu ki, bədəviyə ziyan vurmasınlar.
Sonra evinə getdi, bədəvini də evinə çağırdı. Peyğəmbər (s) bədəvi ərəbə yenə bir qədər ehsanat etdi, o da razı qaldı. Peyğəmbər (s) buyurdu: “Sən bizim yanımıza gəldin, biz sənə bəzi şeylər verdik, amma sən dediyini dedin. Sənin sözlərin müsəlmanların zehnində iz buraxdı. Əgər istəyirsənsə, indi mənə dediklərini onların da qarşısında de. Belə etsən, sənin haqqında onların zehnindəki pis fikir silinər”.
Bədəvi razılaşdı, axşam (və ya ertəsi gün) yenə gəldi. Peyğəmbər (s) müsəlmanlara üz tutub buyurdu: “Bu qardaşımızın qarnı ac idi, bizdən yardım istədi, biz də ona verdik. O, dediyini dedi, sonra biz onu evə çağırıb, bir az da ehsanat etdik. O da razı qaldığını söylədi”. Sonra bədəvidən soruşdu: “Doğrudurmu?” Bədəvi cavab verdi: “Bəli, Allah bu yaxşılığın əvəzini ailə üzvlərin və qohumlarınla bağlı versin”.
Peyğəmbər buyurdu: “Mənimlə bu bədəvinin əhvalatı ona bənzəyir ki, sanki bir nəfərin dəvəsi hürküb qaçır. Adamlar dəvənin arxasınça düşərlər, amma onu daha da hürküdüb qovmaqdan başqa bir şey bacarmazlar. Dəvənin sahibi deyər: “Mənimlə dəvəmin arasından çəkilin, mən onunla daha mehriban davranaram”. Sonra yerdən bir az çör-çöp yığıb dəvəyə uzadar. Dəvə yaxın gəlib yerə çökər, sahibi də onu səfərə hazırlayıb belinə qalxar. Əgər bu bədəvi ərəb sözlərini deyəndə mən sizi özbaşına buraxsaydım, siz onu öldürərdiniz, o da bu halla cəhənnəmə düşərdi”.
Mənbə: Heysəmi. Məcmə əl-zəvaid, 9-cu cild, s.15.
15. Ənəs ibn Malik rəvayət edir ki, Peyğəmbər (s) buyurmuşdur: “Mən namazı uzun qılmaq istəyərək namaza başlayıram. Bu arada bir körpənin ağlamaq səsini eşidirəm. (Camaat namazında arxamda duran) ananın bu ağlama səsindən çox narahat olacağını düşünüb namazı qısa qılıram”.
Mənbə: Səhih əl-Buxari, Kitab əl-Əzan, bab 65; Müsnədi-İbn Hənbəl, 3-cü cild, s.109.
16. Yenə Ənəs rəvayət edir: “Mən Allahın Rəsuluna (s) on il xidmət etdim. Məni nə təhqir etdi, nə də vurdu. Heç üzünü də turşutmadı. Bir işdə səhlənkarlıq etdimsə, üzümə vurmadı və o işi mənə təkrar gördürmədi. Ailə üzvlərindən kimsə mənə qəzəblənsəydi, Həzrət buyurardı: “Ondan əl çəkin. Bir iş Allahın qəzavü-qədərində olsaydı, baş verərdi”.