İslam tarixiMəqalələr

Azərbaycan və təsəvvüf – üçüncü hissə əlavə edildi

Birinci hissə

Azərbaycan torpaqlarında təsəvvüf ənənəsi İslamın ilk əsrlərindən etibarən yaranmağa başlamışdır. Azərbaycan xalqının ilk yazılı ədəbiyyat nümunələrindən olan “Dədə Qorqud dastanı”nda Burla Xatun Saluq Qazana belə söyləyir: “Quru-quru çaylara suçu saldım, qara donlu dərvişlərə nəzirlər verdim” (“Dirsə xan oğlu Buğac xan” boyu).

Təqribən XI əsrdən etibarən sufi təlimi Azərbaycanın dini-ictimai həyatda rol oynamağa başlayır. O dövrün ən böyük sufilərindən olan Əbu Səid Əbul-xeyrin (967-1049) nəslindən Məhəmməd ibn Münəvvər tərəfindən qələmə alınmış “Əsrar əl-tövhid fi məqamat Şeyx Əbi Səid Əbi-l-xeyr” risaləsində Azərbaycan sufiləri ilə bağlı maraqlı bir məqam vardır. Əbu Səid Əbul-xeyr Nişapurda olarkən Əbu Nəsr Şirvani adlı bir mürid onu tez-tez ziyarət edir və dərvişlərə paylamaq üçün pul gətirirdi. Şeyx Nişapuru tərk edəndə yaşıl rəngli kürkünü Əbu Nəsr Şirvaniyə verib tapşırır ki, öz vətəninə getsin və orada sufiliyi təbliğ etməyə başlasın. Şirvani vətəninə gəlib xanəgah tikir və şeyxin kürkünü də həmin xanəgahda saxlayır. Müəllif yazır ki, hər cümə günü namazdan sonra xanəgahın xidmətçisi kürkü uca bir yerdən asır, hamı gəlib o kürkü ziyarət edir, heç kim kənarda qalmır. Əgər o yerin əhalisinə aclıq, vəba və ya başqa bir bəla üz versə, şeyxin kürkünü götürüb səhraya gedir, orada həmin geyim vasitəsilə təvəssül edib bəlanın uzaqlaşmasını diləyirlər, Allah bəlanı onlardan dəf edir. Müəllif sonda qeyd edir ki, “şeyxin himməti və o camaatın təmiz əqidəsi üzündən” həmin məntəqədə 400-dən artıq xanəgah vardır, dərvişlər orada rahatlıq içindədirlər (Əsrar əl-tövhid, səh.174).

Mənbələrdən məlum olur ki, Azərbaycan ərazisində ilk sufi xanəgahları (təkyələri) daha çox Şirvan bölgəsində, həmçinin, Bakıda mövcud olmuşdur. X-XI əsrlərdə yaşamış məşhur bakılı sufi-şair Baba Kuhi Bakuvi Şirazi (948-1037) bir müddət Azərbaycanın şimalında yerləşən Babadağda inzivaya çəkilmiş (dağ da öz adını ondan almışdır), daha sonralar Bağdad, Nişapur və Şiraza səfər edərək oradakı sufilərlə görüşmüşdü. Onun Əbu Səid Əbül-xeyr, Mühəmməd ibn Xəfif və Qüşeyri ilə ünsiyyət qurması, Şeyx Əbül-Abbas Nəhavəndi ilə elmi mübahisələr aparması (bu mübahisələrin sonunda Nəhavəndi onun üstünlüyünü etiraf etmişdi) məlumdur. Baba Kuhi ömrünün son dövrünü Şiraz yaxınlığındakı bir dağın mağarasında keçirmiş, burada dünyasını dəyişərək dəfn olunmuşdu. Bura irfan əhlinin ziyarət yeri idi. Rəvayətə görə, Hafiz Şirazi gənclik illərində bir gecə Baba Kuhinin məzarının yanında təvəssül edib yatdıqdan sonra ona güclü ilham verilmişdi.

İçərişəhərdə, Qız qalasının şimal tərəfində yerləşən və arxeoloji qazıntılar nəticəsində qalıqları aşkar edilmiş məscid Baba Kuhi Bakuvinin Bakıda yaşadığı zaman ibadət məkanı olmuşdur.

Baba Kuhinin qardaşı Pir Hüseyn Şirvani də görkəmli təsəvvüf xadimi idi. İndiki Hacıqabul rayonu ərazisində yerləşən Pirsaat və ya Pirhüseyn xanəgahı onun adı ilə bağlıdır, sufinin özü də həmin xanəgahda dəfn edilmişdir.
Baba Kuhi özündən əvvəlki və müasiri olduğu sufilərin barəsində maraqlı hadisələri toplayıb kitab halına salmışdır; “Əxbar əl-arifin” adlanan bu kitab klassik sufi ədəbiyyatının ən gözəl nümunələrindən sayılır. Əbdürrəhman Cami sufilərin həyatından bəhs edən “Nəfəhat əl-üns” əsərində Xacə Abdullah Ənsarinin (1006-1088) Baba Kuhi haqqında belə dediyini nəql edir: “Çoxlu səfərlər etmiş, dünyanın bütün şeyxlərini görmüşdü və onlardan çoxlu hekayətlər edirdi. Mən onun dilindən otuz min hekayət və üç min hədis seçib yazmışam. O, təsəvvüf bəhanəsi ilə dünyaya gəlmiş mələk idi, bütün elmlərdən xəbərdar idi”.

Baba Kuhinin irfani məzmunlu şeir divanı sufilər tərəfindən yüksək dəyərləndirilirdi. Sədi Şirazi “Bustan” əsərinin beşinci dəftərində Baba Kuhinin adını çəkərək, onun kəlamlarına müraciət etmişdir.

XIV əsrdə Bakı ətrafında yaşamış Əbu Səid Abdal Bakuvi adlı səxavətli və kəramətli sufinin xanəgahı xalq içində məşhur idi. Neft quyularından biri ona vəqf edilmişdi, o da quyudan çıxan neftin qazancı ilə dolanır və ehtiyaclılara yardım göstərirdi. “Gülüstani-İrəm” kitabında yazılıb ki, hətta Elxani hökmdarı Sultan Məhəmməd Xudabəndə Ölcaytu onunla görüşmüş, Bakuvinin göndərdiyi hədiyyələrin tam halal olduğuna inandığı üçün onları satıb puluna özündən ötrü kəfən alınmasını tapşırmışdı.

Əbu Səid Bakuvinin məzarı “Xəlifə damı” adı ilə tanınırdı (“xəlifə” sözü canişin mənasını ifadə edir və təsəvvüf kitablarında şeyxlərin məntəqələr üzrə canişinləri və varisləri bu cür adlandırılır). Sonralar Xəlifə damı torpaq altında qalsa da, ərazisi insanlar tərəfindən pir kimi ziyarət edilirdi. XX əsrin əvvəllərində onun yerində Bakının mərkəzi ibadət ocağı sayılan Təzəpir məscidi tikildi. Elə əvvəlki Xəlifə damı pirinin qalıqları üzərində tikildiyinə görə bu məscidə Təzəpir deyilir.

İkinci hissə

Azərbaycanda sufiliyin tarixindən danışarkən əxi ocaqlarını da mütləq yada salmalıyıq. Əxilik fütüvvət (comərdlik) prinsipi üzərində qurulan, mənəvi dəyərlərə, sağlam ictimai münasibətlərə, qarşılıqlı yardımlaşmaya əsaslanan təlim idi. Əxi ocaqlarına cəmiyyətin əsasən aşağı və orta təbəqələrinin nümayəndələri, sənətkarlar qoşulurdu. Əxilər yalnız öz əllərinin zəhməti ilə dolanır, nəinki başqalarından yardım ummur, hətta özləri onlara yardım edirdilər. Xalqa xidmət əxiliyin əsasını təşkil edirdi.

Əxi ocaqları şəbəkəsi Azərbaycanın bütün iri şəhərlərini bürümüşdü. Hətta Nizami, Məhsəti, Xaqani kimi böyük şairlərin əxi birliklərinə üzv olduğu mənbələrdə göstərilir. Əxi təşkilatlarının Beyləqan, Gəncə, Şabran, Naxçıvan məntəqələrində də mövcudluğu sübuta yetmişdir.

Naxçıvanda doğulmuş Xacə Məhəmməd Xoşnam əxi böyüklərindən olan zəncanlı Əxi Fərəcin müridlərindən idi. “Deyilənlərə görə Azərbaycanda təsəvvüf təriqəti onun vasitəsilə yayılmışdır” (M.Tərbiyət. Danişməndani-Azərbaycan, səh.371). Xacə Fərəcin 1064-cü ildə vəfat etdiyini nəzərə alaraq deyə bilərik ki, Xacə Xoşnam XI əsrdə yaşamışdır.

Bakı qalasının cənub darvazasındakı kitabədə (1384-cü il) Əxi Ramazan Şirvaninin, Abşeronun Kürdəxanı kəndindəki zaviyənin kitabəsində Əxi Nurullah ibn Hacı Əbayilənin adının həkk edilməsi, Dərələyəzdəki Ələyəz kəndində Əxi Təvəkkül zaviyəsi (XVI əsr), Gəncə şəhərindəki Comərd Qəssab türbəsi, Zəngəzurdakı Comərdli kəndi, Qubada “Comərd” adlı müqəddəs yerlərin mövcudluğu da Azərbaycan ərazisində əxi təşkilatlarının yayıldığını göstərir. Əxilər Səfəvilərin hakimiyyətə gəlməsində rol oynamış, əxi rəisləri Səfəvilər dövlətində yüksək vəzifələrə təyin olunmuşdular. Şah İsmayılın sərkərdələrindən biri Əxi Sultan Təkəli, Şah Təhmasibin vəzirlərindən biri Xacə Əxi bəy idi (Ə.Əhməd. XII-XV əsrlərdə Azərbaycanın mənəvi mədəniyyəti, səh.200-201).

Zahidiyyə təriqəti

Sufilik təşkilatlanma mərhələsinə qədəm qoyduğu və sufi təriqətləri meydana gəldiyi zaman zahidiyyə, xəlvətiyyə, səfəviyyə, hürufiyyə, nəqşbəndiyyə, bəktaşiyyə, yəsəviyyə kimi təriqətlər Azərbaycanda da yayılmağa başladı. Bunların Azərbaycanda yayılma arealı və ardıcıllarının sayı eyni deyildi, bəzi təriqətlər nisbətən zəif, bəziləri isə cəmiyyətdə daha güclü mövqeyə malik idi.

Bir çox sufi təriqətinin silsiləsində yer tutan Şeyx Zahid Tacəddin İbrahim Gilani (1218-1301) Lənkəranın Siyavurd kəndində doğulmuş, bir müddət Şirvanşahların himayəsi altında fəaliyyət göstərmişdi. Gilani Azərbaycanda böyük nüfuza malik idi, hətta müridlərinin sayının yüz min nəfər olduğunu yazmışlar. Şeyx Zahid Gilani zahidiyyə təriqətinin banisi olmaqla yanaşı, xəlvətiyyə və səfəviyyə təriqətlərinə də başlanğıc vermiş, öz növbəsində bu təriqətlərdən digər qollar ayrılmışdı. Şeyx Zahid Gilani əvvəlcə öz doğma kəndi Siyavurdda dəfn edilmiş, sonralar kəndi su basdığı üçün cənazəsi Lənkəranın Hiləkəran kəndinə köçürülmüş və kənd onun şərəfinə Şıxəkəran adlanmışdır. Bu gün də Şeyx Zahidin türbəsi xalqın ziyarət yeridir.

Şeyx Zahud Gilaninin müridləri arasında Əxi Yusif Şirvani, Əbdürrəhman Şirvani, gəncəli Pir Hikmət və Şirvanda doğulmuş Əxi Məhəmməd önəmli yer tutmuşlar (Təsəvvüf tarixi (BİU Zaqatala şöbəsinin nəşri), səh.219).

Səfəviyyə təriqəti

Bu təriqətin banisi “Şeyx Səfi” kimi tanınan, yeddinci imam Musa Kazimin nəslindən gəldiyi deyilən Şeyx Səfiəddin İshaq ibn Cəbrail Ərdəbilidir (1252-1334); təriqət onun adını daşıyır. Şeyx Səfi gənclik illərində mürşid axtarışında ölkələri gəzmiş, nəhayət, Şeyx Zahid Gilaninin müridi olmuşdu. O, 25 il Şeyx Zahiddən təsəvvüfün sirlərini öyrənir, hətta onun qızı ilə evlənmək şərəfini qazanır. Ustadının vəfatından sonra Şeyx Səfi təsəvvüf aləmində öz yolunu, öz üslubunu yaradır. Tezliklə onun şöhrəti ətrafa yayılır, müridlər onun xanəgahına axışır. Hətta o dövrün hökmdarları da Şeyx Səfiyə ehtiram göstərir və onunla hesablaşırdılar. Tarixçi Həmdullah Mustovfi yazırdı: “Şeyx Səfiəddin Ərdəbili zəmanənin hörmət sahiblərindən olan əzəmətli insandır. Monqollar ona böyük ehtiram bəsləyirlər, Şeyx də onları insanlara zülm etməkdən çəkindirir” (Həmdullah Mustovfi. Tarixe-qozide, səh. 675).
Elxani sərkərdəsi Əmir Çoban Sulduz bir gün Şeyx Səfidən soruşdu: “De görüm, mənim əsgərlərimin sayı çoxdur ya sənin müridlərinin?” Şeyx təmkinlə cavab verdi: “Başqa ölkələrlə işim yoxdur, təkcə bu diyarda sənin hər əsgərinin müqabilində bizim yüz müridimiz var” (Qazı Nurullah Şüştəri. Məcalisül-möminin, 2-ci cild, səh.43).
Səfəviyyə təriqətinin İslam tarixində rolu o qədər mühümdür ki, hər xalq onu öz mənəvi irsi hesab edir və özününküləşdirir. Şeyx Səfinin fars, kürd və ya türk mənşəli olması barədə mübahisələr getsə də, danılmaz tarixi faktlar onun türk olduğunu təsdiq edir. Görkəmli şərqşünas V.V.Bartold bu barədə yazırdı: “Bu Ərdəbil dərvişləri, şübhəsiz, fars yox, türk mənşəlidirlər. O zamanlar Azərbaycan əhalinin tərkibi baxımından artıq türk diyarı idi. Türk tayfaları şeyxlərin ətrafında daha sıx birləşirdilər” (Bartold V.V. Əsərləri, 2-ci cild, 1-ci hissə, səh.748).

Şeyx Səfidən sonra onun nəslindən olan canişinləri Ərdəbil təkkəsinə rəhbərlik etməklə bərabər, bölgənin ictimai-siyasi həyatında da mühüm rol ifa etmişlər. Şeyx Səfinin nəvəsi Xacı Əli Teymurun Anadoludan gətirdiyi on minlərlə əsiri azad etməyə müvəffəq oldu, onların sayəsində səfəvilik Anadoluda yayıldı. Səfəvi nəslindən olan Şeyx İbrahim, Şeyx Cüneyd və Şeyx Heydər təriqəti həm də hərbi gücə çevirərək, siyasət səhnəsinə daxil oldular. Məhz Şeyx Heydərin zamanında səfəvilik daxilində şiə qızılbaşlıq kimliyi formalaşdı. Səfəvi müridləri başlarına 12 şiə imamının şərəfinə 12 zolaqlı qırmızı papaq qoyaraq, “qızılbaş” kimi tanındılar. Nəhayət, Şeyx Heydərin oğlu İsmayıl Anadoludan köçüb-gəlmiş Şamlı, Rumlu, Ustaclı, Təkəli, Əfşar, Qacar, Bayat, Zülqədər, Oryat, Qaramanlı, Baharlı tayfalarının köməyi ilə XV-XVI əsrlərin qovşağında bölgədəki yerli hakimləri, o cümlədən, Ağqoyunlu, Şirvanşah və Şeybani hökmdarlarını məğlub edərək Səfəvilər dövlətinin əsasını qoydu.

Üçüncü hissə

Xəlvətiyyə təriqəti

Şeyx Zahid Gilaninin müridlərindən olan şirvanlı Şeyx Kəriməddin Əxi Məhəmməd xəlvətiyyə təriqətinin banisi və ilk şeyxi Əbu Abdullah Siracəddin Ömər Xəlvətinin (vəf. 1349 və ya 1397) əmisidir. Ömər Xəlvəti Şamaxının Avaxıl kəndində doğulmuş, təsəvvüf elmini əmisindən mənimsəmiş, Şirvanda, daha sonra Xoy şəhərində, Misirdə yaşamış, Cəlairi hökmdarı Sultan Üveysin əmri ilə Təbrizdə məskunlaşıb burada da vəfat etmişdir. Məzarının Təbrizdə yaxud Avaxıl kəndində onun adını daşıyan qəbristanlıqda olması ehtimal edilir.

Təsəvvüf aləmində “xəlvət” məfhumu mühüm yerə malikdir. Şeyxin öz müridini müəyyən müddətə xarici dünyadan təcrid olunmuş uzaq və ya qapalı bir yerə zikr və ibadət üçün göndərməsinə xəlvət deyilir. Düşüncə­ni Allahdan savayı hər şeydən təmizləmək­ xəlvətin əsasıdır. Həzrət Məhəmmədin (s) peyğəmbərlikdən qabaq Hira mağarasında tənhalığa çəkilməsi də sufilər tərəfindən xəlvət kimi dəyərləndirilir.

Ömər Xəlvəti tərəfindən formalaşdırılmış xəlvətiyyə təriqətinin silsiləsi Həzrət Əliyə dayaqlanır; bu silsilədə Həsən Bəsri, Məruf Kərxi, Səriyy Səqəti, Cüneyd Bağdadi, Əbunnəcib Sührəverdi kimi böyük şəxsiyyətlərin adına rast gəlirik.

Ömər Xəlvətidən sonra təriqətə onun şirvanlı müridləri başçılıq etmişlər. Təsadüfi deyil ki, xəlvətiyyə təriqətinin Şeyx Ömərdən sonra ikinci parlaq siması da Azərbaycanın yetirməsi olan Seyid Yəhya Şirvani Bakuvi olmuşdur. Tam əminliklə deyə bilərik ki, zahidiyyə kimi xəlvətiyyə də bütövlükdə Azərbaycan sufi təriqətidir; Azərbaycanda yaranmış, təşəkkül tapmış, güclənmiş və buradan digər bölgələrə (Anadolu, Balkanlar, Suriya, Misir, Orta Şərq və Şimali Afrika) yayılmışdır.

Seyyid Yəhya Şirvani Bakuvini xəlvətiyyə təriqətində “piri-sani”, yəni “ikinci pir (şeyx)” adlandırırlar. Hətta təriqətin təşəkkülündə müstəsna rolunu nəzərə alaraq onu xəlvətiyyənin əsil banisi sayanlar da var. Xəlvətiyyənin məhəlli təriqət şəklindən çıxaraq, Şirvan hüdudlarını aşmaqla ətraf bölgələrə yayılması onun və müridlərinin sayəsində mümkün olmuşdur.

Seyid Cəmaləddin Yəhya Şirvani Bakuvi miladi XV əsrin sonlarında Şamaxıda doğulmuşdur. Şəcərəsi yeddinci imam Musa Kazimə (ə) bağlıdır. O, xəlvətiyyə şeyxi şamaxılı Sədrəddin Xiyavinin dəvəti ilə təriqətə daxil olmuş, istedadı ilə fərqləndiyinə görə mürşidi öz qızını ona ərə vermişdi.

1420-ci illərdə Şeyx Sədrəddin vəfat etdikdən sonra seyyid Yəhya Şamaxıdan Bakıya köçür. O zamanlar Bakı Şirvanşahlar dövlətinin paytaxtı idi. Şirvanşah I Xəlilullah onun üçün Bakıda xanəgah tikdirir. Seyyid Yəhya onun adını daşıyan xanəgahda təlim-tərbiyə ilə məşğul olmağa başlayır. Alim təqribən 40 il Bakıda yaşayıb-yaratmış, bu müddət ərzində xeyli mürid (tələbə) yetişdirmişdir (bəzi mənbələrə görə onun 20 min nəfərdən artıq müridi vardı). Bu müridlər İslam dünyasının müxtəlif nöqtələrinə səpələnərək, xəlvətiyyə təriqətini təbliğ etmişlər.

Seyyid Yəhya çoxlu kəramət sahibi olmuş, əqidə, təfsir, əxlaq və təsəvvüf mövzusunda ərəb, türk və fars dillərində 23 kitab yazmışdır. Ən məşhur əsəri “Şifa əl-əsrar” türk dilindədir. O həm də incə zövqlü, zərif təbli şair idi.

Seyyid Yəhya Şirvani Bakuvi 1466-cı ildə Bakıda vəfat etmiş, cənazəsi böyük izdihamla Şirvanşahlar sarayının hüdudları daxilində yerləşən məqbərədə dəfn olunmuşdur.

H.Əliyev Fondunun təşəbbüsü ilə 2013-cü il UNESCO tərəfindən Seyyid Yəhya Şirvani Bakuvi ili elan edilmişdir. Bu münasibətlə həm beynəlxalq, həm də Azərbaycan səviyyəsində alimin elmi və mənəvi irsinin araşdırılması, təbliği və nəşri istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

Xəlvətiyyə ən geniş yayılmış təsəvvüf təriqətlərindən biri olmuş, S.Y.Bakuvidən sonra onlarla qola və şöbəyə bölünmüşdür. Diqqətəlayiq cəhət budur ki, xəlvətiyyənin Rövşəniyyə və Gülşəniyyə adlı iki mühüm qolu Dədə Ömər Rövşəni və İbrahim Gülşəni adlı arif-şairlər tərəfindən yaradılmışdır. Dədə Ömər Rövşəni (1407-1487) və qardaşı Əlaəddin Əli (vəf. 1462) Bakıda Seyid Yəhyanın xanəgahında təhsil almışdılar. Onun tövsiyəsi ilə Əlaəddin Əli Anadoluda, Rövşəni isə Azərbaycanda təriqəti yaymaqla məşğul olmuşdu. Rövşəninin müridi Şeyx İbrahim Gülşəni (vəf. 1534) böyük ehtimalla Bərdədə doğulmuş, daha sonra Təbrizdə məskunlaşmışdı. O, Ağqoyunlu sarayında mühüm dövlət tapşırıqlarını yerinə yetirirdi. Məhz Rövşənini Qarabağdan Təbrizə dəvət etmək missiyası da Uzun Həsən tərəfindən ona həvalə edilmişdi. Rövşəni Təbrizə gəldikdən sonra (1478) İbrahim Gülşəni onun müridi olur, qısa zaman ərzində fərqlənərək mürşidi tərəfindən xəlifə (canişin) elan edilir. Təbriz şəhəri Şah İsmayıl tərəfindən fəth edildikdən sonra İbrahim Gülşəni Diyarbəkrə köçür, daha sonra Misirə səfər edir və orada ömrünü başa vurur. Onun 75 min beytlik nəhəng ədəbi irsə malik olduğu deyilir.

Qubanın Müşkür kəndində doğulmuş, məzarı Xaçmazın Şıxlar kəndində olan Ziyaəddin Yusif ibn Əli Müşküri (vəf. 1485) və Şirvanda doğulub Bakıda vəfat etmiş Şükrüllah Xəlvəti (vəf. 1473) Seyid Yəhya Bakuvinin seçilmiş müridlərindən idilər. Bunların birincisi Şamaxıda, ikincisi isə Bakıda fəaliyyət göstərmişlər.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Oxşar yazılar
Close
Back to top button