İslam tarixiMəqalələr

“Qılınc müsəlmanı” ifadəsi nə dərəcədə doğrudur? – Üçüncü hissə əlavə edilib

“Sənin ixtiyarında olan hakimiyyət öz payın deyil, öhdəndə olan bir əmanətdir. Səndən vəzifəcə yüksəkdə olanlar qarşısında camaat barədə cavabdehsən. Camaata münasibətdə öz istəyinə uyğun hökm verməyə ixtiyarın yoxdur. Maliyyə məsələlərində yalnız tam arxayın olduqdan sonra qərara gəlib hərəkət et. Sənə tapşırılmış əmlak əslində Allaha məxsusdur, sən həmin əmlakı mənə (xəlifəyə) təhvil verənə kimi Allahın xəzinədarı sayılırsan. Yəqin ki, mən sənə münasibətdə başqalarından pis hökmdar olmaram. Vəs-salam”.
(Həzrət Əlinin (ə) Azərbaycan valisi Əşəs ibn Qeysə məktubu; “Nəhcül-bəlağə”, 5-ci məktub).

İslam dininə qarşı irəli sürülən qərəzli və əsassız iddialardan biri də bundan ibarətdir ki, guya İslam dini zorakılıq gücünə yayılmışdır. Əsasən Qərb alimlərindən ibarət olan bəzi “tədqiqatçılar” sübuta yetirməyə çalışırlar ki, guya müsəlmanlar ətraf məntəqələri tutarkən həddən artıq qəddarlıq törədir, sadə xalqı incidir, onların milli və dini dəyərlərini, adət-ənənələrini təhqir edirdilər. Təəssüf, bu yazıların əsasında xalq arasında belə bir fikir formalaşmışdır ki, guya biz “qılınc müsəlmanlarıyıq. Əslində isə…

***

Azərbaycana İslamın gəlişi və inkişafı əsrlərcə sürən eniş-yoxuşlu prosesdir. Məqalədə biz İslamın Azərbaycana gəlişinin yalnız ilk dövrlərini (hicri 30-cu illərə kimi) araşdırmışıq. Bunun da öz səbəbləri vardır. Etiraf etməliyik ki, Azərbaycan bəzi dövrlərdə müsəlman hökmdarları və sərkərdələri tərəfindən (İslam dini və sıravi müsəlmanlar tərəfindən deyil) zülm və haqsızlıqlara məruz qalmışdır. Lakin nəzərə almalıyıq ki, həmin dövrlərdə İslam dövlətinin başında duran, Azərbaycana qoşun göndərən və valilər təyin edən hökmdarların özləri İslam qayda-qanunlarının ziddinə gedirdilər. Əməvilər və Abbasilər kimi zalım sülalələr xilafətin mərkəzi sayılan Mədinə, Kufə, Dəməşq, Bağdad və sair şəhərlərdə saysız-hesabsız zülmlər törədirdilərsə, xilafətin ucqar nöqtələrində və yeni fəth olunmuş ərazilərdə onlardan ədalət gözləmək gülüncdür. Təbiidir ki, bu xəlifələrin sərkərdə və valiləri də onların siyasətini həyata keçirən, dediklərini yerinə yetirən adamlardan ibarət idi. Buna görə də bəzi zaman bölümlərində xilafətin daxili və xarici siyasətini araşdırarkən nöqsanlarla qarşılaşsaq, bunu İslamın və müsəlmanların deyil, xəlifənin və əyanların “ayağına yazmalıyıq”.

Lakin İslam fəthlərinin ilk dövrləri sonrakı dövrlərdən kəskin fərqlənirdi. Hicri 30-40-cı illərə kimi baş vermiş fəthlərdə iştirak edən şəxslər vaxtilə Həzrət Mühəmməd Peyğəmbəri (s) görmüş, onun əmrlərini eşidib yadda saxlamış səhabələr idi. Onların gözləri Peyğəmbərin nuru ilə nurlanmışdı, qulaqları Peyğəmbərin səsini eşitmişdi, ömürləri Peyğəmbərin hüzurunda keçmişdi. Buna görə də onların fəthlər zamanı göstərdikləri fəaliyyətdə daha az xəyanət və nöqsan müşahidə edilir.

AZƏRBAYCANIN FƏTHİ

Hər şeydən əvvəl bunu qeyd edək ki, qədim salnamələrdə “Azərbaycan” adı əksər hallarda Araz çayından cənubda yerləşən torpaqlara – hazırda İranın tərkibində olan Cənubi Azərbaycan ərazisinə aid edilirdi. Hazırki Azərbaycan Respublikası ərazisi isə daha çox “Arran”, “Muğan”, “Şirvan”, “Ərməniyyə” adları ilə xatırlanırdı. Azərbaycan adlanan ərazi müsəlmanların hücumu zamanı Sasani imperiyasının tərkib hissəsi idi və Sasnilər tərəfindən təyin edilmiş vali tərəfindən idarə edilirdi. Şimal torpaqlarında isə Albaniya dövləti yerləşirdi ki, o da Sasanilərdən qismən asılı vəziyyətdə yarımmüstəqil siyasət yürüdürdü.

Azərbaycanın müsəlmanlar tərəfindən fəthi ikinci xəlifə Ömər ibn Xəttabın hakimiyyəti dövründə başlanmışdır. Qeyd etmək lazımdır ki, bunun tarixi barədə məlumatlar ziddiyyətlidir. İbn Əsəm Kufi “Kitab əl-fütuh”da yazır ki, ərəblərin Azərbaycana birinci basqını hicri 18-ci (miladi 639-cu) ildə baş vermişdir. Mərhum akad. Z.Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” əsərində də eyni fikir müdafiə edilir.

Təbəri göstərir ki, Azərbaycanın fəth olunma tarixi barədə iki nəzəriyyə mövcuddur: bəziləri hicri 18-ci, başqaları isə hicri 22-ci ilə üstünlük vermişlər. Təbəri özü Azərbaycanın fəthi barədə məlumatları hicri 22-ci (miladi 643-cü) ildə baş vermiş hadisələr sırasında yerləşdirmişdir. Yəqubi də öz tarixində bu hadisənin hicri 22-ci ildə baş verdiyini yazmışdır. Şeyx Abbas Qummi də “Tətimmət Müntəha-l-amal” kitabında buna oxşar məlumat verir. İbn Kəsir Dəməşqi və İbn Əsir də öz tarixlərində Azərbaycanın fəthini hicri 22-ci ilin hadisələrinə aid hissədə yerləşdirmişlər. İbn Kəsir özündən əvvəlki alimlərdən Vaqidi və Əbu Məşərin də bu fikirdə olduqlarını qeyd edir.

İbn Kəsir “Əl-Bidayə və-l-nihayə” adlı tarix kitabında Azərbaycanın fəthinin başlanma şəraiti bu cür təsvir edilir: Müsəlmanlarla Sasanilər arasındakı məşhur Nəhavənd döyüşündən sonra müsəlmanlar Hülvanı, ardınca da Həmədanı tutdular. Ancaq bir qədər sonra həmədanlılar müsəlman sərkərdəsi Qəqa ilə bağladıqları sülh müqaviləsinin şərtlərini pozdular. Onda xəlifə Ömər ibn Xəttab, Nüeym ibn Müqrinə (onun adını bəzən Nüeym ibn Müqərrin kimi qeyd etmişlər) məktub yazıb tapşırdı ki, Həmədana yürüş etsin. Nüeym Həmədanı mühasirəyə aldı və şəhər əhalisi təslim olub müsəlmanlarla müqavilə bağladı. Nüeym 12 minlik qoşunla Həmədanda ikən bizanslılar, deyləmilər, reylilər və azərbaycanlılar birləşib böyük bir ordu topladılar. Deyləmilərin başçısı Müta, reylilərin sərkərdəsi Əbu Fərruxan, azərbaycanlıların başçısı isə Rüstəmin (Azərbaycan valisi) qardaşı İsfəndiyaz idi. Müsəlmanlar döyüşdə qalib gəldilər, deyləmilərin sərkərdəsi Müta öldürüldü, qalanları qaçıb dağıldılar.
Bunun ardınca Rey şəhəri fəth olundu və əhaliyə aman verildi. Daha sonra Nüeymin qardaşı Cürcan bölgəsini müqavimətsiz ələ keçirdi, yerli əhali cizyə verməyə razı oldu, müsəlmanlar da onlara aman verdilər.

***

Azərbaycanlıların müsəlmanlarla mübarizəsi milli, dini səbəbə deyil, siyasi səbəbə əsaslanırdı. Yəni Azərbaycan o dövrdə Sasani imperiyasının tərkib hissəsi idi və Sasanilər müsəlmanlara qarşı qoşun toplayanda azərbaycanlılar da onların tabeliyində olduqlarından müttəfiq orduya qoşulmalı idilər. Buna görə də azərbaycanlılar Sasani ordusunun tərkibində çıxış etmiş və müsəlmanlara qarşı vuruşmuşdular. Lakin hadisələrin sonrakı gedişindən görünür ki, Sasani ordusu müsəlmanlara məğlub olduqdan sonra azərbaycanlılar müsəlmanlara qarşı nəinki müqavimət göstərməmiş, hətta bəzən onları xilaskar kimi qarşılamışlar.

İbn Kəsir yazır ki, Nüeym Həmədanla Reyi tutduqdan sonra Bükeyr ibn Abdullahı Azərbaycan üzərinə göndərdi, ardınca da Simak ibn Xərəşəni (bəzi tarixçilərin fikrincə bu, İslam tarixində məşhur olan Əbu Dücanədir) ora yolladı. Azərbaycanlılar Fərruxzadın (Fərəhzazın) oğlu İsfəndiyazın başçılığı altında qoşun toplayıb müsəlmanların qarşısına çıxdılar. Hələ Simak Azərbaycana gəlib yetişməmişdi ki, artıq Bükeyrin dəstəsi ilə İsfəndiyazın qoşunu qarşılaşdı. Döyüşdə yenə müsəlmanlar zəfər qazandılar, İsfəndiyaz əsir düşdü.

Məşhur tarixçi Təbəri yazır ki, əsir tutulmuş Azərbaycan hakimi İsfəndiyaz Bükeyrdən soruşdu: “Sülh bağlamağın tərəfdarısan, yoxsa vuruşmağın?” Bükeyr cavab verdi: “Sülh bağlamaq istərdim”. Onda İsfəndiyaz belə məsləhət gördü ki, müsəlmanlar onu əsir kimi öz yanlarında saxlasınlar. Çünki əgər sülh bağlanmasa, yaxud İsfəndiyaz öz rəiyyətinin yanına qayıtmasa, Azərbaycan camaatı ətraf dağlara çəkiləcək və bütün ərazi heç bir müqavimətsiz müsəlmanların əlinə keçəcək. Yalnız camaatın bir hissəsi bəzi möhkəm qalalarda gizlənib orada uzun müddət qala biləcək. (Bu məlumatı Təbəridən başqa İbn Kəsir, İbn Əsir və İbn Miskəveyh də öz tarixlərində təsdiq etmişlər).
Bükeyr bu məsləhəti qəbul edib İsfəndiyazı əsir kimi öz yanında saxladı. Nəticədə bir neçə möhkəm qaladan başqa bütün Azərbaycan ərazisi müsəlmanlar tərəfindən fəth olundu. Azərbaycan torpaqlarındakı müsəlman qoşuna Ütbə ibn Fərqəd sərkərdə təyin edildi.

Bu zaman Sasani sərkərdəsi Bəhram ibn Fərruxzad (İsfəndiyazın qardaşı) böyük qüvvə ilə müsəlmanlara hücum edir. Döyüşdə müsəlmanlar qalib gəlirlər, Bəhram qaçır. Məşhur tarixçi İbn Miskəveyhin yazdığına görə əsirlikdə olan İsfəndiyaz bu xəbəri eşidəndə belə deyir: “Artıq sülh üçün şərait yarandı, müharibə alovu söndü”.
Bundan sonra Sasani Azərbaycanının məğlub hakimi İsfəndiyazla müsəlmanların sərkərdəsi Ütbə sülh müqaviləsi bağlayırlar. Təbərinin “Tarix əl-rüsül və-l-müluk” (“Peyğəmbərlər və hökmdarlar tarixi”) əsərində həmin sülhnamənin mətni verilmişdir:

“Bismillahir-Rəhmanir-Rəhim. Bu, xəlifə Ömər ibn Xəttabın nümayəndəsi Ütbə ibn Fərqədin Azərbaycan əhalisinə verdiyi amannamədir. Səhrada, dağda ya dərədə yaşamasından, dini mənsubiyyətindən asılı olmayaraq hamının canı, əmlakı, dini və əqidəsi amandadır; bir şərtlə ki, imkanları çatdığı qədər cizyə (vergi) versinlər. Uşaqlar, qadınlar, kasıb xəstə insanlar, tənhalığa çəkilib ibadətlə məşğul olan və dünya malından heç nəyi olmayan abidlər vergi ödəməkdən azaddırlar. Bu amannamə həm onların özləri, həm də öhdələrində olanlar üçün qüvvədədir. Gərək əhalidən hər kəs bir müsəlman əsgərini bir gecə-gündüz öz evində qonaq saxlayıb yedirsin, ona bələdçilik etsin. Hər kəs müsəlman ordusunda bir il xidmət etsə, həmin ilin vergisindən azaddır. Yerdə qalanlar əsgərliyə getməyən hökmündədirlər və vergi verməlidirlər. Hər kəs yaşayış yerini dəyişib başqa yerə köçsə, həmin yerə çatana kimi amandadır. Amannaməni Cündəb yazdı. Bükeyr ibn Abdullah Leysi və Simak ibn Xərəşə Ənsari şahid oldular”.

Hər bir insaflı oxucu bu sülhnamənin mətnini oxuyarkən görür ki, onun şərtləri azərbaycanlılar üçün mümkün qədər əlverişli olmuşdur. Əhalinin bir hissəsi ümumiyyətlə cizyə verməkdən azad edildi. Qalan camaat isə imkanı çatan qədər cizyə verməyə mükəlləf edildi. Göründüyü kimi müsəlmanlar Azərbaycan əhalisinin boynuna ağır təzminatlar yükləmədilər. (Hətta müasir dövrümüzdə belə, bir çox qalib dövlətlərin məğlub tərəflə etdikləri qəddar rəftarla müqayisədə bu, humanist bir addımdır).

DƏRBƏNDİN FƏTHİ

Həmin ildə xəlifə Ömər Dərbəndin fəthinə Süraqə ibn Əmrin başçılığı altında qoşun göndərir. Əbdürrəhman ibn Rəbiəni həmin qoşunun ön hissəsinə, Hüzeyfə ibn Əsid Qiffari ilə Bükeyr ibn Abdullahı da qoşunun cinahlarına sərkərdə təyin edir. Salman ibn Rəbiəyə qənimətlər üzrə nəzarət həvalə olunur. Daha sonra Ömər digər bir sərkərdəni – Həbib ibn Məsləməni də yardımçı qüvvə kimi Dərbənd üzərinə yollayır.

Müsəlman qoşununun ön dəstəsinə rəhbərlik edən Əbdürrəhman ibn Rəbiə Dərbəndə yaxınlaşanda şəhərin hakimi Şəhrburaz ona məktub göndərib aman istəyir. Həmin məktubun mətnini Təbəri və İbn Əsir öz tarixlərində və İbn Miskəveyh “Təcarib əl-üməm” kitabında dərc etmişlər. Şəhrburaz məktubda yazmışdı: “Mən güclü, amma əsil-nəcabətsiz, alçaq düşmənlərlə əhatə olunmuşam. Etibar və ağıl sahibi olan şəxsə yaraşmaz ki, bu cür alçaq adamlara kömək etsin, güvənc və əsil-nəsəb sahiblərinə qarşı alçaq adamlarla sazişə girsin. Etibar sahibləri harada olsalar da, bir-birinə yaxındırlar. Mənim Qəbəc (yəni qıpçaqlar ölkəsi) və Ərmən camaatına bağlılığım yoxdur. Siz mənim diyarımı tutub, mənim millətimə qalib gəlmisiniz. Bu gündən mən də sizlərdən biriyəm, sizinlə əl-ələ verirəm, qəlbim sizinlədir. Tanrı bu dostluğumu mübarək etsin. Bizim cizyəmiz sizə məxsusdur, qələbə sizinlədir, hər nə istəsəniz edin, amma bizi ağır cizyə ilə əzməyin ki, düşmən qarşısında zəif olmayaq”.

Əbdürrəhman Şəhrburazın məktubunu qoşun başçısı Süraqəyə çatdırır. Süraqə fərman verir ki, Dərbənd əhalisindən hər kim müsəlman qoşununda xidmət etsə, həmin il cizyədən azad olunur.

Sonra Süraqə yerli əhaliyə amannamə ilə müraciət edir. Bu amannamənin mətni də Azərbaycan əhalisi ilə bağlanmış amannaməyə oxşardır. Yəni yerli camaatın canı, malı və inancı toxunulmaz elan edilir. Əhali müharibə şəraitində müsəlman valisinin əmrlərini yerinə yetirməli və cizyə verməli idi (hərbi xidmətə qoşulanlardan savayı).
Bundan sonra Süraqə, ona tabe olan sərkərdələrin hər birini müxtəlif istiqamətlərdə yürüşlərə göndərir. Bükeyrin dəstəsi Muğana, Həbibin dəstəsi Tiflisə, Hüzeyfənin qoşunu Alan dağlarına yola düşür. Məlumdur ki, Bükeyr Muğanı fəth edib adambaşına bir dinar həcmində cizyə şərti ilə əhaliyə aman vermişdi. Amannaməyə görə yerli əhalinin malı, canı, dini və adət-ənənələri qorunurdu.

***

Süraqənin vəfatından sonra Əbdürrəhman ibn Rəbiə onun yerinə vali təyin olunur. Xəlifə Ömər ona əmr verir ki, türk ellərinin üzərinə hücuma keçsin. (O zamanlar Xəzər xaqanlığına tabe olan torpaqlar türk elləri, yaxud Turan adlanırdı). Əbdürrəhman Dərbənddən 25 km. cənubda yerləşən, vaxtilə böyük şəhərlərdən sayılan Bələncəri tutub, xəzərlərin torpağına 200 fərsəx daxil olur. Tarixi məlumatlarda yazıldığına görə Bələncər döyüşündə müsəlmanlar bircə nəfər də itki vermirlər. Həmin yürüşdə “bircə qadın da dul qalmadı, bircə körpə də yetim qalmadı” (Təbəri və İbn Miskəveyh). Məhz buna görə xəzərlər elə güman edirdilər ki, müsəlman əsgərlərini öldürmək mümkün deyil, onlar ölümsüzdürlər. Müsəlmanlar bir neçə il ərzində mütəmadi olaraq xəzərlərlə döyüşüb qalib gəlirdilər; xəzərlər də onlara ciddi müqavimət göstərmədən qaçırdılar. Maraqlıdır ki, Azərbaycan ərazisində ən qanlı döyüşlər müsəlman ordusu ilə yerli hakimlərin arasında deyil, xəzər xaqanının ordusu arasında baş vermişdir.

Nəhayət, hicri 32-ci (miladi 652/653-cü) ildə, xəlifə Osmanın dövründə xəzərlərdən biri müsəlmanların həqiqətən ölümsüz olmasına şübhə edir. O, gizlincə müsəlman əsgərlərindən birinə ox atıb onu öldürür, sonra şad xəbəri öz silahdaşlarına çatdırır. Bundan sonra xəzərlər cəsarət toplayıb şiddətlə döyüşməyə başlayırlar. Döyüşdə Əbdürrəhman ibn Rəbiə şəhid olur, qardaşı Salman ibn Rəbiə əsgərləri toplayıb döyüş meydanından çıxarır. Maraqlıdır ki, salnamələrdə Əbdürrəhman ibn Rəbiə ilə bağlı maraqlı bir məlumata rast gəlirik. Əbdürrəhman şəhid olduqdan sonra xəzərlər onun cəsədini ehtiramla dəfn edirlər. Təbəri, İbn Əsir, İbn Kəsir və İbn Miskəveyh yazırlar ki, indiyə kimi həmin yerlərdə quraqlıq baş verəndə əhali Əbdürrəhmanın qəbrinin yanına toplaşıb tanrıdan yağış istəyir.

Müsəlmanların fəth etdikləri ərazilərdə gözütox, ədalətli davaranışını aşağıdakı fakt da sübut edir: Müsəlmanlar Dərbəndi fəth etdikdən sonra Əbdürrəhman ibn Rəbiə oranın hakimi Şəhrburazla birlikdə oturub söhbət edərkən bir nəfər içəri daxil olur və Şəhrburaza iri ölçülü qırmızı bir yaqut verir. Şəhrburaz onunla danışandan sonra Əbdürrəhmana deyir ki, mən bu adamı qasid sifətilə sədd (burada məşhur Dərbənd səddi nəzərdə tutulur) tərəfə göndərmişdim ki, orada gördüklərini mənə xəbər versin. Mənim ixtiyarımda olan yerlərlə səddin arasında bir neçə hökmdarın torpaqları yerləşir. Qasid həmin torpaqlardan keçib, onların hökmdarları üçün göndərdiyim hədiyyələrimi çatdırıb. Nəhayət, səddin yerləşdiyi torpaqların hökmdarı öz saray əyanlarından birini ona qoşub səddə baxmağa göndərir. Saray əyanı özü ilə şahin quşunu da aparıbmış. Yolda qasid həmin əyana bahalı parça hədiyyə verir. Onlar birlikdə gəlib səddin yerləşdiyi əraziyə çatırlar. Qasid görür ki, iki böyük dağın arasını dəmir səddlə hörüblər, səddin hündürlüyü dağların zirvəsindən də yüksəyə qalxıb. Səddin qarşısında isə çox dərin və qaranlıq bir dərə var. Dərə o qədər dərin imiş ki, dibi görünmürdü. Bu zaman əyan balaca bir ət tikəsi götürüb dərəyə tullayır, şahin əti tutmaq üçün şığıyır. Ət dərənin dibinə düşür, şahin də əti qaldırıb sahibinin yanına qayıdır. Əyan əti şahindən alanda görürlər ki, bahali və iri bir yaqut daşı ətə yapışıb. Əyan həmin yaqutu hədiyyə parçanın əvəzində qasidə verir, əti də şahinə yedirir. Qasid bu yaqutun dərəyə necə düşdüyünü soruşanda əyan cavab verir ki, dərənin dibi bahalı daş-qaşla doludur. Çünki ta qədimlərdən indiyə kimi bu yerlərdən keçən hər bir hökmdar mütləq nəzir kimi dərəyə daş-qaş tullayır. Dərə çox dərin olduğundan insanlar ora düşə bilmirlər, ona görə də daş-qaşı çıxarmaq üçün bu üsuldan istifadə edirlər.

Sonra Şəhrburaz həmin adamın verdiyi yaqutu Əbdürrəhmana göstərir. Əbdürrəhman daşı alıb baxır və yenidən Şəhrburaza qaytarır. Şəhrburaz heyrət içində deyir: “Sənin bu hərəkətin mənim üçün Dərbənd hakimiyyətindən daha qiymətlidir. Tanrıya and olsun, mən sizin (yəni müsəlmanların) xətrinizi Xosrov sülaləsindən (yəni Sasani padşahlarından) çox istəyirəm. Əgər mən indi onlara tabe olsaydım, bu yaqut barədə xəbər tutan kimi onu məndən alacaqdılar. Amma sən onu almayıb mənə qaytardın. Nə qədər ki, siz bu cür ədalətli davranırsınız və hökmdarınız da haqq-ədaləti gözləyir, heç kim sizə bata bilməyəcək”.

Sonda bir qeydimizi diqqətinizə çatdırmaq istərdik: Azərbaycan ərazisində yaşamış insanların İslam dinini könüllü şəkildə qəbul etdiklərini görmək üçün yaxın qonşularımıza baxmaq kifayətdir. Müsəlmanların fəthinə qədər gürcülər və ermənilər xristian idilər. Azərbaycan əhalisinin Bizans təsiri altında olan hissəsi xristianlığa, Sasani İranına tabe olan hissəsi zərdüşti dininə inanırdı. Qafqazı təşkil edən üç ölkədən yalnız birinin – Azərbaycanın əhalisi İslam dinini qəbul etdi və bu günə kimi müsəlman olaraq qaldı. Gürcülər və ermənilər isə necə müsəlmanların yürüşündən əvvəl xristian idilərsə, ondan sonra da xristian olaraq qaldılar. Onlar müsəlmanlar tərəfindən “əhli-kitab” kimi qəbul edilirdilər; onların canı, malı və namusu amanda idi və onlar İslam dövlətinə cizyə verirdilər. Yalnız azərbaycanlılar İslam dininin böyüklüyünü və düzgünlüyünü anlayıb onu qəbul etməklə müdriklik göstərdilər. Əgər yerli əhalinin dinini dəyişməsi üçün zor tətbiq edilmişdisə, niyə gürcülər və ermənilər təzyiq nəticəsində müsəlman olmadılar?

Bizim babalarımız İslam dinini könüllülük əsasında qəbul etdilər, bu dini öz canlarında-qanlarında yaşatdılar, islami dəyərlər və müqəddəsatlar təhlükə altına düşdükdə müdafiəyə qalxdılar, xəlifə və saray əyanları zülm və zorakılığa əl atanda babalarımız qiyam bayrağı qaldırıb öz haqlarını tələb etdilər… Və bu dini min bir çətinliklə qoruyub bizə çatdırdılar. İndi növbə bizimdir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button