Həzrət Mühəmməd Peyğəmbərin (s) zamanında Mədinə məscidinin quruluşu və ölçüləri hansı şəkildə idi?
Həzrət Mühəmməd Peyğəmbər (s) Məkkədən Yəsribə (Mədinəyə) hicrət etdikdə əvvəlcə şəhərin girəcəyindəki Qüba kəndində bir neçə gün qaldı. İslam tarixində ilk məscid də Qübada tikildi. Daha sonra Peyğəmbər Yəsribə daxil oldu. Qalacağı yeri bəlirləmək üçün dəvəsinin ovsarını buraxmağı tapşıraraq, dəvənin çökəcəyi yerdə məscid və özünə ev tikdirəcəyini bildirdi. Dəvə Səhl və Süheyl adlı iki yetim qardaşa məxsus olan torpaq sahəsində yerə çökdü. Peyğəmbər həmin sahəni simvolik məbləğə satın aldı. Peyğəmbərin özü də daxil olmaqla bütün müsəlmanlar məscidin tikintisinə başladılar. Məscidi təqribən 1,5 metr dərinlikdə daş bünövrə üzərində ucaltdılar, divarlarını kərpicdən tikdilər. Mehrab Beytül-Müqəddəsə sarı yönəlmiş şimal divarında idi. Qalan üç divarın hərəsində bir qapı açıldı. Hicrətdən 18 ay sonra qiblənin istiqaməti dəyişdikdən sonra Beytül-Müqəddəsə sarı yönəlmiş mehrabı ləğv edib, əvəzində qapı açdılar. Cənub (Məkkə) istiqamətindəki qapını isə bağlayıb, onun yerində mehrab düzəltdilər. Məscidin şərq tərəfində Peyğəmbərin və xanımlarının hücrələri yerləşirdi. Məscidin planı tərəfləri 45 metrə çatan kvadrat şəklində idi. İbadət yerinin üstü açıq buraxılmışdı. Yalnız məscidin ortasında xurma ağacından bir neçə dirək basdırılmış, üzəri ağac budaqları ilə örtülərək kölgəlik yaradılmışdı. Məscidin minarəsi yox idi. Bilali-həbəşi yaxınlıqdakı evin damına qalxıb azan verirdi. Ilk vaxtlar Peyğəmbər xütbə söyləyərkən bir ağac kötüyünün üzərində dururdu. Sonralar səhabələrdən biri o həzrət üçün taxtadan üç pilləli minbər hazırladı.