İslam bu gün, sabahMəqalələr

Qəribə elmlər (İkinci hissə əlavə edilib)

(birinci hissə)

Əsrlər boyunca insanları maraqlandıran, müxtəlif mübahisələrə səbəb olan mövzulardan biri də qəribə elmlərdir (ülumi-qəraib). Müasir dildə bunlara metafizik, mistik biliklər və fövqəltəbii hallar deyilir. Tarixin hər bir mərhələsində qəribə elmlərə böyük maraq olmuşdur. Dünya sivilizasiyalarının əksəriyyətinin tarixində bu iş sahiblərinin cəmiyyətdə böyük şöhrət sahibi olmasının, bəzən isə dövlət və din tərəfindən təqib edilməsinin şahidi oluruq. Xüsusilə, Şərq dünyasına məxsus qədim Misir, Babilistan, fars, ərəb sivilizasiyalarında qəribə elmlər geniş yayılmışdı. Digər rasional elmlərlə yanaşı, bu elmlər də xüsusi məktəblərdə və ya fərdi formada öyrədilir, gündəlik həyatda praktikaya tətbiq edilirdi. Orta əsrlər Avropasında bu işlərlə məşğul olanları cadugər adıyla təqib edir, inkvizisiya məhkəmələrində mühakiməyə məruz qoyur, əksər hallarda tonqalda yandırır, suda batırır yaxud digər üsullarla edam edirdilər. Cadugərliklə yaxından-uzaqdan əlaqəsi olmayan şəxslər, hətta kilsənin bəyənmədiyi və qəbul etmədiyi elmi bilikləri yayan alimlər də qəribə elmlərlə məşğul olmaq ittihamı ilə üzləşirdilər. Aşağıdakı məqalədə qəribə elmlərin təsnifatı, mövzusu, İslam tarixində yeri və İslam dininin bunlara münasibəti haqqında qısaca da olsa məlumat verməyə çalışacağıq. Diqqətdən qaçırmamalıyıq ki, mövzu əqli və rasional çərçivəni aşdığına görə bu barədə düzgün və qərəzsiz informasiya əldə etmək çətindir.

Bəzi tədqiqatçıların fikrincə, müsəlmanların arasına qəribə elmlər qədim Misir, Babil, yunan, zərdüşti mədəniyyətlərindən keçmişdir. İslam fəthləri nəticəsində bu yerlərin əhalisi ilə qaynayıb-qarışan, yerli kahinlərlə ünsiyyət quran, fəth olunmuş torpaqlardakı kitabxanaların fondu ilə tanış olan müsəlmanlar bu elmlər barədə biliklərini artırdılar, bilmədiklərini öyrəndilər. Xüsusilə, Abbasilər dövründə ərəb dilinə tərcümə edilmiş kitablar buna təkan verdi. Lakin İslamdan əvvəlki ərəblər arasında da bir qism qəribə elmlərin yayılması faktını unutmamalıyıq.

Qədim yunan alimlərindən Pifaqor və Apolloniy görkəmli riyaziyyatçı olmaqla yanaşı, həm də metafizik elmlərin bilicisi sayılırdılar. Əməvi xəlifəsi Xalid ibn Yezidin zamanında Stefanus adlı xristian tərcüməçi qədim yunan alimlərinin əlkimiya və astrologiya mövzusunda kitablarını ərəb dilinə çevirmişdi. Deyilənlərə görə, böyük müsəlman alimi Cabir ibn Həyyan da əlkimiya ilə məşğul olurdu.
Qəribə elmlər deyərkən, əksər insanların öyrənib istifadə edə bilmədikləri sirrli biliklər nəzərdə tutulur. Bunların obyekti bəzi fövqəltəbii qüvvələrdir, həmin qüvvələri öyrənmək və nəzarətdə saxlamaq insana qeyri-adi işlər görmək bacarığı qazandırır.

Qəribə elmlərə münasibət birmənalı deyildir. Bəziləri ümumilikdə bunların mövcudluğunu və həqiqətini inkar edir, hamısını gözbağlıca qismindən sayır, yaxud insanın özünə təlqin etməsi ilə bağlı olduğunu deyirlər. Bəziləri qəribə elmlərin bir qisminin mövcudluğunu qəbul edir, amma bunlarla məşğul olmağı qəti surətdə, qeydsiz-şərtsiz olaraq haram (günah) sayırlar. Bəziləri isə zərurət halında bu elmlərə müraciət etməyi, əsas qaydaları gözləmək şərti ilə onları öyrənib-öyrətməyi icazəli bilirlər.
Həm astronomiya, riyaziyyat kimi rasional dünyəvi elmlərin, həm fiqh, hədis, təfsir kimi adi dini elmlərin, həm də qəribə elmlərin mahir bilicisi olmuş Şeyx Bəhai (1547-1622) aşkar elmlər, yəni “ülumi-cəliyyə” qarşısında gizli elmlər, yəni “ülumi-xəfiyyə” ifadəsini işlədirdi. Səbəbini də bununla izah edirdi ki, aşkar elmləri açıq şəkildə mədrəsələrdə öyrədilir, məclislərdə müzakirə edilir və bu elmlərin kitabları tanınır. Amma gizli elmlər, onlaın əhli (yəni layiqi) olmayanlardan gizlədilir, hikmət sahibləri bu elmləri gizlində tədris edirlər, bu elmlərə aid kitablar da simvolik dildə, rəmzlərin vasitəsilə yazılır.

Daha sonra Şeyx Bəhai qeyd edir ki, gizli elmlər 5 hissədən ibarətdir: kimiya, limiya, himiya, simiya və rimiya (bunların mənası barədə məqalənin növbəti bölümlərində məlumat verəcəyik). Bu elmlər haqqında keçmiş alimlərdən biri irihəcmli bir kitab yazmış və adını “Külluhu sirr” qoymuşdu. Şeyx Bəhai qeyd edir ki, o, hicri 957-ci (yəni miladi 1550-ci) ildə Herat şəhərində həmin kitabı görmüşdür və bu kitab bu mövzuda yazılmış ən gözəl əsərdir. Həmçinin, Şeyx Bəhai qəribə elmlər mövzusunda daha bir kitabın adını çəkərək yüksək qiymətləndirir. Söhbət 5 elmdən üçünü – limiya, himiya və simiyanə əhatə edən “Sirr əl-məktum” kitabından gedir ki, məşhur alim İmam Razi (Fəxrəddin Razi) tərəfindən qələmə alınmışdır (Şeyx Bəhai. Kəşkul, səh. 537).

Qəribə elmlər Abbasilər xilafətinin zamanında yüksək səviyyədə tədqiq edilirdi. Monqolları tərəfindən Abbasi xilafətinin süqut etməsindən sonra, Elxanilər, Teymurilər və Səfəvilər zamanında da bu elmlərlə məşğul olan çoxlu alim yaşamışdır. XIII əsrdə monqolların müsəlman məmləkətlərinə hücumundan sonra mistik elmlərə maraq kəskin şəkildə artdı. Bəzi tədqiqatçılar bunu əqli elmlərin mütəxəssisi olan alimlərin böyük hissəsinin monqol hücumu zamanı öldürülməsi və kitabxanaların dağıdılması ilə bağlayırlar. Bəzilərinin fikrincə, monqol hücumunun dəhşəti insanlarda ümidsizlik və çaşqınlıq yaratmış, buna görə insanlar mistik elmlərə bağlanaraq, bu yolla fəlakətlərdən çıxış yolu axtarmağa çalışmışlar.

(ikinci hissə)

Monqol əsilli Elxanilər öz inanclarına uyğun olaraq mistik biliklərə ciddi əhəmiyyət verirdilər. Xüsusilə, bu sülalənin İslamı qəbul etməzdən əvvəlki hökmdarları barədə bunu demək yerinə düşür. Məsələn, Hülaku xan rasional elmlərə hər nə qədər meyilsiz olsa da (Nəsirəddin Tusi çox çətinliklə onu Marağa rəsədxanasını inşa etməyə razı sala bilmişdi), ölümdən sonrakı həyatla bağlı ciddi şəkildə maraqlanırdı. Hülakunun anası vəfat edəndə onun axirət həyatına kömək etməsi üçün bir neçə şəxsi öldürüb, anası ilə birlikdə dəfn etdirmişdi (bununla bağlı Hülaku ilə Nəsirəddin Tusi arasında baş vermiş hadisə məşhurdur).

Bəziləri bu görüşü müdafiə edirlər ki, mistik elmlərə təmayülün artması sufiliyin geniş yayılması ilə bağlıdır; təsəvvüfdəki kəşfü kəramət məfhumu, şeyxlərin möcüzə və kəramətləri barədə xəbərlər buna təkan vermişdir. Hər bir halda, XIII-XV əsrlər qəribə elmlərin intişarı ilə xarakterizə edilir (bax: d-r M.Govhəri və d-r M.Kazimbəgi. “Monqolların hücumundan sonra qəribə elmlərin vəziyyəti (Molla Hüseyn Vaiz Kaşifinin əsərləri misalında)” məqaləsi, “Tarix və fərhəng” dərgisi, 1394 h-ş, sayı 95, səh. 138-139).

Sufi şeyxlərinin qəribə elmlərə müraciətinə gəlincə, bu barədə çox sayda nümunələr vardır. Məsələn, nurbəxşiyyə təriqətinin banisi Seyyid Məhəmməd Nurbəxş (vəf. 1464/65) özü haqda deyirdi: “Kimiya, simiya və himiya kimi qəribə elmlərdə, əgər özümü tərifləmək kimi çıxmasaydı deyərdim ki, İbn Sinanın tayıyam…” (İbn Şeybə. Şiəlik və sufilik, səh. 318). Hürufilik təriqətinin banisi Fəzlullah Nəimi (vəf. 1401) öz təlimini hərf və rəqəmlərin mistik mənaları üzərində qurmuşdu, əsərlərində də gələcəkdən xəbər verdiyini iddia edirdi.

Orta əsr alimlərinin bir çoxu qəribə elmlərin fərqli növləri ilə maraqlanmışlar. “Rovzət əl-şühəda” kitabının müəllifi Molla Vaiz Kaşifi metafizik elmlərdə məharət sahibi idi, əlkimiya, nücum, hüruf, tilism elmləri barədə kitabları vardır (Ənvari-Süheyli, Əsrari-Qasimi, Tohfətül-əliyyə, Səb’ətül-Kaşifiyyə və s.). Böyük cəfəri alimi İbn Fəhd Hilli “İstixrac əl-həvadis” kitabında İmam Əlinin (ə) Siffeyn savaşı günündə Əmmar ibn Yasirə buyurduğu kəlamlardan gələcəkdə baş vermiş hadisələrin əlamətlərini axtarmışdır. Şeyx Bəhai qəribə elmlərin ən mahir ustadı idi, deyilənlərə görə bəzi şəhərlər üçün hazırladığı tilismlər hələ də öz qüvvəsini qorumaqdadır. Mənbələrdə onun qəribə elmlər mövzusunda 4 kitab yazdığı qeyd edilir. Şəhidi-əvvəl məşhur fiqh alimi olmaqla yanaşı, həm də qəribə elmləri mənimsəmişdi və bəzi fitnələrin qarşısını almaq üçün bunlardan istifadə edirdi. Cəbəli-Amildə Məhəmməd Caluşi adlı bir şəxs peyğəmbərlik iddiası edərək sehr yolu ilə insanları aldadanda Şəhidi-əvvəl onun sehrini batil etmiş, nəticədə Caluşi rüsvay olaraq hakim tərəfindən edam olunmuşdu.

O dövrün hökmdarlarının demək olar ki hamısı öz sarayında münəccim vəzifəsi təsis etmişdi. Qəribə elmlərlə məşğul olan xeyli alim hökmdardan gözdəyməni uşaqlaşdırmaq, onun hər bir addımının nəticəsini nücum və digər yollarla müəyyən etmək və zərərləri aradan qaldırmaq üçün çalışırdılar. Belə bir fikir yayılmışdı ki, Teymurləngin oğlu Şahrux Mirzə Qaraqoyunlu şahı Qara Yusifə məhz 12 min dəfə Fəth surəsini oxumaqla qalib gəlibmiş (Qara Yusif Şahruxa qarşı yürüş zamanı hələ qarşılaşmazdan əvvəl yolda vəfat etmişdi). Həmçinin, Cahanşahın oğlu Pirbudağın öldürülməsini (1466) səmada planetlərin uğursuz düzülüşü ilə, Cahanşahın Uzun Həsənlə müharibədə həlak olmasını (1467) isə Quran ayəsinin əbcəd əsasında şərhi ilə əlaqələndirənlər olmuşdur.
Məlum olduğu kimi, Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı general Pavel Sisianov 1806-cı ildə Bakı qalasının qarşısında danışıqlar zamanı Bakı xanının qohumu tərəfindən öldürülmüşdür. Bəzi mənbələrdə bu hadisənin Fətəli şah Qacarın sifarişi ilə bir tilism (cadu) nəticəsində baş verdiyi yazılır. Belə ki, o zamanlar sarayda böyük nüfuz sahibi olmuş Mirzə Məhəmməd Əxbari adlı alim gecə Şah Əbdüləzim ziyarətgahında gizli ayin icra etmiş, Sisianovun şəklini divara bərkidərək dua və zikrlər oxumuş, axırda bıçağı həmin şəklin köksünə saplamışdı. Deyilənə görə, bu hadisədən bir müddət sonra Sisianovun qətl xəbəri Tehrana çatdı və hadisənin məhz həmin gün baş verdiyi məlum oldu. Bu hadisə şahid ifadəsi şəklində bəzi mənbələrdə öz əksini tapır (bax: Zəhra Hatəmi. “Qacarlar dövründə tilismat” məqaləsi, “Cameəşonasiye-tarixi” dərgisi, 1398 h-ş, sayı 1, səh. 70-71)..

Görkəmli Azərbaycan səyyahı, nemətullahi təriqətinin qütbü (şeyxi), ensiklopedik biliyə malik Hacı Zeynalabidin Şirvani özünün “Riyazüs-səyahə” kitabında bu məsələyə toxunmuşdur. Mirzə Məhəmməd Əxbari ilə şəxsən görüşmüş Şirvani onun elm və əxlaqını ən gözəl ifadələrlə vəsf edir, qısa həyat tarixçəsini verir. Müəllifin yazdığına görə, M.M.Əxbari hər zaman həsəd və paxıllığa hədəf olmuş, Hindistan, İran və İraq torpaqlarında yaşamış, axırda Kazimeyndə sui-qəsd nəticəsində vəfat etmişdir.

Şirvani qeyd edir ki, rus sərkərdələrindən biri (adını çəkmir) Azərbaycana hücum çəkərək döyüşlərdə ardıcıl qələbə çalırmış. Mirzə Məhəmməd Əxbari şahın kədər içində olduğunu görüncə səbəbini öyrənir və deyir: “Şah qəm çəkməsin. Zalımları qəhr edən Allahdan istəyəcəyəm, 40 gündən sonra rus sərkərdəsinin başı sizin hüzurunuzda olacaq”. Şirvani yazır ki, həmin sərkərdəni Bakı limanında xanla danışıqlar zamanı hiylə ilə öldürdülər və başını kəsib Tehrana yolladılar, alimin dediyi vaxt Sisianovun kəsilmiş kəlləsi Tehrana çatdı (bax: Hacı Zeynalabidin Şirvani. Riyazüs-səyahə, Sədi nəşriyyatı, 1339 h.ş., səh. 413-414).

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button