Ərdoğan hicab məsələsinin Konstitusiyada təsbit edilməsini istədi
Ədalət və İnkişaf partiyasının Ankarada keçirilən qurultayında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan qadınların hicab geyinməsinə dair Konstitusiya təminatının yaradılmasının zəruriliyindən söz açıb.
İSLAM.AZ xəbər verir ki, müxalifət CHP-nin qanunlara qadınların hicab taxıb və ya taxmamasına dair iradə azadlığını nəzərdə tutan dəyişikliklərin edilməsi təklifinə cavab olaraq Ərdoğan deyib: “Gəlin bu problemin həllini qanunlarda deyil, Konstitusiyada təsbit edək”.
O bildirib ki, təmsil etdiyi partiyanın səyləri nəticəsində Türkiyə qadınları nəhayət hicab bağlamaq azadlığını əldə ediblər: “Paltar, o cümlədən hicab seçimi insanın şəxsi hüququdur. Bu, qanun və ya Konstitusiya ilə tənzimlənməməlidir. Amma bu gün bu məsələyə toxunuldusa, Konstitusiyaya ictimai sektorda çalışan qadınların hicab bağlamaq hüququnu tanıyacaq dəyişiklik edilməsini təklif edirəm”.
Qeyd edəkn ki, uzun illər Türkiyədə qadınların təhsil müəssisələrində və bütün ictimai təşkilatlarında hicaba qadağa tətbiq edilib. Baxmayaraq ki, ölkədə qadınların böyük hissəsi hicablıdır.