Bunu Hüseyndən (ə) öyrəndik!
Çox qəribə, paradoksal, hətta unikal məsələdən danışmaq istəyirəm. Fikrimi mümkün qədər qısa formalaşdırmağa çalışacam, hərçənd çətin məsələdi…
Bunu hamı bilir: Azərbaycan əhalisinin mütləq çoxluğu Əhli-beytə bağlıdır və Əhli-beytə qəlbində böyük hörmət var. Dinin vacib ayinlərini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq. Bunun da təzahürləri çoxdur. Məsələn, ilboyu spirtli içkiləri qəbul edən insan Məhərrəmlikdə bunu etmir. Və ya məmləkətimizin bir çox bölgələrində Məhərrəm-Səfər aylarında el şənlikləri keçirilmir. Amma və lakin!
Elə ki Məhərrəmlik mövsümü başlayır, KİV və sosial şəbəkələrdə yaranan mənzərəyə Azərbaycan reallığından bixəbər kənar müşahidəçi nəzər salsa, elə zənn edər bura qədim Odlar Yurdu yox, Madaqaskar və ya Hondurasdı. Və madaqaskarlılar və ya honduraslılar da bəzi, çox məhdud sayda həmyerlilərinin yad mədəniyyət və ənənələrə üz tutmasından sonsuz dərəcədə hiddətlənərək səf-səf onların üzərinə Səlib yürüşünə çıxıblar. Bax, belə bir paradoks! Bu diyarda mütləq çoxluq təşkil etməyimizə rəğmən, daim atmacalara, düşük iradlara, kinayə dolu ittihamlara cavab verməli oluruq. Sadə dillə ifadə etsək – müdafiə olmaq məcburiyyətində qalırıq. Və indi də əsas sual: niyə? Niyə da, niyə? Nə üçün mütləq çoxluq mütləq azlıq qarşısında müdafiəyə çəkilməlidir?
Bu suala mənim öz cavabım var. Ola bilər dəqiq deyil, ola bilər başqa, daha sanballı cavablar olsun. Amma zənnimcə vəziyyətin belə olmasının əsas səbəbi elə xalqımızın mütləq əksəriyyətinin DNT səviyyəsində imam Hüseynə (ə), Əhli-beytə bağlanmasıdır.
Hürr Kərbəlada imam Hüseyn (ə) karvanının yolunu kəsəndə, hələ o qanlı səhraya nə Şimr gəlmişdi, Nə İbn Səd, nə də Hərmələ. İmama da təklif olundu ki, həmlə edib mühasirəni yarsınlar. Lakin şəhidlər sərvərinin cavabı qəti oldu: cəngi ilk olaraq biz başlamayacağıq! Bilirdi bu nə ilə nəticələnə bilər. Amma Ali, İlahi prinsipləri üstün tutdu. İndi biz də özümüzə yolgöstərən ulduz olaraq imam Hüseyni (ə) seçmişik, hər il Məhərrəmlikdə onun, əzizlərinin məclislərinə toplaşırıq. Özümüz bunu hiss etmirik, çoxumuz bəlkə də heç belə hacət etmir. Amma özümüzün də xəbərimiz olmadan o qapıda xurcunumuza o qədər pay qoyurlar ki… Ağayana, nəvazişlə, sevgi və şəfqətlə. Və bu paylar arasında həmən qeyd etdiyim mərdlikdən də bir qismət var. Biz, Əhli-beyt davamçıları, heç kimə ilk olaraq daş atmırıq. Biz heç kimin şəxsiyyətinə, namusuna, qeyrətinə toxunmuruq. Biz heç kimə ilk olaraq xətər yetirmirik (Etdiyimiz ən böyük “zorbalıq”, maksimum “zorakılığımız” – məclislərdə sinəmizə bir qədər sərt, bir qədər kobud şəkildə vura bilərik). Ağası, mövlası imam Hüseyn (ə) olan özü də belə olmalıdı da bəs! Odur ki, hər Məhərrəmlikdə onlar bizə daş atır, biz isə bacardığımız qədər zamanın üzərimizə qoyduğu vəzifəni yerinə yetirməyə çalışırıq. Düzdür, sinəmizlə Kərbəlada zöhr namazını qılanlara sipər olmaq neməti əlçatmazdır. Amma hərəmizin öz kiçicik Kərbəlası var. Fəqət, Hüseynimiz (ə) birdir, BÖYÜKDÜR, daimidir, sarsılmazdı, vüqarlıdır, əzəzmətlidir! Və Allahın bəndələrinə lütf etdiyi ən böyük nemətlərdəndir! Və onu bizdən, gələcək nəsillərimizdən heç kim və heç nə ala bilməz!
P.S. Hə, onu da deyim ki, diqqət çəkdiyim xüsusiyyətin qorxu və xofla heç bir əlaqəsi yoxdur, zərrə qədər! Hürrün dəstəsinə bir ox atmağı belə qadağan edən Hz.Hüseyn (ə) və məsləkdaşları cəmi bir neçə gün sonra mərdliklə 72 nəfərlə 30 minlik qoşunun qarşısına çıxdılar. Hüseynin (ə) günümüzdəki tərəfdarları da imamlarının layiqli davamçıları olduqlarını 14 əsr sonra, 44 günlük müharibədə öz şücaətləri və qəhrəmanlıqları ilə bütün dünyaya əyani surətdə isbatladılar…
Vüsal Əliyev