Niyə Şərq aləminin dindar klassik şairləri öz əsərlərində “şərab”, “mey”, “saqi” sözlərindən istifadə edirdilər?
Oxucu sual verir
Bunun cavabı barədə fikirlər fərqlidir. Bəzi tədqiqatçılara görə, sufi və ariflər Allah tərəfindən onlara ilham olunan ilahi həqiqətləri öyrəndikcə, Allahın əzəmətini duyduqca, şövqdən və eşqdən özlərini sanki sərxoş kimi hiss edirdilər. Bu vəziyyətə təsəvvüf aləmində “Allahda fani olmaq” deyirlər. Bu halda olan arif öz vəziyyətini sanki şərab içib məst olmuş insana bənzədir. Bu mərifət “şərab”ını ona verən Allahdır. Başqa bir nəzəriyyəyə görə, ilk sufilər ixlas və səmimiyyətə xüsusi diqqət yetirir, riyadan özlərini ciddi şəkildə qoruyurdular. Onlar insanların içində tanınmaq istəmir, öz ibadətlərini xalqdan gizlədirdilər. Əgər bunu görən olsa, riya yaranacağını və Allahla səmimiyyətin pozulacağını güman edirdilər. Buna görə hətta xalq içində özlərini şəriətdən uzaq, sərxoş, avara, günahkar kimi göstərirdilər. Şərab haqqında şeirlər oxuyur, şərab məclislərini tərifləyirdilər. Bu cərəyana “məlamətilik” deyilirdi. Hər bir halda qətiyyətlə deyə bilərik ki, böyük ariflərin əsərlərində rast gəldiyimiz “şərab”, “mey”, “meyxanə”, “saqi”, “badə” kəlmələri zahiri mənada deyil, batini və irfani mənada işlədilib. Bu ariflər şəriətə son dərəcə bağlı olmuş, məstedici içkilərdən və içki məclislərindən uzaq durmuşlar.