Peyğəmbərlik möhürü (Üçüncü hissə əlavə edildi)
Birinci hissə
Həzrət Mühəmməd Peyğəmbərin (s) mübarək mövlud günləri münasibətilə həzrətin həyatı ilə bağlı maraqlı mövzulardan birini işıqlandırmaq qərarına gəldik. Söhbət Həzrət Mühəmmədin (s) mübarək vücudunda mövcud olmuş peyğəmbərlik möhüründən gedir. Dini mənbələrdə bu möhür həzrətin peyğəmbərliyini sübut edən mühüm dəlillərdən və fiziki əlamətlərdən biri sayılır. Kitablarda peyğəmbərlik möhürü ilə bağlı məlumatlar kifayət qədərdir. Bu məlumatlara əhli-sünnə alimlərinin əsərlərində daha çox rast gəlirik. Həzrətin həyatından bəhs edən, eləcə də, onun peyğəmbərliyinin dəlillərinə həsr edilmiş kitablarda bəzən bu barədə çox geniş bilgilərlə rastlaşırıq. Bəzən məlumatlar bir-birini tamamlayır, bəzən də biri digəri ilə ziddiyyət təşkil edir.
XV əsrdə yaşamış məşhur müsəlman alimi, dini elmlərin ən müxtəlif sahələrində öz qələmini sınamış, məhsuldarlığı ilə seçilmiş şafii məzhəbli Cəlaləddin Süyutinin (1445-1505) yazdığı kitablardan biri də “əl-Xəsais əl-kübra” adlanır. Bu kitab Sevgili Peyğəmbərimizin həyatı, davranışı, əxlaqı barədə kifayət qədər dolğun və əhatəli bilikləri özündə ehtiva edir. Süyuti hər mövzu ilə bağlı ona məlum olan hədis və rəvayətləri bir yerə toplamış, ehtiyac duyulan yerlərdə ümumiləşdirmə aparmış və qısa şərhlər vermişdir.
Kitabın üçüncü bölümü həzrətin vücudundakı möcüzəvi xüsusiyyətlərə həsr edilib və “Xatəm əl-nübüvvə”, yəni “Peyğəmbərlik möhürü” babı ilə başlayır. Süyuti yazır:
“İki şeyx (yəni Buxari və Müslim) Saib ibn Yeziddən rəvayət etmişlər ki, belə deyib: Mən Peyğəmbərin arxasında durdum və iki çiyninin arasında kəklik yumurtası ölçüsündə peyğəmbərlik möhürünə baxdım” (Süyuti. Əl-Xəsais əl-kübra, səh. 145).
Böyük hədis alimləri Müslim və Beyhəqi səhabə Cabir ibn Səmürənin belə rəvayət etdiyini yazırlar: “O həzrətin çiyinlərinin arasında göyərçin yumurtası boyda peyğəmbərlik möhürünü gördüm; onun rəngi həzrətin bədəninin rənginə bənzəyirdi”.
Tirmizi bu hədisi bir qədər fərqli şəkildə rəvayət edir: “Göyərçin yumurtası ölçüsündə qırmızımtıl bir vəzi idi” (yux. mənbə).
Müslimin Abdullah ibn Sərcisdən etdiyi rəvayətdə peyğəmbərlik möhürünün bir qədər fərqli təsvirini görürük: “Peyğəmbərlik möhürünə baxdım, onu həzrətin çiyinlərinin arasında, sol çiyin çıxıntısına yaxın bir yerdə, qara xalların məcmusundan ibarət bir ləkə şəklində gördüm”.
İmam Əhməd ibn Hənbəl və Beyhəqi rəvayət edirlər ki, səhabə Qürrə ibn İyas dedi: “Peyğəmbərə söylədim ki, ey Allahın Rəsulu, mənə möhürü göstər. Buyurdu: “Əlini içəri (köynəyimin altına) sal. Mən onun çiyin çıxıntısı yanında yumurtaya bənzər olduğunu hiss etdim”. Qürrənin rəvayəti məşhur rical kitabı olan “əl-İstiab” əsərində daha geniş şəkildə təsvir edilib.
Tarixdən məlumdur ki, böyük səhabə Salmani-farsi Həzrət Mühəmmədlə (s) görüşməzdən əvvəl məsihi alimləri ilə bu barədə müzakirələr aparmışdı. Onlardan biri Salmana məsləhət görmüşdü ki, sonuncu peyğəmbəri, bədənində olan aşkar əlamətlə – peyğəmbərlik möhürü ilə tanıya bilər. Beyhəqinin rəvayətinə görə, Salman Həzrət Mühəmmədlə (s) görüşəndə o, köynəyinin çiynini aşağı salaraq buyurmuşdu: “Yaxın gəl, nəyə baxmağı tapşırıblarsa bax”. Salman deyir ki, yaxınlaşıb həzrətin iki çiyninin arasında göyərçin yumurtası ölçüsündə möhürü gördüm” (Süyuti. Əl-Xəsais əl-kübra, səh. 146).
Tirmizi Əbu Musaya istinadən xəbər verir ki, peyğəmbərlik möhürü çiyin sümüyünün oynağından bir az aşağıda yerləşirdi və almaya bənzəyirdi (ölçü baxımından).
İbn Hənbəl, Tirmizi, Hakim Nişaburi, Təbərani kimi böyük hədis alimləri isə öz kitablarında Əbu Zeyd adlı səhabəyə istinadən qeyd edirlər ki, o demişdir: “Peyğəmbər mənə buyurdu: “Yaxın gəl və əlini kürəyimə qoy”. Mən yaxın gəlib onun kürəyinə toxundum, barmaqlarımı peyğəmbərlik möhürünün üzərinə qoydum”. Bu hədisi eşidənlər Əbu Zeyddən soruşdular ki, peyğəmbərlik möhürü necə idi? Cavab verdi: “Çiyninin üzərində topa halında bitmiş tüklər kimi hiss etdim”.
Peyğəmbərlik möhürünün ölçüləri və quruluşu barədə digər məlumatlar da mövcuddur. Məsələn, bəzi hədislərdə bu möhürün qan alma şüşəsinin tutduğu yer qədər ölçüyə malik olduğu deyilir, bir hədisdə isə onun ölçüsü fındıq boyda göstərilir.
Peyğəmbərin xanımı Aişə rəvayət edirdi ki, peyğəmbərlik möhürü sarıya çalan qara rəngdə idi, ətrafında at yalı kimi sıx tüklər vardı.
Əbbad ibn Əmr isə deyirdi ki, peyğəmbərlik möhürü sol çiyin tərəfdə yerləşirdi, oğlağın (bala keçinin) diz qapağı şəklində idi və həzrət özü bu möhrü başqalarına göstərməyi xoşlamazdı.
İbn Əsakir və Hakim Nişaburi məşhur səhabə Abdullah ibn Ömərə istinadən rəvayət edirlər ki, peyğəmbərlik möhrü fındıq ölçüsündə ət parçasından ibarət idi və üzərində sanki “Mühəmmədun Rəsulullah” sözləri yazılmışdı. Bu yazı da elə bədən ətindən ibarət idi. (Yəni dərinin özü bu cür yazı halına gəlmişdi).
Möhürün daha bir xüsusiyyəti onun ətirli olması idi. Məlumdur ki, ümumilikdə Peyğəmbərin bədənindən gözəl ətir gəlirmiş. Məşhur səhabə Cabir ibn Abdullah rəvayət edir ki, bir dəfə miniyin belində Allahın Rəsulundan arxada oturmuşdum. Bu zaman kürəyindəki peyğəmbərlik möhrünü qoxuladım, burnuma müşk ətri gəldi (yux mənbə, səh. 147).
İkinci hissə
Peyğəmbərlik möhürü ilə bağlı hədislərin bir qismi çətin izah edilir. Bu cür hədislərdə möhürün üzərində olan yazı ziddiyyətli və dolaşıq şəkildə təsvir edilir. Əvvəlki hədislərin birində adını çəkdiyimiz Salmani-farsi peyğəmbərlik möhürünün daha bir qəribə xüsusiyyətini bəyan etmişdir. Belə ki, onun qeyri-müsəlman ustadı son peyğəmbəri tanıtdırarkən demişdi ki, onun iki çiyninin arasında göyərçin yumurtası boyda bir möhür vardır. Möhürün batinində (daxilində) “Allah təkdir, şəriki yoxdur və Mühəmməd Allahın rəsuludur” ifadəsi, zahirində (çöl tərəfində) isə “hara istərsən üz tut, sən qalibsən (yardım edilənsən)” cümləsi yazılmışdır (Süyuti. Əl-Xəsais əl-kübra, səh. 147).
Süyuti peyğəmbərlik möhürü barədə fərqli rəvayətlərin hamısını ardıcıl olaraq sadaladıqdan sonra mövzuya yekun vuraraq yazır ki, hədislərdə bu möhürün gah kəklik, gah da göyərçin yumurtasına bənzədilməsi, alma yoxsa fındıq boyda olması, keçinin diz qapağının yaxud qan alma şüşəsinin ölçüsünə malik olması, üzərində nə qədər tükün mövcudluğu, qara yoxsa sarı rəngə çalması, az ya çox qabarıq forma daşıması, üzərində hansı sözlərin yazılması qəribə deyil. Çünki bu məlumatların hamısı bir-birinə yaxındır və peyğəmbərlik möhürü barədə hər ravinin öz təsəvvürünü ifadə edir. Qeyd edək ki, peyğəmbərlik möhürünün hədislərdəki fərqli təsvirlərinin sayı 20-yə yaxındır (Qastalaninin “əl-Məvahib əl-lədüniyyə” əsərinə Əllamə Zərqaninin şərhi, 1-ci cild, səh. 298).
Alimlərin bir qismi bu rəvayətləri ümumiləşdirərək, Həzrət Mühəmmədin (s) bədənindəki peyğəmbərlik möhürünün ümumi təsvirini verməyə çalışmışlar. Səhihi-Müslimi ixtisar etmiş Qürtübi (bu, məşhur təfsirin müəllifi deyil, başqa alimdir) “əl-Müfhim” kitabında yazır ki, səhih hədislərdən çıxan nəticə budur: Peyğəmbərlik möhürü o həzrətin kürəyində, sol çiyni tərəfdə qırmızımtıl rəngdə qabarıq formada idi. Möhür öz ölçüsünü dəyişirdi, kiçiləndə göyərçin yumurtası ölçüsünə düşür, böyüyəndə yumruq boyda olurdu. (Peyğəmbər vəfat edən zaman isə bu qabarıqlıq tam çəkilmişdi).
Görkəmli hədis alimi Əllamə Qastalani “əl-Məvahib əl-lədüniyyə” əsərində peyğəmbərlik möhürünün təsvirinə geniş yer ayırmışdır. Kitabın birinci cildində təqribən 7 səhifə yarım yer tutan bu mövzu altında mövcud rəvayətlər sadalanaraq incələnir və araşdırma aparılır. Buradan məlum olur ki, peyğəmbərlik möhürü barədə hədisləri böyük alimlər Buxari, Müslim, Tirmizi, Hakim Nişaburi, Beyhəqi, Əbu Yəla, Əbu Nüeym İsfahani, İbn Əsakir, Təbərani və b. öz kitablarında nəql etmişlər.
Qastalani Səhihi-Buxariyə şərh yazmış İbn Həcər Əsqalaniyə istinadən (“Fəth əl-bari” kitabı) nəql edir ki, peyğəmbərlik möhürünün qan alma şüşəsi ölçüsündə, qara yaxud yaşıl xal formasında olması, üzərində yazı görünməsi kimi rəvayətlərin heç biri sübuta yetməyib. Hətta müəllif oxucunu xəbərdar edir ki, səhih hədisləri öz kitabında toplamış İbn Həbbanın bu cür rəvayətlərə yer verməsi səni aldatmasın; çünki o, bu qəbildən olan hədisləri doğru saymaqla qəflətə düçar olmuşdur (Qastalani. Əl-Məvahib əl-lədüniyyə, 1-ci cild, səh. 162).
Müəllif daha sonra digər böyük hədis alimi Heytəmiyə istinadən yazır ki, peyğəmbərlik möhürünün üzərində “Mühəmmədun rəsulullah” kəlməsinin yazıldığını iddia edən şəxslər əslində həzrətin çiynindəki peyğəmbərlik möhürü ilə həzrətin öz məktublarını imzaladığı möhürü qarışdırmışlar.
Əksər rəvayətlər peyğəmbərlik möhürünün sol çiyin tərəfdə olduğunu xəbər verir. Bunun səbəbi barədə Süheyli adlı alim yazır ki, peyğəmbərimiz şeytanın vəsvəsəsindən amanda idi. Ürək sol tərəfdə yerləşir, şeytan vəsvəsəsi də ürəkdən daxil olur. Peyğəmbərimiz ürəyinin arxa tərəfində yerləşən bu möhürün sayəsində günahsız idi və şeytana uymurdu.
Peyğəmbərlik möhürü ilə bağlı yazılarda toxunulan mətləblərdən biri də keçmiş peyğəmbərlərin zahiri fiziki əlamətlərə malik olmalarıdır. Belə ki, Hakim Nişaburi “əl-Müstədrək əla-s-səhiheyn” kitabında Vəhb ibn Münəbbəhdən bunu rəvayət edir: “Allah elə bir peyğəmbər göndərməyib ki, sağ ovcunda peyğəmbərlik nişanı olmasın. Yalnız bizim peyğəmbərimiz istisnadır; onun peyğəmbərlik nişanəsi çiyinlərinn arasında idi” (Süyuti. Əl-Xəsais əl-kübra, səh. 148).
Peyğəmbərin ətrafında olanların bir qismi bu möhürü xəstəlik saymış və müalicə etmək istəmişdilər. “Təbəqati-İbn Səd”kitabında səhabə Əbu Rimsədən edilən rəvayətlərə görə, o (yaxud atası) Peyğəmbərin çiynindəki möhürü müalicə etməyi təklif etmiş, amma həzrət bu təklifi rəd etmişdi.
Üçüncü hissə
Peyğəmbərlik möhürünün İslam tarixində xatırlandığı bir neçə əsas məqam vardır. Bunlardan biri Həzrət Mühəmmədin (s) peyğəmbərlikdən çox əvvəl, yeniyetmə yaşında ikən əmisi Əbu Taliblə birlikdə ticarət karvanının tərkibində Şama (Suriyaya) səfəri ilə bağlıdır. Həmin səfər zamanı yol üstündəki monastrlardan birində ibadətlə məşğul olan Büheyra adlı rahib bəzi zahiri əlamətlərdən bu yeniyetmənin gələcək sonuncu peyğəmbər olduğunu öyrənmişdi. Peyğəmbərin həyatından bəhs edən kitablarda (siyrə) yazılır ki, Büheyranın bu qənaətə gəlməsini yəqinləşdirən əsas amil isə gənc Mühəmmədin (s) kürəyində peyğəmbərlik möhürünü görməsi olmuşdu. Sonuncu peyğəmbərin kürəyində xüsusi möhürün olacağını təhrifdən uzaq bəzi kitablarda oxumuş rahib icazə alaraq möhürü öz gözləri ilə görmüş, həzrətin həmin gözlənilən peyğəmbər olduğuna iman gətirmişdi.
İkinci məqam Salmani-farsinin İslama gəlişi ilə bağlıdır. Öz əvvəlki məsihi ustadından sonuncu peyğəmbərin əlamətlərini eşitmiş Salman Həzrət Mühəmmədlə (s) ilk görüşündə həmin əıamətlərin mövcudluğunu yoxlamış, o cümlədən, həzrətin çiynindəki peyğəmbərlik möhürünü də görmüşdü.
Daha bir oxşar məqam Əhməd ibn Hənbəlin “Müsnəd”ində mövcuddur. 16813-cü sıra sayı altında qeyd edilmiş rəvayətdə Səid ibn Əbi Raşid adlı şəxsin vaxtilə Bizans imteratoru tərəfindən Peyğəmbərə göndərilmiş elçi ilə söhbəti verilib. Məlumdur ki, Allah Rəsulu öz zəmanəsinin bir neçə hökmdarına, o cümlədən, Bizans imperatoruna məktub yazmış və həmin hökmdarlar da ona cavab vermişdilər. Bizans imperatorunun cavab məktubunu gətirən qasid rəvayət edir ki, imperator ona Peyğəmbərlə görüşdüyü zaman bəzi məsələləri yoxlayıb dəqiqləşdirməyi tapşırmışdı. Bunlardan biri də həzrətin kürəyində hansısa əlamətin olub-olmadığını yoxlamaq idi. Qasid Həzrət Mühəmməd Peyğəmbərlə (s) görüşüb cavab məktubunu təqdim etdikdən sonra həzrət özü imperatorun tələbini ona xatırlatmış və peyğəmbərlik möhürünü ona göstərmişdi. Qasidin rəvayətinə görə, möhür iri qan alma şüşəsi həcmində idi (bax: Əhməd ibn Hənbəl. Müsnəd, 4-cü cild, səh.74, yeni nəşrlərdə hədis № 16813). Eyni kitabda hadisə azacıq fərqlə 15740-cı sıra sayı altında da qeyd edilib. Lakin hədisin ravisi olan Səid ibn Əbi Raşidin Müaviyənin məvalisi (azad edilmiş qulamı) olduğunu, həmçinin bəzi digər səbəbləri nəzərə alaraq, bu rəvayətin doğruluğuna şübhə ilə yanaşırıq.
Peyğəmbərlik möhürü ilə bağlı suallardan biri də budur ki, bu möhür həzrətin bədənində anadangəlmə idi ya sonradan yaranmışdı? Sonradan yaranmışdısa, neçə yaşına təsadüf etmişdi? Həzrətin yeniyetməlik yaşlarında əmisi Əbu Taliblə Şama səfəri zamanı məsihi rahiblə görüşündə bu möhürün çiynində mövcud olduğunu oxuduq. Deməli, peyğəmbərlik möhürü bundan daha əvvəl həzrətin bədənində mövcud imiş.
Bəzi alimlər guya bu möhürün mələklər tərəfindən Peyğəmbərin qəlbinin yarılıb, günah zərrəsinin oradan çıxarılması ilə əlaqələndirirlər (şəqqi-sadr, yəni sinənin yarılması hadisəsi). Guya bu möhür həmin hadisənin izi idi. Buna aşağıdakı rəvayət sübut gətirilir:
Əbuzərdən rəvayət edilir ki, Həzrət Peyğəmbərdən soruşdum: “Ey Allahın Rəsulu, ilk dəfə necə bildin ki, sən peyğəmbərsən?” Həzrət cavabında Məkkə dərəsində iki mələklə olan hadisəni danışdı. Şəqqi-sadr (sinənin yarılması) kimi tanınan bu hadisəyə görə, iki mələk o həzrətin sinəsini yarıb, ürəyini çıxarmış, onun içindən qara bir ləkəni çıxarıb tullamış, ürəyi yuyaraq yerinə qoymuşdular. Peyğəmbər hadisənin təsvirini bu şəkildə bitirir: “Mələklərdən biri o birinə dedi: Qarnını tik! O da qarnımı tikdi. Sonra çiyinlərimin arasına, indiki yerə möhür vurdular” (Təbəri tarixi, 2-ci cild, səh. 52; Müsnəd əl-Bəzzar, 9-cu cild, səh. 437).
Lakin İmam Nəvəvi peyğəmbərlik möhürünü “sinənin yarılması” hadisəsi ilə əlaqələndirməyi batil sayaraq deyirdi ki, mələklər peyğəmbərin kürəyini yox, sinəsini və qarnını yarmışdılar (bax: Qastalani. Əl-Məvahib əl-lədüniyyə, 1-ci cild, səh. 165).
Bəzi rəvayətlər peyğəmbərlik möhrünün anadangəlmə olmadığını, amma doğuluşdan dərhal sonra yarandığını deyir. Bu rəvayətlər də hadisəni mələklərin gəlişi ilə bağlayır. Həmin rəvayətlərdə də “sinənin yarılması” olayı ilə paralellər tapmaq mümkündür.
Süyuti “əl-Xəsais əl-kübra” kitabında (səh. 119-121) İbn Abbasa istinadən Peyğəmbərin anası Aminə xatunun dilindən o həzrətin doğumunu təsvir edən hədisi nəql edir. Aminə xatun buyurur ki, doğum zamanı üç mələk gəldi, birinin əlində gümüş səhəng, digərinin əlində yaşıl zümrüddən teşt, üçüncünün əlində bəyaz parça vardı. Mələklər parçanın arasından, görənləri heyrətə salan parlaqlıqda bir möhür çıxarıb səhəngdəki su ilə teştin içində yeddi dəfə yudular, sonra onunla yeni doğulmuş Peyğəmbərin kürəyinə möhür vurdular, yenidən möhürü parçanın arasına qoydular (bax: Qastalani. Əl-Məvahib əl-lədüniyyə, 1-ci cild, səh.166-167).
Bəzi mənbələrdə peyğəmbərlik möhürünün anadangəlmə olduğu və həzrətin bu möhürlə doğulduğu yazılıb.
Deyilənlərə nəticə vuraraq deyə bilərik ki, Həzrət Mühəmməd Peyğəmbərin (s) kürəyində, çiyinlərinin arasında möhürə bənzər əlamət (xal, ləkə) olduğu barədə məlumatların çoxluğu bunun səhih (doğru) xəbər olduğunu düşünməyə əsas verir. Bu möhür keçmiş dinlərə aid kitablarda təsvir edilmiş və sonuncu peyğəmbəri tanımaq üçün əsas nişanə sayılmışdır. Lakin möhür barədə mənbələrdə keçən məlumatlar fərqli və ziddiyyətlidir; hər bir mövzuda olduğu kimi, bu mövzuda da mövcud rəvayətlər arasında müxtəlif səbəblərdən qaynaqlanan fərqlər görmək mümkündür. Bəzi hədislərdə peyğəmbərlik möhürünə qeyri-adi, təsəvvürü çətin olan xüsusiyyətlər yüklənib. Bu fərqlilik peyğəmbərlik möhürünün necəliyi barədə dəqiq təsəvvür əldə etməyimizə mane olur.
(Yazıda H.İ.Hakkı İhramçızadənin “Rəsulullahın kürəyindəki möhür haqqında” məqaləsindən istifadə edilmişdir).