Tövbə – İkinci hissə əlavə edilib
Birinci hissə
“Tövbə” sözünün ərəb dilindən tərcüməsi “qayıdış” deməkdir. Tövbə edən şəxs sanki günahlardan itaətə doğru qayıtmış olur. Dini anlamda insanın öz günahını etiraf edib peşman olmasına və bir daha bunu təkrar etməyəcəyi barədə Allaha vəd verməsinə tövbə deyilir.
Qurani-Kərimin surələrindən biri (doqquzuncu surə) “Tövbə” adlanır. Müqəddəs Kitabımızda “tövbə” sözü və onunla eyni kökdən olan kəlmələrə 87 dəfə rast gəlinir. Allah bütün möminlərə öz günahlarından tövbə etməyi əmr edir:
“Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasinız” (Nur, 31).
Başqa bir ayədə günahkar insanların axirətdəki acınacaqlı aqibəti haqqında danışıldıqdan sonra buyurulur:
“Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir” (Fürqan, 70).
Allah-Taala Qurani-Kərimdə təqvalı (yəni Allahdan çəkinən və günahlardan qaçan) bəndələri təsvir edərkən buyurur:
“O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar” (Ali-İmran, 135).
ALLAH TÖVBƏKARIN GÜNAHLARINI GİZLƏDƏR
Səmimi tövbə edən şəxsin günahlarının üzərinə pərdə çəkilər, hətta qiyamətdə də Allah bu günahların üstünü açmaz. Allahın gözəl adlarından (əsmaül-hüsna) biri də “Səttarül-üyub”dur ki, mənası “eyibləri örtən” deməkdir. Tövbəkarın günahı nə bu dünyada, nə də o biri dünyada aşkara çıxmaz və ona rüsvayçılıq gətirməz. Bu, bəndə ilə Allah arasında sirr olaraq qalar.
Həzrət Musa Peyğəmbərin (ə) zamanında Bəni-İsrail qövmünı uzun müddət yazğış yağmadı, qəhətlik oldu, camaat aclıqdan əziyyət çəkməyə başladı. Nə qədər dua etdilərsə, faydası olmadı. Allah Həzrət Musaya (ə) vəhy etdi: “Sənin ümmətinin arasında bir nəfər var ki, qırx ildir günah edir, mənim əmrlərimi pozur. Onu özünüzdən uzaqlaşdırın, mən də sizə yağış göndərim”.
Musa Peyğəmbər (ə) camaatı bir yerə toplayıb, Allahın kəlamını onlara elan etdi və buyurdu: “Allahın dediyi günahkar adam kimdirsə, irəli çıxsın, bizləri tərk edib getsin”.
Heç kim yerindən tərpənmədi. Günahkar da adamların arasında idi, amma utanıb susdu. Amma ürəyində peşman olub Allaha dua etdi: “İlahi! Mən nadanlıq üzündən sənə asi olmuşam. İndi səmimi qəlbdən tövbə edirəm. Günahlarımdan keç, bu ümməti bəladan xilas et”. O adamın duası qurtarmamışdı ki, güclü yağış yağdı.
Həzrət Musa Peyğəmbər (ə) təəccüb içində olanların səbəbini Allahdan soruşdu, cavab gəldi: “Mənim günahkar bəndəm sidq ürəkdən tövbə etdi, dərgahıma üz tutdu. Mən bu vaxta kimi onun üzündən sizi yağışdan məhrum etmişdim. Amma bil ki, bu gün məhz onun hörmətinə sizə yağış göndərdim. Mənim dərgahımda səmimi tövbənin dəyəri bu qədər böyükdür”.
Musa (ə) xahiş etdi: “Allahım, əgər Sən yağışı onun xatirinə yağdırmısansa, demək, o adam Sənin razılığına nail olub, övliyadır, Sənin dostundur. O adamı mənə tanıtdır ki, əllərindən öpüm”.
Allah buyurdu: “Ya Musa! Mən istəmərəm ki, o adam öz keçmişinə görə sizdən utanıb xəcalət çəksin. O, günah edəndə, mənə asi olanda mən öz mərhəmətimlə onun kimliyini gizli saxlamışdım. İndi deyirsən ki, tövbə edəndən sonra bu sirri faş edim?”
TÖVBƏ ALLAHIN MƏRHƏMƏTİDİR
Tövbə etmək imkanı Allahın öz bəndəsinə bir lütfüdür. Allah öz bəndələrinə o qədər mehribandır ki, istənilən günahın tövbəsini qəbul edər. Bəndə hər nə qədər böyük günah etsə belə, səmimi tövbə ilə o günahı yuya bilər.
Rəvayət edirlər ki, bir gün Bəhlul adlı bir cavan oğlan ağlaya-ağlaya Peyğəmbərin yanına gəlib dedi ki, çox dəhşətli, hətta dağlardan da böyük bir günah edib. Peyğəmbər heyrətlə buyurdu: “Əgər günahın yerdən, dənizlərdən, qum dənələrindən, ağaclardan, yerdəki bütün məxluqatdan da böyük olsa, Allah bağışlayar”. Oğlan dedi: “Mənim günahım bunlardan da böyükdür”. Peyğəmbər buyurdu: “Əgər günahın asimandan, ulduzlardan da böyük olsa, yenə Allah bağışlayar”. Bəhlul ümidsizliklə söylədi: “Mənim günahım bunların hamısından daha böyük və daha ağırdır”.
Peyğəmbərin tələbi ilə Bəhlul öz günahı barədə danışmağa başladı. Məlum oldu ki, o, yeddi ildir dəfn edilən ölülərin qəbrini açıb kəfənlərini oğurlamaqla məşğuldur. Bu günlərdə o, bir cavan qızın qəbrini açıb və şeytanın təhriki altında qızın cənazəsi ilə günah edib.
Peyğəmbər Bəhlulun danışdığı hadisədən dəhşətə gəlib duadan imtina etdi. Bəhlul Mədinə ətrafındakı dağlara çəkildi, boynuna və əllərinə zəncir vurdu, qırx gün tövbə edib Allaha yalvardı: “Allahım, əgər günahımı bağışladınsa, öz peyğəmbərinə bu barədə vəhy göndər. Əgər bağışlamadınsa, bu dünyada məni yandır ki, qiyamət günündə hamının qarşısında rüsvay olmayım”.
Bu zaman Allah-Taala Peyğəmbərə bu ayəni nazil etdi: “Onlar bir əxlaqsızlıq etdikləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb, günahlarının bağışlanmasını istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar” (Ali-İmran, 135).
Peyğəmbər Bəhlulu görmək üçün dağlara gəldi, öz əlləri ilə onun qolundakı zənciri açdı, üstündən toz-torpağı təmizləyib söylədi: “Müjdə olsun sənə, ey Bəhlul! Allah səni cəhənnəm atəşindən xilas etdi”. Sonra yanındakı səhabələrə belə buyurdu: “Günahlarınızı Bəhlul kimi bağışlatdırın”.
İkinci hissə
Allah öz bəndələrini çox sevir
Qurani-Kərim “Bismillahir-Rəhmanir-Rəhim” ayəsi ilə başlayır. Allah-təalanın Rəhman sifəti Onun rəhminin genişliyini, Rəhim sifəti isə tükənməzliyini göstərir.
Uca Yaradan bu dünyada hamıya qarşı mehribandır. Kafirə də, möminə də ruzi verir. Günəş öz istiliyini, torpaq öz bərəkətini, su öz ləzzətini heç kəsdən əsirgəmir. Bütün bunlar Allahın sonsuz mərhəmətinin nişanəsi olmaqla yanaşı, həm də bir imtahan vasitəsidir. Nemətlərlə bəslənən insanların içindən kim şükr edəcək, kim nankor olacaq?
Müqəddəs kitabın ayələrində dönə-dönə Allahın mərhəmət və lütfündən danışılır:
“Mərhəmətim hər şeyi ehtiva etmişdir” (Əraf, 156).
“De: “Ey mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!” (Zümər, 53).
Peyğəmbər buyururdu ki, ərşin üzərində Allahın bu mübarək kəlamı yazılıb: “Mənim mərhəmətim qəzəbimi qabaqlayır”. Allah o qədər mərhəmətlidir ki, insanları doğru yola hidayət etmək, dünya və axirət səadətinə qovuşdurmaq üçün hər kəsin batinində daxili rəhbər – vicdan yerləşdirib. Bundan əlavə, hər millətə, hər qövmə peyğəmbərlər göndərib, səmavi kitablar nazil edib.
Allah o qədər mərhəmətlidir ki, insanın hər yaxşı əməlinin müqabilində ona qat-qat artıq savab yazır:
“Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz” (Ənam, 160).
Bəzi hədislərdə xeyir əmələ görə verilən savabın 600 qata qədər artırıldığını oxuyuruq. Günahlar isə səmimi tövbədən sonra heç olmamış kimi silinər. Elə isə, günah girdabına qərq olan insan həqiqətən, özünə qarşı zülm etmirmi?
Əbuzər Ğifarinin Həzrət Mühəmməd Peyğəmbərdən (s) rəvayət etdiyi bir hədisi-qüdsidə deyilir ki, Allah-təala buyurur: “Mən yaxşılığın əvəzini onqat və hətta artıq verirəm. Pisliyə görə ya bir cəza verirəm, ya da bağışlayıram. Vay o adamın halına ki, bütün bunlarla birlikdə biri onunu (yəni günahı savabını) üstələmiş olsun”.
Bir gün bir bədəvi ərəb Peyğəmbərlə görüşmək üçün Mədinəyə gəlir. Kasıb olduğu üçün Peyğəmbərə hədiyyə gətirməyə imkanı olmur, amma əliboş gəlməyə də utanır. Çöldə bir göyərçin balasını yuvasından tutub özü ilə gətirir. Mədinə məscidində Peyğəmbərin hüzuruna yetişən bədəvi ərəb göyərçin balasını o həzrətə təqdim edir. Bir də görürlər ki, ana göyərçin özünü məscidin içinə vurub, adamlardan qorxmadan balasına yaxınlaşır. Hamı göyərçinin fədakarlığına və sevgisinə məəttəl qalır. Peyğəmbər bu mənzərəni seyr edən müsəlmanlara buyurur: “Gördünüzmü ana öz balasını nə qədər sevir? Bilin ki, Allah-təalanın öz bəndələrinə sevgisi və mərhəməti bu quşun öz balasına sevgisindən qat-qat çoxdur”.
“Səhihi-Müslim”də və sair mənbələrdə xatırlanan başqa bir rəvayətdə deyilir ki, bir gün müharibədə ələ keçirilmiş əsirləri Peyğəmbərin hüzuruna gətirirlər. Bu zaman uşaqlardan birinin ağlamaq səsi eşidilir. Əsir qadınlardan biri yüyürərək özünü uşaqların arasına vurur, ağlayan körpəni bağrına basıb əmizdirməyə başlayır. Peyğəmbər ətrafdakılardan soruşur: “Necə düşünürsünüz, bu qadın öz körpəsini yanar odun içinə atarmı?” Səhabələrin hamısı: “Əlbəttə ki yox!” – cavabını verir. Peyğəmbər buyurur: “Bilin ki, Allahın öz bəndələrinə sevgisi bu ananın balasına məhəbbətindən min dəfə çoxdur”.
Deyirlər ki, Nuh Peyğəmbər (ə) yüz illər boyunca öz xalqını imana dəvət etmiş, amma sözləri nəticəsiz qalmışdı. Axırda Həzrət Nuh (ə) camaatın inadkarlığından qəzəblənir, onları məhv etməsi üçün Allaha bəd-dua edir. Allah-təala öz peyğəmbərinə vəhy edir ki, bir qədər gil hazırlasın və gildən qablar düzəltsin. Nuh Peyğəmbər (ə) Allahın əmrini yerinə yetirir, gildən xeyli qab-qacaq yapır. İşini qurtarandan sonra Allah ona vəhy edir: “Ey Nuh! İndi bu qabların hamısını yerə çırpıb sındır!” Həzrət Nuh (ə) heyrət içində deyir: “Axı mən bunları düzəltmək üçün zəhmət çəkmişəm. Bunlar mənim məhsullarımdır. Bu qabları məhv etməyə mənim əlim gəlməz!” Allah-təala cavab verir: “Sən öz yaratdıqlarını məhv etmək istəmirsən, onlara heyfin gəlir. Amma tələb edirsən ki, mən öz yaratdıqlarımı yox edim?!”
Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: “Allahın mərhəməti yüz qismdir. Onun bir qismini öz məxluqatına bəxş edib. İnsanlar, cinlər, heyvanlar və quşlar bu mərhəmətin sayəsində bir-biri ilə ünsiyyət qurur, bir-birini sevirlər. Bu mərhəmətin sayəsində vəhşi heyvanlar belə, öz balalarını istəyirlər. Allah mərhəmətin qalan 99 qismini özünə saxlayıb, qiyamət günündə öz bəndələrinə bu mərhəməti izhar edəcək”.
Başqa bir hədisdə buyurulur ki, əgər kafir Allahın mərhəmətinin miqdarını tam bilsəydi, cənnətdən ümidini üzməzdi (Səhihi-Buxari, Kitab əl-Riqaq, hədis 6469).