Kərbəla şəhidlərinin sırasında azərbaycanlı olubmu?
Kərbəla səhrasında İmam Hüseynlə (ə) birlikdə vuruşub şəhid olmuş dəstə bir çox özünəməxsus cəhətləri ilə seçilir. Üzvlərinin sayı cəmi on nəfərlərlə ölçülən bu kiçik dəstədə 70 yaşlı qoca ilə həddi-büluğa yetməmiş uşaq, sağlam cəngavərlə təkayaqlı şikəst, qəbilə şeyxi ilə qulam yanaşı vuruşurdu. Kərbəla şəhidlərinin milli mənsubiyyətini də araşdırarkən eyni mənzərə ilə qarşılaşırıq. Ərəbistan, Yəmən, İraq və sair ölkələrin müxtəlif guşələrindən toplanmış, milliyyətcə ərəblərin üstünlük təşkil etdikləri şəhidlər dəstəsində fars, türk və həbəşlərin nümayəndələri də vardı. Qaradərili həbəş qulam Covn, fars mənşəli Nəsr bütün milli ayrı-seçkilikləri kənara ataraq, haqq uğrunda mübarizədə canlarından keçdilər.
Məlumdur ki, bəzi dini kitabların oxucu tərəfindən düzgün anlaşılması üçün şərh edilməsi lazım gəlir. Müxtəlif tarixi, ədəbi, leksik üslub qaydalarını əhatə edən bu cür şərhlər olmadıqda, oxucu çox zaman əsərin mətnini düzgün qavramır, onda gizlənmiş incə mənaları tuta bilmir, mətnin zahiri mənasını əldə əsas tutaraq səhvə düçar olur.
Təəssüf ki, aşura faciəsi kimi müstəsna əhəmiyyətə malik bir hadisənin təsvirinə həsr olunmuş kitablarla da bağlı bu cür problemlər yaranır. Bu məqalədə məşhur Azərbaycan şairi, klassik ədəbiyyatımızın korifeyi Məhəmməd Füzulinin “Hədiqətu’s-suəda” əsərində rast gəlinən və bir çoxlarında yanlış fikir oyadan bir məsələ barəsində söhbət açacağıq.
“Hədiqətu’s-suəda”nın onuncu babında oxuyuruq ki, aşura faciəsində şəhid olanlar sırasında Muslimi-Azərbaycani adlı bir şəxs də var imiş. Əsərdə Muslimi-Azərbaycaninin və oğlunun şücaəti çox poetik və təsirli boyalarla ifadə olunmuşdur.
Füzuli “Muslimi-Azərbaycani” deyərkən kimi nəzərdə tutub?
Hər şeydən öncə, bunu qeyd edək ki, Kərbəlada Muslimi-Azərbaycani adlı bir şəxsin döyüşüb şəhid olması barədə məlumata “Hədiqətu’s-suəda”dan savayı heç bir mənbədə rast gəlmirik. İstər qədim hesab olunan mənbələrdə, istərsə də sonradan qələmə alınmış mötəbər kitablarda Kərbəla şəhidlərinin heç biri Azərbaycani ləqəbi ilə adlandırılmamışdır. “Hədiqətu’s-suəda”nın Ümumdünya Əhli-beyt Mərkəzi tərəfindən 1995-ci ildə Qum şəhərində çap olunmuş nəşrinin “Qaynaqlar” bölümündə verilən aşağıdakı qeyd də dediklərimizi subuta yetirir: “Muslimi-Azərbaycaninin Kərbəlada döyüşüb şəhid olmasını ancaq Molla Məhəmməd Füzuli qeyd etmişdir” (səh. 638).
İkincisi, mərhum Füzulinin “Hədiqətu’s-suəda”sı hər şeydən əvvəl, bədii əsərdir və bədii ədəbiyyat nümunəsidir. Tarixi mövzuları işləyərkən, bilavasitə bu sahənin mütəxəssisləri tərəfindən qələmə alınmış, mötəbər sayılan, tarix, hədis, rical və sair elmlərin tələblərinə cavab verən kitabları kənara qoyaraq, bədii əsərlərə istinad etmək və onun əsasında qəti hökm çıxarmaq qətiyyən düzgün deyil. Halbuki, “Hədiqətu’s-suəda”dakı bir çox məqamlar, məsələn, elə Kərbəla şəhidlərinin adı, Qasimin toyu və sair mövzular başqa etibarlı mənbələrlə dərin ziddiyyət təşkil edir. Ümumiyyətlə, Füzuli özü də e’tiraf etmişdir ki, əsəri yazarkən, Molla Hüseyn Vaiz Kaşifinin “Rövzətu’ş-şuhəda” kitabını əsas mənbə kimi götürmüşdür. “Rövzətu’ş-şuhəda” isə, məşhur müsəlman tədqiqatçı alimləri tərəfindən “təhriflərlə dolu kitab” adlandırılaraq tənqid olunmuşdur (bax: Şəhid Mutəhhəri – “Həmaseyi-Hüseyni” kitabı).
Nəhayət, üçüncüsü, “Hədiqətu’s-suəda”da Füzulinin Muslimi-Azərbaycani kimi təqdim etdiyi şəxsin başına gələn hadisələri digər kitablardakı məlumatlarla müqayisə etdikdə görürük ki, söhbət sənədli tarix kitablarında Muslim ibn Avsəcə Əsədi kimi xatırlanan şəxsdən gedir. Füzuli qeyd edir ki, Muslimi-Azərbaycani döyüşüb ağır yaralarla meydanda yıxılanda, İmam Hüseyn (ə) Həbib ibn Muzahirlə birlikdə onun başı üstünə gəldi, can verməkdə olan Muslimə xitabən buyurdu: “Ey Muslim, əhli-behiştə səlamımı yetir ki, mən də mütəaqib gəlməkdəyəm”.
Həbib ibn Muzahir öz köhnə dostu Muslimə söyləyir: “Ey Muslim, əgər bilsəydim səndən sonra qaldığımı, iltimasi-vəsiyyət edərdim”. Bu zaman Muslim son sözlərini söyləyir: “Ey Həbib, vəsiyyət budur ki, Həzrəti-İmama canını fəda qılasan və onun xidmətini səadəti-dünyavü axirət biləsən”. Bunu deyib, Muslim canını tapşırır. Bütün bu detallar bəzi xırda əlavələrlə tarixi mənbələrdə Muslim ibn Avsəcə barəsində yazılmışdır.
Sonra Füzuli Muslimin oğlunun da döyüş meydanına girib mübarizə apardığını və şəhid olduğunu yazır ki, bu məlumatı da heç bir mötəbər mənbə təsdiq etmir.
Muslim kimdir?
Muslim ibn Avsəcə ibn Sə’d ibn Sə’ləbə ibn Dudan ibn Əsəd ibn Cuzeymə Əbu Məcd Əsədi Bəni-Əsəd qəbiləsinin böyüklərindən olub, Kufədə yaşayırdı. Tarix kitablarında onu Muhəmməd Peyğəmbərin (s.ə.s.) səhabələri sırasında qeyd etmişlər. Muslim Həzrəti Əlinin (ə) silahdaşlarından olmuş, onun qoşununun tərkibində bütün döyüşlərdə iştirak etmişdir.
İmam Hüseyn (ə) əmisi oğlu Muslim ibn Əqili Kufəyə göndərəndə , Muslim ibn Avsəcə onunla bey’ət edir və gələcək qiyam üçün silah tədarükü görməyə başlayır. Muslim ibn Əqil onu Bəni-Əsəd və Bəni-Məzhic qəbilələrindən olan Əhli-beyt tərəfdarlarının başçısı tə’yin edir. İbn Ziyadın gəlişi ilə Kufədə vəziyyət dəyişdikdən və Muslim ibn Əqil şəhid edildikdən sonra Muslim ibn Avsəcə Həbib ibn Muzahirlə birlikdə gecə vaxtı şəhərdən çıxıb, Kərbəlaya gəlir və İmam Hüseynə (ə) qoşulur.
Aşuraya keçən gecə İmam Hüseyn (ə) öz tərəfdarlarına dağılışıb-getmələri üçün icazə verərkən, başqaları kimi Muslim ibn Avsəcə də e’tiraz edir və söyləyir: “…Bu düşmənlərin sinəsini nizəmlə deşəcəyəm, qılıncım əlimdən düşənə kimi onlarla vuruşacağam. Əgər silahım olmasa, daş götürüb ölənə kimi vuruşacağam, amma səni tək buraxıb getməyəcəyəm! Vallah, əgər bilsəm ki, məni öldürüb sonra dirildəcəklər, diri-diri yandırıb külümü havaya sovuracaqlar və bu işgəncə yetmiş dəfə təkrar olunacaq, yenə də səni tərk etmərəm! Halbuki, burada qalıb döyüşsəm, bircə dəfə öldürüləcəyəm, əvəzində əbədi kəramət və ləzzət qazanacağam!”
Muslim ibn Avsəcənin Azərbaycanla nə kimi əlaqəsi vardır?
Yuxarıdakı mə’lumatlardan göründüyü kimi, Muslim ibn Avsəcənin azərbaycanlı olması sadəcə mümkün deyildir. Çünki onun özünün, atasının, ulu əcdadlarının adı sırf ərəb mənşəlidir. Muslim mənşəcə ərəb qəbiləsindən olan Bəni-Əsədə mənsubdur. Və nəhayət, “Hədiqətu’s-suəda”dan başqa heç bir mənbədə Muslimə “azərbaycanlı” ləqəbi aid edilməyib.
Qarşıya belə bir sual çıxa bilər: Bəs, nə üçün Füzuli onu öz kitabında “Muslimi-Azərbaycani” adlandırmışdır? Doğrudanmı, Füzuli kimi mükəmməl dini savada malik bir şair səhv edib?
Məsələ burasındadır ki, Füzuli “Muslimi-Azərbaycani” yazarkən, heç də Muslimin əsil-nəsəbcə azərbaycanlı olduğunu iddia etməmişdir.
Müasir oxucular “Hədiqətu’s-suəda”nın mətnini oxuyarkən, sözlərin zahiri mə’nasını əldə əsas tutaraq, tələsik nəticə çıxarırlar. Füzuli əslində Muslim ibn Avsəcənin həyatında Azərbaycanla bağlı bir məqamı əsas tutaraq, onun adını Azərbaycanla əlaqələndirmişdir.
Muslimin həyatında Azərbaycanla bağlı bu məqamı öyrənmək üçün mərhum İmadzadə İsfahaninin “İmam Hüseynin (ə) həyatı” kitabına müraciət edək: “Şə’bi yazır ki, Muslim şücaətli və qəhrəman adam idi; cihadlara və Azərbaycanın fəthi kimi İslam fəthlərinə aid mənbələrdə onun adı çox xatırlanmışdır” (səh. 522).
Yenə həmin kitabda müəllif Muslimin şəhadətini təsvir etdikdən sonra yazır ki, düşmən qoşununun başçılarından olan Şibs ibn Rəb’i öz silahdaşlarına xitabən dedi: “Görün necə bir şəxsiyyət öz canını Hüseynə (ə) fəda etdi. Mən Azərbaycanın fəthi zamanı Muslimin göstərdiyi igidliyi heç vaxt unutmaram”.
Hədis və tarix elminin ustadlarından sayılan mərhum Şeyx Abbas Qummi “Nəfəsu’l-məhmum və nəfsətu’l-məsdur” əsərində bu məsələyə daha da aydınlıq gətirərək yazır: “Düşmən qoşunundan Əmr ibn Həccacın dəstəsi şadlıq edib çığırmağa başladılar ki, “Muslim ibn Avsəcəni də öldürdük”. Bu zaman Şibs öz ətrafındakılara acıqlanıb dedi: “Ananız halınıza ağlasın! Sevinirsiniz ki, Muslim ibn Avsəcə kimi adamı öldürmüsünüz? İman bəslədiyim Allaha and olsun ki, mən Muslimi müsəlmanlar üçün iftixarlı olan döyüş meydanlarında görmüşəm. Azərbaycanın fəthi zamanı Sələq döyüşündə hələ müsəlman süvariləri öz yerlərindən tərpənməmişdilər ki, Muslim düşməndən altı nəfəri öldürdü” (“Nəfəsu’l-məhmum və nəfsətu’l-məsdur”, səh. 120). Bu hadisəni məşhur tarixçi Təbəri də qeyd etmişdir.
Beləliklə, bu qaranlıq məsələ də aydın oldu. Mərhum Füzuli Muslimi azərbaycanlı olduğuna görə deyil, Azərbaycanın fəthində şücaət göstərdiyi üçün “Azərbaycani” adlandırmışdır. Ümumiyyətlə, ərəblərin adətincə, bəzən çox mühüm bir döyüşün iştirakçılarını öz əsil-nəsəbləri ilə yanaşı, həm də həmin döyüşün adı ilə çağırırlar. Yaxşı məlumdur ki, İslam tarixinin həlledici nöqtələrindən sayılan Bədr savaşının iştirakçıları “Bədri” ləqəbini daşıyırdılar. Bədrilər bütün səhabələr arasında xüsusi ehtiram sahibi idilər. Bu təbəqənin nümayəndələri fəzilətli, adil və doğrucul olduqlarını öz qanları bahasına sübut etdikləri üçün, onların şahidliyi xüsusilə mötəbər sayılırdı.
Bu ənənəvi üsluba riayət edən Füzuli də Muslim ibn Avsəcənin Azərbaycanın fəthində müstəsna xidmətlərini nəzərə alaraq, onun adına “Azərbaycani” fəxri ləqəbini qoşmuşdur.
Qeyd etmək yerinə düşər ki, Muslim ibn Avsəcənin Azərbaycanda göstərdiyi igidlik barədə Təbəri tarixində, Şeyx Abbas Qumminin “Muntəha’l-amal”, Seyyid Rza Sədrin “Pişvaye-şəhidan” (Şəhidlərin rəhbəri), Seyyid Mustafa Hüseyni Dəştinin “Məarif və məariyf”, Seyyid İbrahim Musəvi Zəncaninin “Vəsilətu’d-dareyn” kitablarında və sair mənbələrdə məlumat verilmişdir.