MəqalələrQuran

Quran cənnət əhlini belə vəsf edir

Hər şeydən əvvəl Qurani-kərimdə dönə-dönə vurğulanır ki, insanın cənnətə düşmə ehtimalı imanla saleh əməlin vəhdəti sayəsində mümkündür. “Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik” (Nəhl, 97).

Aydındır ki, burada mükafat deyərkən dünyanın maddi nemətlərindən daha çox axirət nemətləri nəzərdə tutulur. Başqa bir ayədə bu mükafatın nədən ibarət olacağı açıqlanır. Bu mükafat – təsvirəsığmaz nemətləri olan Ədn cənnətidir (yəni behiştin Ədn adlı mərtəbəsidir): “İman gətirib yaxşı əməllər edənlərə gəldikdə isə Biz (o cür) yaxşı işlər görənlərin mükafatını zay etmərik! Onları (ağacları) altından çaylar axan Ədn cənnətləri gözləyir…” (Kəhf, 30-31). Quranın daha bir neçə ayəsində də imanla saleh əməlin vəhdətinə nail olan şəxslərin cənnətə aparılacağını oxuyuruq (Kəfh, 2-3; Ənkəbut, 58; Nisa, 124; Taha, 75-76; Ğafir, 40).

Allah özünün mömin və əməlisaleh bəndələrinə nəinki cənnətə düşməyi vəd edir, hətta cənnətdə əbədi olaraq qalmağı zəmanət verir: “İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar” (Bəqərə, 82).

Quran ayələrinin birində iman və saleh əməllə yanaşı daha bir cəhət də cənnət əhlinə aid edilir: “İman gətirib yaxşı işlər görənlər və ümidlərini Rəbbinə bağlayanlar isə cənnətlikdirlər. Onlar orada əbədi qalacaqlar!” (Hud, 23). Burada möminə xas olan rəca halı, yəni günahlarının Allah tərəfindən bağışlanacağına ümid ifadə edilib. Mömin öz günahlarını göz önünə gətirib əzabdan qorxmaqla yanaşı, həm də ilahi mərhəmətə ümid etməlidir. Məhz bu iki duyğunun müvazinətindən iman möhkəmliyi yaranır.

Məryəm surəsinin 63-cü ayəsi cənnətin təqvalı insanlara məskən olacağını açıq şəkildə bəyan edir: “Bu, həmin o Cənnətdir ki, bəndələrimizdən müttəqi olanları ona varis edəcəyik”. Burada müttəqi – həyatı boyunca ardıcıl olaraq təqvaya riayət edən, Allahın qadağanlarından qaçan, əmrlərinə isə laqeyd qalmayan, öz üzərində ilahi nəzarəti və məsuliyyəti həmişə hiss edən insandır. Quranın bir neçə başqa ayəsi də təqvalıların xoş aqibətindən söz açır (Duxan, 51-52; Mürsəlat, 41; Rəd, 35; Nəhl, 31; Hicr, 45; Fürqan, 15 və s). Allah-təala təqva sahiblərinin cənnətə düşəcəyini bəyan etməklə yanaşı, bu barədə ən kiçik şübhəni də yaxına buraxmır: “Lakin Rəbbindən qorxanları (cənnətdə) bir-birinin üstündə tikilmiş otaqlar (behiştin yüksək məqamları) gözləyir. Onların altından çaylar axar. Bu, Allahın vədidir. Allah vədə xilaf çıxmaz!” (Zumər, 20).

Ali-İmran surəsində təqvalıların məskunlaşacağı cənnətin təsəvvürəgəlməz ölçülərini (genişliyi göylərlə yer üzü qədər) bəyan edən Allah bu gözəl axirət məkanının məhz təqvalılardan ötrü nəzərdə tutulduğunu vurğulayır. Daha sonra isə cənnətə layiq görüləcək təqvalıları aşağıdakı ifadələrlə vəsf edir: “O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər” (Ali-İmran, 134). Növbəti ayədə isə müttəqilərin öz günahlarını yada salıb tövbə etmələrindən və bir daha həmin günaha dönməmələrindən danışılır.

Cənnətə aparan yolun əsas şərtlərindən biri də haqq yolda sabitqədəm olmaq, çətinliklərdən qorxmamaq, hərdəmxəyallıq göstərməməkdir. Quranda buyurulur: “Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyənlərin, sonra da (sözünün üstündə) möhkəm duranların (qiyamət günü) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməyəcəklər! Belələri cənnətlikdirlər, onlar (dünyada) etdikləri (yaxşı) əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar!” (Əhqaf, 13-14).

İnsanı cənnətə aparan əxlaqi dəyərlərdən biri də səbirdir: “Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaq” (İnsan, 12). Rəd surəsinin 23-24-cü ayələrində də bu fikir təsdiqlənərək bəyan edilir ki, səbir edənlər cənnətdə sakin olacaq və mələklər onları salamlayacaqlar.

Ayələrə nəzər saldıqca insanı cənnətə aparan digər xüsusiyyətlərlə də tanış oluruq. Bunlardan biri də təbərradır, yəni Allahın və Peyğəmbərin düşmənləri ilə düşmən olmaq, onları baykot etmək və onlara qarşı cəbhədə yer tutmaqdır. Təsadüfi deyil ki, təvəlla (Allahın dostlarını sevmək) və təbərra (Allahın düşmənləri ilə düşmənçilik etmək) fürui-dindən sayılır: “Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə – dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh (güc) vermişdir. (Allah) onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir.

Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Bilin ki, Allahın firqəsi, məhz onlar nicat tapıb (əbədi) səadətə qovuşanlardır” (Mücadilə, 22). Bundan gözəl bir vəsf ola bilərmi? Öz sevgisinə və nifrətinə Allahı meyar və ölçü götürənlər Allahın firqəsi (dəstəsi) adlandırılır. Onlar hətta öz mənafeləri, qohumluq əlaqələri üzündən belə, haqqı danmaz, ilahi dəyərlərə qarşı çıxmaz, ədalətin tərəfində durarlar. Bu əzmkarlıq onlara əbədi cənnət qazandırar.

 

Qurani-kərimin Məaric surəsinin bəzi ayələri araşdırdığımız mövzu baxımından çox əhəmiyyətlidir. Həmin ayələrdə cənnət əhlinin bəzi xüsusiyyətləri yanaşı sadalanır: ardıcıl olaraq namaz qılanlar (yəni namazı tərk etməyənlər, ona saymazyana baxmayanlar), öz varından ehtiyaclılar üçün pay ayıranlar, qiyamət gününə sidq ürəklə inananlar, ilahi əzabdan qorxanlar, namusla yaşayıb əxlaqsızlıqdan uzaq gəzənlər, əmanəti qoruyanlar, vədə əməl edənlər, düzgün şahidlik edənlər (Məaric, 22-34). Bu ayələrdə diqqət yetirilməli iki əsas nüans vardır. Birincisi, Allah burada namaza məsuliyyətlə yanaşmağın əhəmiyyətini vurğulamaq üçün namaz mövzusunu iki dəfə təkrar edir. İkinci nüans isə budur ki, Allah bu xüsusiyyətlərə malik olan şəxslərin sadəcə behiştə gedəcəyini buyurmaqla kifayətlənmir, onları ehtirama layiq görülən və əzizlənən cənnət sakinləri kimi təqdim edir: “Məhz onlar cənnətlərdə ehtiram olunacaq (əzizlənəcək) kimsələrdir!” (Məaric, 35). Bu insanlar sıravi cənnət sakini deyil, cənnətin seçilmiş və hörmətli sakini olacaqlar.

Quranın daha bir surəsində də cənnət əhlinin bir neçə xüsusiyyətinin sadalandığına şahid oluruq. Təqva, tövbə, günahlardan qorunmaq, Allahdan qorxmaq və haqqa doğru yönəlmiş qəlbə malik olmaq həmin xüsusiyyətlərin sırasındadır: “Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir. (Onlara deyiləcəkdir:) “Bu, vəd olunduğunuz (Cənnətdir). O, hər bir (tövbə edib Allaha tərəf) qayıdan, (nəfsini haramdan, özünü günahdan) qoruyan, Rəhmandan (Onu) görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönmüş qəlblə gələn bəndə üçündür!” (Qaf, 31-33).

Bu xüsusiyyətlərin bəziləri o biri ayələrdə ayrı-ayrılıqda xatırlanır. Məsələn, Naziat surəsində Allahdan qorxaraq günahlardan çəkinən şəxslər haqqında buyurulur: “Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini (şəhvəti) qadağan etmişsə, həqiqətən, onun yurdu Cənnətdir!” (Naziat, 40-41). Ayələrin birində Allah-təala səmimi qəlbdən tövbə edən bəndələrə cənnət müjdəsi verərək onları ümidləndirir: “Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin” (Təhrim, 8). Diqqət yetirilməli məqam budur ki, ayədə “nəsuh tövbə” ifadəsi işlədilir. Tövbeyi-nəsuh barədə Peyğəmbərimizdən (s) soruşanda belə cavab vermişdi: “Süd bir daha döşə qayıtmadığı kimi, bu tövbəni etmiş insan da bir daha günaha tərəf qayıtmaz”.

Doğruculluq (sidq) də axirətdə insanın dəyərini artıran, onu ilahi mükafatlara layiq edən keyfiyyətdir. Əməldə və sözdə düzgün olan, ixlasla davranan, səmimiyyəti unutmayan bəndələrin yeri cənnətdir: “Allah buyurdu: “Bu (qiyamət günü) elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər. Onları (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Bu, (möminlər üçün) böyük qurtuluşdur (uğurdur)!” (Maidə, 119).

Sosial həyata xüsusi diqqət yetirən Qurani-kərimin aynasında ailədaxili münasibətlər mühüm yerlərdən birini tutur. Müqəddəs Kitabda ailə üzvlərinə qarşı mehriban və məsuliyyətli davranan şəxslərə cənnət vəd edilir. Ayələrin birində cənnət əhlinin bir-biri ilə söhbəti təsvir edilir. “Səni hansı əməlin cənnətə gətirdi” sualına verilən cavab bu şəkildədir: “Biz bundan əvvəl (dünyada) ailəmiz içində olarkən (Rəbbimizin əzabından) qorxardıq” (Tur, 26).

Qurani-kərim ayələrində şəhidin ölü sayılmadığı, əksinə, diri olub ilahi nemətdən faydalandığı təkid olunur. Aşağıdakı ayə də şəhidlərin cənnətdəki mövqeyini bəyan edir: “Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır” (Tövbə, 111). Ali-İmran surəsinin 195-ci ayəsində məsələyə daha da aydınlıq gətirilir, Allah yolunda savaşanlar, öz yurdlarından qovulanlar, əziyyətə düçar olanlar da şəhidlərə tay tutulur, bunların hamısının günahlarının bağışlanmış halda cənnətə gedəcəkləri təkid edilir.

İnsanı cənnətə aparan yollar barədə Qurani-kərimdə buyurulanlarla tanış olduqdan sonra yarana biləcək belə bir sualı da cavabsız qoymamağı qərara aldıq: Niyə Quran insana cənnət qazandıran cəhətləri bu qədər rəngarəng və fərqli formalarda sadalayır? Niyə ayələrin bir qismində cənnət əhli bir cür vəsf edilir, başqa ayələrdə isə tamam başqa təsvirlərlə rastlaşırıq?

Bunun səbəbləri çox ola bilər. Əlbəttə, ən düzgününü Allah bilir. Biz bəzi ehtimalları saymaqla kifayətlənirik. Əvvəla, insanı cənnətə doğru aparan əqidə əsasları, əxlaq normaları və ibadət əməlləri çoxdur, onların hamısını bir ayədə ifadə etmək mümkün deyil. Hətta bu mümkün olsaydı da, ayə çox uzun və cansıxıcı alınardı.
İkincisi, Quran bütün bəşəriyyətə ünvanlanmış bir kitabdır. İnsanların hər birinin öz psixoloji durumu, temperamenti, iman dərəcəsi, şüur səviyyəsi vardır. Allah müxtəlif ayələrdə müxtəlif təbəqələrə fərqli üslublarda müraciət edir ki, tez anlasınlar.

Həmçinin, hər kəsin “büdrədiyi” məqamlar fərqlidir. Birisi üçün səbir, o birisi üçün saleh əməl, bir başqası üçün isə doğruculluq amilini vurğulamaq faydalıdır. Töbvəsini təxirə salanlar tövbə haqqında, ibadətə saymazyana yanaşanlar namaz mövzusunda tənbeh olunmalıdırlar.

Nəhayət, üçüncüsü, cənnəti qazanmağın yolları barədəki ayələrdə xatırlanan xüsusiyyətlərin hamısı bir-biri ilə sıx bağlıdır. Müsbət insan bu xüsusiyyətlərdən yanlız birinə sahib olub, o birisindən məhrum qala bilməz. Əsil mömin bu cəhətlərin hamısına (heç olmazsa, böyük əksəriyyətinə) sahib olmalıdır. Ayələrdə xatırlanan iman, təqva kimi anlayışlar bir çox başqa dəyərləri də özündə ehtiva edir. Bu baxımdan, ayələrdə fərqli dəyərlərin vurğulanması qətiyyən ziddiyyət təşkil etmir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button