Mübarək Rəcəb ayının əməlləri
Mübarək Rəcəb ayı - Allah qonaqlığı üçün səfərə hazırlıq aylarından birincisidir.
Bu ay – tövbə diləmə, bağışlanma istəmə, ləyaqət və şərafət əldə etmə, yalandan, qeybətdən, böhtandan, qorxaqlıqdan, yaltaqlıqdan, hər bir eybəcərlikdən müalicə olunma ayıdır.
Rəcəb ayı haqqında İmam Cəfər Sadiqdən (ə) nəql edirlər:
“Qiyamət günü carçı ərşin bətnindən bir fəryad çəkər: “Eynər-racəbiyyun? (haradadır rəcəb ayının əhli?)”. Və insanlardan bir qrup ayağa qalxar və onların simasının nuru topluma işıqlıq və nuraniyyət verər. Bu insanların başlarının üzərinə dürr və yaqutla zinətlənmiş sultanlıq tacları qoyular. Onların hər birinin sağ tərəfində min mələk və sol tərəfində min mələk olar. Və (mələklər) söyləyərlər: “Ey Allahın bəndəsi! Xoş gəlmisən! Allahın sənə əta etdiyi sənin üzərinə mübarək olsun!”. Bu zaman Allah (cəllə-cəlaluh) tərəfindən nida gələr: “Ey mənim qadın və kişi bəndələrim! İzzət və cəlalıma and olsun ki, sizin mübarək məqamınızı əziz tutacağam və sizə çoxlu sayda ətalar bəxş edəcəyəm və sizə behiştdə saraylar verəcəyəm ki, orada çaylar axır. Və orada əbədi qalacaqsınız. Və nə gözəl mükafatdır o kəslər üçün ki, çalışmışdırlar. Siz könüllü surətdə – Mənim xatirimə, bir ayda ki, onun hörmətini uca tutdum və haqqınin riayət olunmasını vacib bildim – oruc tutdunuz. Ey mənim mələklərim! Bu kişi və qadın bəndələrimi behiştə aparınız!”. Bu mükafat o kəs üçündür ki, bu ayın bir miqdarında oruc tuta. Və hətta 1 gün olsa da belə: əvvəlində, ortasında və ya axırında”.
Rəcəb ayının əməllərindən
İslam mənbələrində göstərilib ki, Rəcəb ayında hər gün səhər və axşam, namazlardan sonra bu duanı oxumağın çox böyük savabı vardır.
Əvvəl deyirsən:
”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu, ya mən yu`ti mən ləm yəsəlhu və mən ləm yərifhu təhənnunən minhu və rəhmətən. Ə`tini biməsələti iyyakə cəmiə xəyrid-dünya və cəmiə xəyril axirəh, vəsrif ənni biməsələti iyyakə cəmiə şərrid-dünya və şərril axirəh, fə-innəhu ğəyru mənqusin ma əətəytə və zidni min fəzlikə ya Kərim.”
Tərcüməsi:
“Ey o Kəs ki, Ondan bütün xeyirlərə ümidim var və bütün şərlər yanında Onun qəzəbindən aman axtarıram. Ey o Allah ki, mənim az əməlimin müqabilində çox əta edir. Ey o Allah ki, Ondan istəyənə əta edir. Ey o Allah ki, Ondan istəməyənə də əta edir. Və (hətta) Onu tanımayana da əta edir. İndi mən gəlmişəm, öz dilimlə istəyirəm. Sən Öz geniş rəhmətinlə mənə əta et. İlahi, Pərvərdigara! Mənə bu dünyanın və axirətin bütün xeyirlərini nəsib et. İlahi, məndən bütün bu dünyanın və axirətin şərlərini uzaq et!”
Sonra saqqalı varsa sol əli çənəyə (və ya saqqalı yoxdursa başa) qoyub (qadınlar sadəcə oxuyurlar), sağ əlin şəhadət barmağını qibləyə tərəf tutub bir qədər qaldıraraq deyirsən: “Ya zəl-cəlali vəl ikram, ya zənnə’mai vəl cud, ya zəlmənni vət-təvli, hərrim şəybəti ələn-nar” (sol əlini başına qoyan “şeybəti” sözünün yerinə “şəri ” desin).
Tərcüməsi:
“Ey cəlal sahibi və əta edən! Ey nemət və mərhəmət sahibi! Ey əta edənlərin ən səxavətlisi! Mənim ağarmış saçlarımı Cəhənnəm odundan qoru, ey mərhəmətlilərin ən mərhəmətlisi”.
Rəcəb ayının ilk gecəsi (yəni, cəmaduyəs-sani ayının axırıncı günündən rəcəb ayının ilk gününə keçən gecə) bu duanı oxumaq tövsiyə edilmişdir: “Əllahummə bərik lənə fi racəbin və şəbənə və bəlliğnə şəhra-Raməzan” (Duada Allah Təaladan 3 mübarək ayın – Rəcəb, Şəban və Ramazan aylarının fəzilətlərinin əta edilməsi istənilir)
Rəcab ayının ilk cüməsinin gecəsi (yəni Rəcəbin ilk cümə axşamından ilk cüməsinə keçən gecə) “leylətul-rəğayib” adlanır. Bu gecəni ibadət və dualarla keçirmək tövsiyə olunub.
Rəcəb ayının əvvəl, orta və axır günlərində qüsl almaq müstəhəbdir və bu əməl günahların bağışlanmasına səbəb olar.
Rəcəb ayının bütün günləri oruc tutmaq müstəhəbdir və günahların bağışlanmasına səbəb olar. Hər kəs də qismət olan miqdarda bu günlərdən bəhrələnə bilər.
Rəcəb ayında ən azı 3 gün oruc tutmağın çox böyük fəziləti vardır. O kəslər ki, Rəcəb ayında oruc tutmaq imkanları yoxdur, onun yerinə sədəqə versinlər (imkanları çərçivəsində). Oruc tutmağa və sədəqə verməyə imkanı olmayan insanlar, əvəzində zikrlər deyə bilərlər.
Rəcəb ayında Məsumların (ə) mübarək hərəmlərini ziyarət etməyin böyük fəziləti vardır.
Rəcəb ayında tövbə və istiğfar etməyin və təhlil (lə iləhə illəllah) deməyin böyük fəziləti vardır.
Həzrət Rəsulullahdan (s) nəql edilir: “Hər kim rəcəb ayında 100 dəfə söyləyə: “əstəğfirullahəl – ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh” və oxuduğu duanı sədəqə ilə xətm edə (başa çatdırsa), Allah Təala da onun durumunu rəhmət və bağışlama ilə xətm edər. Və hər kim (bu zikri) 400 dəfə desə, onun üçün 100 şəhidin savabı yazılar”.
Rəcəbin 15-nin gecəsində (14-dən 15-nə keçən gecə) 12 rükət namaz ricaən (qəbul olma ümidi) niyyəti ilə qılmaq bəyənilmişdir;
Rəcəb ayının 15-də qüsl almaq, oruc tutmaq, İmam Hüseyni (ə) ziyarət etmək – bəyənilmiş əməllərdəndir.
Həzrət Peyğəmbər (s) buyurub: “Rəcəb ayı ümmətimin bağışlanma ayıdır. Ona görə bu ayda çoxlu bağışlanma istəyin ki, Allah bağışlayan və mehribandır. Bu ayda ümmətimə Allahın rəhməti daha çox nazil olar. Çoxlu deyin: “Əstəğfirullahə və əs’əluhut-tövbə”.