Qadın doğuşdan sonra nifas qüslü verməli olduğunu unudub və gündəlik namazlarını qılıb. Bu halda qıldığı namazlar düzgündürmü?
Oxucu sual verir
Şəriətə əsasən, qadın doğuşdan sonra 10 gün müddətində qanaxma ilə üzləşərsə, namaz və orucdan azaddır (orucun qəzasını tutmaq şərti ilə). Belə ki nifas müddəti 10 gündən az da ola bilər, amma 10 günü keçə bilməz. Təkcə normal doğuş deyil, uşağın vaxtından qabaq düşməsi və abort zamanı (günah olsa da) 10 gün müddətində gələn qan nifas qanı sayılır.
Qan kəsildikdən sonra qadın mütləq nifas niyyəti ilə qüsl almalıdır. Yalnız qüsldən sonra o, vacib olan namazları qıla və orucları tuta bilər. Lakin əgər qadın nifas qüslü verməyi unutmuşsa və ya ümumiyyətlə, nifas qüslü verməli olduğunu bilməmişsə, bu halda da istənilən niyyətlə aldığı ilk qüsldən sonra pak sayılır.
Çünki boynunda bir neçə növ qüsl olan qadın hamısının əvəzinə bir dəfə qüsl alsa kifayətdir. Əgər qadın nifas qanından təmizləndikdən sonra nifas niyyəti ilə qüsl almamışsa, amma bir neçə gündən sonra məsələn, heyz və ya cənabət niyyəti ilə qüsl almışsa, bu halda nifas qüslü də boynundan götürülmüş olur. İlk qüsldən sonra yerinə yetirdiyi ibadətlər düzgündür inşallah. Nifasın bitdiyi gündən ilk qüslə kimi olan günlərin ibadətlərini isə qəza etməsi məsləhətdir.