MəqalələrQuran

Quranın qəlbi – Ya-Sin surəsi Yalnız ölülər üçünmü?

Qurani-kərimin surələri arasında Fatihədən və Ixlasdan (Qül hüvəllahdan) sonra ən geniş tanınan və ən çox oxunan surə Ya-Sindir desək, yəqin ki səhv etmərik. Ən azı hüzr məclislərində və qəbir ziyarətlərində hər birimiz bu surəni dönə-dönə eşitmişik. Amma təəssüf ki, əksəriyyətimiz Ya-Sini yalnız mollanın ifasında dinləyib; yas məclislərində ehsan süfrəsindən qabaq Quran tapşırılanda, cümə axşamları qəbir üstündə molla hamının eşidəcəyi səslə ucadan bu surəni oxuyanda, ya da əziz günlərdə yaxınlarımızın məzarı üzərində sifariş verib pulla bu surəni oxutduranda. Hər bir halda Ya-Sin oxumaq bizim xatirimizdə yas məclislərinə xas olan, ölüyə aid olan bir mərasim kimi qalıb. «Ya-Sin oxumaq» sözünü eşidəndə həmin an gözümüzün qabağına hüzr məclisi, ehsan süfrəsi, qəbristanlıq gəlir. Görəsən, əslində belədirmi? Ya-Sin surəsini oxuyan mollanın səsini eşitmək ölülərin ruhuna daha çox xeyirdir, yoxsa diri insanlara? Bunu aydınlaşdırmağın ən yaxşı yolu budur ki, surənin möhtəviyyatı ilə tanış olaq, bu surəni oxumağın fəzilətləri barədə hədisləri oxuyaq, surənin ayrı-ayrı ayələrinin gündəlik həyatdakı yerini və rolunu görək.

Həzrət Mühəmməd Peyğəmbər (s) Ya-Sin surəsini Quranın qəlbi adlandırırdı: «Hər şeyin qəlbi var, Quranın da qəlbi Ya-Sindir». Qəlb (ürək) bədənin əsasını təşkil edir. Bədəni idarə edən, onun həyatını təmin edən, bədənə can verən ürəkdir. Əgər Ya-Sin surəsi çoxumuzun düşündüyü kimi ölülərə aiddirsə, niyə Quranın qəlbi sayılır? Məgər Allah Qurani-kərimi Peyğəmbərə ona görə vəhy etməyibmi ki, insanlar bu kitabı oxumaqla küfrdən və cəhalətdən xilas olsunlar, haqqı tanısınlar? Məgər Qurandakı əqidə prinsipləri, şəriət hökmləri, əxlaq normaları, peyğəmbərlərin həyatına aid ibrətli əhvalatlar ölülər üçündür? Əlbəttə ki yox. Elə isə, Quranın ürəyi olan, yəni bu kitabın möhtəviyyatını, xülasəsini, ruhunu özündə daşıyan bir surə də yəqin ki eyni xüsusiyyətə malik olmalıdır.

Ya-Sin surəsi Məkkədə nazil olub, 83 ayədən ibarətdir. Məkkədə nazil olmuş digər surələr kimi onun da əsasın əqidəvi məsələlərə, Allahı, peyğəmbəri tanıtdırmağa, axirət dünyasının varlığını sübut etməyə yönəlmiş ayələr təşkil edir. Surə Həzrət Mühəmmədin (s) peyğəmbərliyinin elanı ilə başlayır, sonra Quranın hər şeyi bəyan edən Allah kəlamı olduğu vurğulanır, bunu inkar edənlərin axirətdə nə kimi cəzalara məhkum ediləcəyi bildirilir. Daha sonra keçmiş zamanlarda azğınlığa düçar olmuş ümmətlərin birinə göndərilmiş elçilərin (peyğəmbərlərin və övliyaların) başına gələn hadisələr təsvir edilir. Bunun ardınca Allahın qüdrət və əzəmətini, elm və hikmətini təsdiq edən təbiət hadisələri – Günəş, Ay, ulduzlar sadalanır, bunların yaradılışındakı möcüzələr diqqətə çatdırılır. Surənin təqribən yarıdan sonrası qiyamət günündə əbədi əzaba düçar olacaq kafirlərin aqibətinin təsvirini əhatə edir. Onlara veriləcək əzablar, günahlarının sübuta yetirilmə qaydası təsvir edilir. Bununla paralel olaraq cənnət əhlinin xoş güzəranı rəngarəng ifadələrlə verilir. Surənin sonuna yaxın mövzu məad əqidəsi üzərinə gətirilir. Qiyamət günündə ölülərin dirilərək qəbirdən qalxacaqlarını inkar edən müşriklərin iddialarına cavablar verilir və bu iddiaların əsassızlığı sübuta yetirilir. Surə Allahın qüdrətini təsvir edən ayələrlə yekunlaşır.

Doğrudur, bir qisim hədislərdə Ya-Sin surəsini ölülərin ruhu üçün oxumaq, can verən adamın başının üzərində tilavət etmək tövsiyə edilir. Amma bu da inkaredilməz həqiqətdir ki, yuxarıda sadalanan mövzuların hər biri məhz diri insanların eşitməsinə, anlamasına və düşünməsinə ünvanlanıb. Bunlar ölülərin ruhundan daha artıq dərəcədə diriləri maraqlandırmalı olan mövzulardır. Surənin məhz hüzr məclislərində oxunmasının səbəbi budur ki, əvvəla, bu cür məclislər həmişə izdihamlı olur. Insan məscidə getməsə də, dini kitab oxumasa da, qohum və qonşuların yas mərasiminə getməyə məcburdur; bu, bütün dövrlərdə qeydsiz-şərtsiz qəbul edilən, riayət olunan bir ənənədir. Ikincisi, surənin yarısından çoxunun məhz qiyamət hadisələrinə, axirət həyatına, günahkarların pis aqibətinə həsr olunması da onu eşidənlərə güclü psixoloji təsir göstərir. Bu cür mövzuları qəbristanlıqda, məzarların arasında, ya da hüzr məclislərində eşitməkdən daha effektiv bir vasitə varmı?

Amma… Bütün bunlar o zaman lazımi faydanı verər ki, həmin hüzr məclislərində eşidənlər əvvəla, mollanın nə oxuduğuna qulaq assınlar. Ikincisi də ya oxunan sözləri anlamaq üçün ərəb dilini bilsinlər, ya da heç olmasa onun tərcüməsi ilə tanış olsunlar. Birinci problemi həll etmək üçün bu kifayət edər ki, yas məclislərində və ya qəbristanlıqda Ya-Sin oxuyan molla ilə paralel olaraq qiymətlərin qalxmasından, qazın və işığın kəsilməsindən, havadan, siyasətdən və sairədən danışıb başımızı qatmayaq. İkinci problemi həll etmək üçün isə ya evdə Quranı stolüstü kitabımıza çevirməli və onun içindəki surələrin heç olmazsa tərcüməsi ilə tanış olmalıyıq. (Özü də bu zaman yalnız kor-koranə oxumaqla kifayətlənməməli, ayələrn mənasını düşünməli, «Allah bununla bizə nəyi demək istəyir?» sualına cavab tapmağa çalışmalıyıq). Ya da məclisi idarə edən molla öz dini vəzifəsini yerinə yetirərək Ya-Sini ərəb dilində oxuduqdan sonra onun tərcüməsini də deməlidir. Ya da heç olmazsa, ən lazımlı ayələri qısa şərh etməlidir. Düşünürük ki, ruhanilərin bu barədə düşünməsinin vaxtı çoxdan çatıb və dini mərasimlərimizin klassik formasına, dini atributların toxunulmazlığına xələl gətirmədən bəzi islahatları həyata keçirmək ehtiyacı çoxdan yaranıb.

Imam Cəfər Sadiqin (ə) Ya-Sin surəsi haqqında buyurduğu aşağıdakı sözlər də surənin həm bu dünyada, həm də axirətdə insana eyni dərəcədə böyük faydalar verdiyini sübut edir: «Hər kim gündüz vaxtı bu surəni oxusa, həmin gün ərzində Allah tərəfindən qorunar və ona ruzi verilər. Hər kim bu surəni yatmazdan qabaq oxusa, Allah onu şeytanın şərindən və hər cür bəladan qorumaq üçün min mələk göndərər. Əgər həmin gün ölsə, onun qüsl mərasimində 30 min mələk iştirak edər. Onların hamısı mərhumun günahlarının bağışlanması üçün dua edər, dəfn mərasiminə qatılar və meyiti qəbrə kimi ötürərlər. Meyiti qəbrə qoyanda mələklər ibadət edər və savabını mərhuma bağışlayarlar.

Onun qəbri göz işlədikcə genişlənər. Qəbir əzabı o adamın meyitindən uzaqlaşdırılar. Onun qəbrindən səmaya nur qalxar. Allah onun meyitini qəbirdən çıxarar və bu zaman mələklər onu müşayiət edər, üzünə gülümsəyər, ona müjdə verər, onu mizan tərəzisindən və sirat körpüsünün üstündən keçirərlər. Onun ruhunu elə bir yerə apararlar ki, Allaha hamıdan yaxın olar. O yerdə müqərrəb (yaxın) mələklərdən və peyğəmbərlərdən başqa heç kim olmaz. Onun ruhu başqa ruhlar kimi narahat olmaz, əziyyət çəkməz. Sonra Allah ona buyurar: «Ey bəndəm! Kimin barəsində istəsən, şəfaət et; şəfaətini qəbul edərəm. Nə istəsən dilə; dilədiyini verərəm». O, şəfaət edər və şəfaəti qəbul olar.

O, istəyər və dilədiyini alar. Başqa ruhlar heyrətlə deyərlər: «Sübhan Allah. Elə bil ki, bu adamın heç bir günahı yoxdur!». Və o, Həzrət Mühəmməd Peyğəmbərlə (s) birlikdə olar» (hədis «Məcməül-bəyan» və «Bürhan» təfsirlərindən nəq olunur). Diqqət yetirin ki, mərhumun ruhuna verilən bu qədər mükafatın səbəbi onun qəbri üzərində mollanın Ya-Sin oxuması deyil. Insan sağlığında bu surəni sevə-sevə oxumalıdır ki, həm diri ikən fayda qazansın, həm də öləndən sonra savab yiyəsi olsun. Sağlığında Quran əxlaqı üzərində yaşamayan, Ya-Sin surəsində vurğulanan tövhid, məad, iman kimi məsələləri inkar edən və ya bunlara laqeyd qalan adamın yasında Ya-Sin oxutdurmağın ona nə xeyri ola bilər?

Təbərsi «Məkarimül-əxlaq» kitabında yazır ki, Ya-Sin surəsi dünya və axirət ehtiyaclaından ötrü, canı, ailəni və malı hər cür bəladan qorumaq üçün oxunar. Ya-Sin surəsini oxumaqla xəstəliklər sağalar, çətinliklər həll olar, südü çəkilmiş qadın bu surəni oxusa südü artar. Ya-Sin surəsini yazıb üstündə gəzdirən adama göz dəyməz.
Ya-Sin Quranın elə nadir surələrindəndir ki, onun ayrı-ayrılıqda hər bir ayəsi ən müxtəlif mənəvi və maddi ehtiyacların təmin edilməsi üçün dua qismində istifadə edilə bilər. Növbənöv xəstəliklər, psixoloji və fiziki narahatlıqlar zamanı bu surənin ayələrini oxumaq və ya yazıb üstündə gəzdirmək, bəzən də yazıb su ilə yumaq və suyunu içmək insana şəfa verir. Məsələn:

Surənin 2-ci ayəsini («Vəl-Quranil-həkim». Tərc.: «Hikmətlə dolu Qurana and olsun») hər gün 100 dəfə oxumaq ruzi-bərəkəti artırar.

4-cü ayəni sübh namazından sonra 100 dəfə oxuyan adam Allahın sevimli bəndəsi olar: «Əla siratin müstəqim» (Tərc.: «Sən düz yoldasan»).

Qorxulu düşməndən qorunmaq üçün bu ayəni oxumaq və ya yazıb üstündə gəzdirmək faydalıdır: «Litünzirə qövmən ma ünzirə abaühüm fəhüm ğafilun» (Ya-Sin, 6). Tərc.: «Ataları (Allahın əzabı ilə) qorxudulmamış və qafil olan bir tayfanı xəbərdar edib qorxudasan!».

Tək qalıb qorxan adam surənin bu ayəsini 100 dəfə təkrar etsin: «Ləqəd həqqəl-qövlü əla əksərihim fəhüm la yuminün» (Ya-Sin, 7). Tərc.: «And olsun ki, onların əksəriyyəti barəsində o söz (əzəldən buyurduğumuz əzab hökmü) gerçək olmuşdur, çünki onlar iman gətirməzlər».

Qüdrət sahiblərinin yanında hörmətli olmaq üçün bu ayəni müşk və zəfəranla yazıb öz üstündə gəzdirməyin xeyri var: «Inna nəhnü nühyil-mövta və nəktübü ma qəddəmu və asarəhüm və küllə şey’in əhseynahü fi imamin mübin» (Ya-Sin, 12). Tərc.: «Həqiqətən, ölüləri dirildən, onların (dünyada) nə etmiş olduqlarını və qoyub getdiklərini yazan bizik. Biz hər şeyi hesaba alıb açıq-aydın Kitabda (lövhi-məhfuzda) təsbit etmişik».

Əllamə Məclisinin «Zadül-məad» kitabının haşiyəsində bəxti bağlanmış adamın (burada oğlan ya qız olması arasında fərq qoyulmayıb) bəxtinin açılması və xoşbəxt olması üçün 13-cü ayəni kağıza yazıb su ilə yumaq və suyunu o adama içirmək məsləhət bilinir: «Vəzrib ləhüm məsələn əshabəl-qəryəti iz caəhal-mürsəlun» (Ya-Sin, 13). Tərc.: «Sən onlara o şəhər əhlini misal çək! O zaman ki, onlara elçilər gəlmişdi».

Düşmənçiliyi və ədavəti özündən uzaqlaşdırmaq istəyən adam aşağıdakı ayəni yazıb üstündə gəzdirsin: «Və ma əleyna illəl-bəlağül-mübin» (Ya-Sin, 17). Tərc.: «Bizim vəzifəmiz yalnız açıq-aşkar təbliğ etməkdir!».

Doğuşu çətin keçən qadının vəziyyətini yüngülləşdirməkdən ötrü Ya-Sin surəsinin bu ayəsini gülabla yazıb, sonra yazını su ilə yumaq və suyu qadına içirmək yaxşı nəticə verir: «Qalu tairüküm məəküm əin zükkirtüm bəl əntüm qövmün müsrifun» (Ya-Sin, 19). Tərc.: «(Elçilər) dedilər: «Sizin nəhsliyiniz öz ucbatınızdandır. Məgər sizə öyüd-nəsihət verildikdə onu uğursuzluğa yozursunuz? Xeyr, siz həddi aşan bir camaatsınız!».

Bel ağrısından əziyyət çəkən adamın bu ayəni yazıb üstündə gəzdirməsi məsləhət görülüb: «Bima ğəfərə li rəbbi və cəələni minəl-mükrəmin» (Ya-Sin, 27). Tərc.: «Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi».

Uşaq yaxşı yatmasa, aşağıdakı ayəni yazıb beşiyin və ya uşağın yastığının altına qoyurlar ki, yuxusu yoluna düşsün: «In kanət illa səyhətən vahidətən fəizahüm xamidun» (Ya-Sin, 29). Tərc.: «(Onların cəzası) ancaq dəhşətli bir səs (Cəbrailin qışqırtısı) oldu. Dərhal məhv olub getdilər».

Cinlərin şərindən amanda qalmaq üçün bu ayəni yazıb üstündə gəzdirmək tövsiyə edilib: «Və in küllün ləmma cəmiün lədeyna mühzərun» (Ya-Sin, 32). Tərc.: «Hamı, (bəlli) hamı (qiyamət günü) bizim hüzurumuza gətiriləcəkdir!».

Ölünü qəbir əzabından xilas etmək üçün kəfəninə bu ayəni yazmağın da faydalı olduğunu bildirirlər: «Sübhanəlləzi xələqəl-əzvacə külləha mimma tünbitül-ərzü və min ənfüsihim və mimma la yə’ləmun» (Ya-Sin, 36). Tərc.: «Yerin yetişdirdiklərindən, onların (insanların) özlərindən və bilmədiklərindən (erkək və dişi olmaqla) cütlər yaradan Allah pakdır, müqəddəsdir».

Ürəkkeçməsi və pisixi pozuntuları olan adam üçün bu ayələri yazıb boynundan asmaq xəstəliyinin yüngülləşməsinə səbəb olar: «Vəl-qəmərə qəddərnahü mənazilə hətta adə kəl-ürcunil-qədim» (Ya-Sin, 39). Tərc.: «Biz ay üçün mənzillər müəyyən etdik. Nəhayət, o, dönüb xurma ağacının qurumuş əyri budağı kimi (hilal şəklində) olar».

Axirətdə sirat körpüsünün üstündən sürətlə və rahat keçmək istəyən adam isə bu surəni tez-tez oxusa yaxşı olar: «Və ayətün ləhüm ənna həməlna zürriyyətəhüm fil-fülkil-məşhun» (Ya-Sin, 41). Tərc.: «Övladlarını dolu gəmiyə mindirməyimiz də onlar üçün (qüdrətimizə) bir dəlildir».

3 gecə ərzində hər gecə 30 dəfə olmaqla bu ayəni oxuyan adam yuxuda Həzrət Mühəmməd Peyğəmbəri (s) görər; bu şərtlə ki, halal (qəsb olunmamış) yerdə yatsın: «Və xələqna ləhüm min mislihi ma yərkəbun» (Ya-Sin, 42). Tərc. «Onlar üçün bunun kimi (başqa) minik vasitələri də yaratdıq».

Bu ayəni tez-tez təkrar edən şəxs öləndən sonra qəbirdə sorğu-sual mələklərinin suallarına asan cavab verər: «Və iza qilə ləhüm ənfiqu mimma rəzəqəkümüllahü qal-əlləzinə kəfəru lilləzinə amənu ənüt’imü mən löv yəşaüllahü ət’əməhü in əntüm illa fi zəlalin mübin» (Ya-Sin, 47). Tərc.: «Onlara: «Allahın sizə verdiyi ruzidən (ehtiyacı olanlara) sərf edin!» – deyildiyi zaman, kafirlər möminlərə: «Allahın istədiyi təqdirdə özü yedirə biləcəyi kimsəni bizmi yedirdəcəyik?!» – deyərlər. Siz sadəcə olaraq açıq-aşkar azmısınız».

Dua kitablarında yazıldığına görə, hər kim Ya-Sin surəsinin 48-ci ayəsini yazıb öz üstündə gəzdirsə, suda batmaz: «Və yəqulunə məta hazal-və’dü in küntüm sadiqin» (Ya-Sin, 48). Tərc.: «Onlar: «Əgər doğru söyləyirsinizsə, bu vəd (qiyamət günü) nə vaxt yerinə yetəcək?» – deyərlər».

Düşmənin dil-ağzını bağlamaq və zərərini uzaqlaşdırmaq üçün bu ayəni oxumaq məsləhətdir: «Əlyövmə nəxtimü əla əfvahihim və tükəllimüna eydihim və təşhədü ərcülühüm bima kanu yəksibun» (Ya-Sin, 65). Tərc.: «Bu gün onların ağızlarını möhürləyirik. Etdikləri əməllər barəsində onların əlləri bizimlə danışar, ayaqları isə şəhadət verər». Həmçinin, ishal xəstəliyinə düçar olmuş insan da bu ayəni yeməli bir maddənin (və ya kiçik kağız parçasının) üstünə yazıb yesə, xəstəlikdən şəfa tapar.

Ağciyərin ağır xəstəliklərindən olan plevrit və pnevmoniyaya düçar olmuş adam aşağıdakı ayəni yazıb kürəyinə bağlasa, Allahın izni ilə şəfa tapar: «Və löv nəşaü lətəməsna əla ə’yünihim fəstəbəqüs-siratə fəənna yübsirun» (Ya-Sin, 66). Tərc.: «Əgər istəsəydik, (dünyada) gözlərini büsbütün kor edərdik və onda onlar yolda bir-birini ötməyə çalışardılar. Amma necə görə bilərdilər?».

Hər kim şeytanın şərindən və vəsvəsəsindən uzaq olmaq istəyirsə, aşağıdakı ayəni gündə üç dəfə oxusun: «Və löv nəşaü ləməsəxnahüm əla məkanətihim fəməstətau müziyyən və la yərciun» (Ya-Sin, 67). Tərc.: «Əgər istəsəydik, onları lap yerlərindəcə elə bir kökə salardıq ki, nə irəli, nə də geri gedə bilərdilər».

Əllamə Məclisinin «Zadül-məad» kitabının haşiyəsində yazılıb ki, hər kim səhərlər bu ayəni oxusa, kasıblıqdan xilas olar: «Və mən nüəmmirhü nünəkkishü fil-xəlqi əfəla yə’qilun» (Ya-Sin, 68). Tərc.: «Hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik, başqa şəklə salarıq. Məgər dərk etməzlərmi?». Həmçinin, güclü ürəkbulanması olan şəxs üçün bu ayəni yazıb su ilə yusalar və ona içirsələr, vəziyyəti yüngülləşər.

Gözü ağrıyan adam üçün Ya-Sin surəsinin 69-cu ayəsini oxuyub gözünə üfürməklə xəstəlikdən şəfa tapar inşaallah: «Və ma əlləmnahüş-şi’rə və ma yənbəği ləh. In hüvə illa zikrün və Quranün mübin» (Ya-Sin, 69). Tərc.: «Biz ona (Mühəmməd əleyhissəlama) şeir öyrətmədik və bu ona heç yaraşmaz da. Ona vəhy olunan ancaq öyüd-nəsihət və açıq-aşkar Qurandır».

Aşağıdakı ayəni müşk və zəfəranla yazıb, sonra su ilə yazını yumaq və içmək sidik kisəsindəki daşın dərmanıdır: «Liyünzirə mən kanə həyyən və yəhiqqəl-qövlü ələl-kafirin» (Ya-Sin, 70). Tərc.: «Onunla diri olanları (ağıl və bəsirət sahiblərini) qorxutsun və o deyilən söz kafirlər barəsində gerçək olsun».

Çox ağlayan uşağın sakitləşməsi üçün bu ayəni yazıb uşağın qolundan asmaq və ya paltarına bağlamaq xeyirlidir: «Və ləhüm fiha mənafiü və məşaribü əfəla yəşkürun» (Ya-Sin, 73). Tərc.: «Onların (o heyvanlarda) mənfəətləri və içəcəkləri (südləri) də var. Hələ də şükür etməzlərmi?».

Ölünü qəbir əzabından xilas etmək üçün kəfəninə bu ayəni yazmağın da xeyri var: «La yəstətiunə nəsrəhüm və hüm ləhüm cündün mühzərun» (Ya-Sin, 75). Tərc.: «(O bütlər) onlara heç bir kömək edə bilməzlər. Onlar özləri isə bütlər üçün (onları başqalarından qoruyan) hazır əsgərlərdir».

Bəzi alimlərin kitablarında qeyd edilib ki, Ya-Sin surəsinin 78-ci ayəsi bədəndə olan əzik və sınıqları sağaltmaq üçün də faydalıdır. Bu ayəni 40 dəfə zeytun yağına oxuyub, həmin yağı əzilmiş və ya sınmış yeri sürtmək lazımdır: «Qalə mən yühyil-izamə və hiyə rəmim» (Ya-Sin, 78). Tərc.: «Öz yaradılışını unudub: «Çürümüş sümükləri kim dirildə bilər?!» – deyə, hələ bizə bir məsəl də çəkdi».

Dua kitablarında yazılıb ki, göz ağrısı olan adamın bu ayəni yazıb üzərində gəzdirməsi ona yaxşı təsir edər: «Qül yühyihəl-ləzi ənşəəha əvvələ mərrətin və hüvə bikülli xəlqin əlim» (Ya-Sin, 79). Tərc.: «De: «Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyandır!».

Ehtiyaclarının həll olmasını istəyən adam surənin son ayəsini oxusa, istədiyi həyata keçər: «Fəsübhanəlləzi biyədihi mələkutü külli şey’in və ileyhi turcəun» (Ya-Sin, 83). Tərc.: «Hər şeyin hökmü əlində olan (Allah) pakdır, müqəddəsdir. Siz də (qiyamət günü dirilib) Onun hüzuruna qaytarılacaqsınız!».

Sonda buna diqqət yetirməyiniz xahiş olunur ki, ayələrin faydasını əldə etmək üçün onları ərəb əlifbası ilə düzgün şəkildə yazmaq və göstərilən təlimatlara uyğun formada istifadə etmək lazımdır.

(Məqalədə «Məfatihül-hacat» (Ehtiyacların kilidi), «Gənchayi-mənəvi» (Mənəvi xəzinələr), «Xütum və əzkar» (Xətmlər və zikrlər) kitablarından istifadə edilmişdir).

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button