Allah-Təalanın bəşəriyyətə son və ən kamil mesajı olan Qurani-Kərimdə insanlar arasında dostluq və qardaşlıq ideyası həmişə diqqət mərkəzində saxlanılır. Ayələrdə hamının bir ata və anadan, yəni Həzrət Adəm (ə) və Həvvadan yaradıldığı dönə-dönə vurğulanır, bununla da hamının eyni kökə mənsubluğu və hər kəsin o birinə uzaq qohum gözü ilə baxmasının zəruriliyi qabardılır:
“Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır” (Hucurat, 13).
Göründüyü kimi, ayədə Allah insanları sülhə və əmin-amanlığa dəvət etməklə, fərqliliklərin kökünü göstərməklə yanaşı, təqvanı vurğulayır və bizi öz məsuliyyətimizi unutmamağa çağırır. Müsəlmanlar fərqliliklərə təfriqə kimi deyil, əksinə, zənginlik kimi baxmağı bacarmalıdırlar.
Qurani-Kərim yalnız müsəlmanları deyil, digər dinlərin ardıcıllarını da, xüsusilə, vahid Yaradanı qəbul edən inanc sahiblərini anlaşmaya və dialoqa səsləyir: “(Ya Rəsulum!) Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! (O kəlmə budur:) “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” (Ali-İmran, 64).
Quranda nəinki kitab əhlinə, hətta bütpərəst və müşrik kafirlərə münasibətdə də müəyyən normaları gözləmək müsəlmanlara əmr edilir: “Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər” (Ənam, 108).
Keçmiş ümmətlərin də tarixində bu kimi misallara rast gəlirik. Allah-Təala Həzrət Musa (ə) və Həzrət Harunu (ə) Fironu hidayət etmək üçün göndərəndə onlara Fironla yumşaq danışmağı buyurmuşdu: “Fironun yanına yollanın. O, həqiqətən, azğınlaşıb həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!” (Taha, 43-44).
İslam Peyğəmbərinin (s) mülayim və mehriban təbliğ üsulu da Allah-Təalanın ona ünvanlanmış bu əmrinə əsaslanırdı: “(Ya Rəsulum!) İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!” (Nəhl, 125).
Əgər Allah-Təala hətta müşriklərə və qeyri-müsəlmanlara qarşı bu qədər tolerantlıq və yumşaqlıq göstərməyimizi tələb edirsə, öz müsəlman qardaşımızla münasibətdə necə mehriban davranmalı olduğumuzu təsəvvür etmək çətin deyil.
Qurani-Kərim baxımından müsəlmanların zəifliyinin əsas səbəbi məhz onların ortaq dəyərlər ətrafından dağılmalarında və bir-birinə qarşı çıxmalarındadır. Halbuki bu ortaq dəyərlərə sadiqlik onlara qüvvət bəxş etməlidir. Əgər arada müəyyən narazılıqlar yaranarsa, Allah müsəlmanları səbr etməyə, güzəştə getməyə, bir-birinin nöqsanını qabartmamağa çağırır: “Allaha və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir” (Ənfal, 46).
Qurani-kərim öz din qardaşlarına yalnız xeyir arzulayan, onlara kin bəsləməyən, əksinə, onlar barəsində həmişə xeyir dua edən müsəlmanı kamil mömin modeli olaraq təqdim edir: “Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!” (Həşr, 10).
Uca Yaradan Qurani-kərimdə dönə-dönə müsəlmanları birliyə, qardaşlığa və anlaşmaya dəvət edir. “Ali-İmran” surəsinin 103-cü ayəsində Allah-Təala buyurur: “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O, sizi oradan xilas etdi. Allah öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!” (Ali-İmran, 103).
Başqa bir ayədə bu fikir daha da qüvvətləndirilir: “Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, rəhm olunasınız!” (Hucurat, 10).
Daha bir ayədə müsəlmanlar arasında qərəzli şəkildə ixtilaf və düşmənçilik yaradan şəxslər ilahi əzabla qorxudulurlar: “Açıq-aydın dəlillər gəldikdən sonra bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar!” (Ali-İmran, 105).
İkinci hissə
Hədislərdə vəhdətə çağırış
Həzrət Məhəmməd Peyğəmbər (s) Məkkədən Mədinəyə köçdükdən sonra həyata keçirdiyi ilk tədbirlərdən biri müsəlmanlar arasında qardaşlıq əhdi bağlamaq oldu. Mədinənin yerli əhalisi (ənsar) ilə Məkkədən köçənlər (mühacirlər) arasında mehribanlıq yaratmaq məqsədilə Peyğəmbər hər tərəfdən bir nəfər seçərək onları qardaş elan etdi.
Allahın Rəsulu (s) bu hərəkətlə uzaqgörən bir addım atmış oldu. Çünki iki fərqli cəmiyyətin (mühacir və ənsar) qəfil təması nəticəsində ciddi problemlər yarana bilərdi. Əvvəla, mühacirlər 13 il Peyğəmbərin (s) tərbiyəsi altında qərar tutduqları halda, ənsar bu şərəfdən məhrum idi. Cahiliyyə düşüncəsindən hələ tam azad olmamış bir cəmiyyətdə qəbilə təəssübkeşliyinin izləri güclü idi. Üstəlik, Yəsribdə (Mədinədə) yaşayan münafiqlər də mühacirlə ənsar arasında qarşıdurma yaratmaq üçün səylərini əsirgəmirdilər. Belə bir şəraitdə yarana biləcək problemlərin qarşısını almaq üçün ən səmərəli tədbir məhz bu iki cəmiyyət arasında qardaşlıq əhdi bağlamaqdan ibarət idi.
Həzrət Məhəmməd Peyğəmbər (s) kəlmeyi-şəhadəti söyləyən hər bir şəxsi müsəlman icmasının bərabərhüquqlu üzvü kimi qəbul edirdi:“Kim: “La ilahə illəllah” – deyib Allahdan başqa tanrıları rədd etsə, Allah onun malını və qanını başqalarına haram edər. Bu adamın hesabı da yalnız Allaha aiddir” (Səhih Müslim, hədis 37 (130).
“Sünən İbn Macə”də rəvayət edilir ki, Peyğəmbərimiz (s) buyurmuşdur: “Hər kim: “Allahdan başqa tanrı yoxdur; O, təkdir və şəriksizdir; Məhəmməd Onun (Allahın) bəndəsi və elçisidir” – desə, heç kimin ona toxunmağa haqqı yoxdur. Yalnız həddi pozarsa (yəni günah edərsə), ona cəza tətbiq olunar” (Sünən İbn Macə, hədis 2539).
Həmin kitabdakı başqa bir hədisə görə Həzrət Məhəmməd (s) buyurmuşdur: “Müsəlmanı söymək fisqdir, öldürmək isə küfrdür” (Sünən İbn Macə, hədis 3940).
İmam Əli (ə) və vəhdət
İslam Peyğəmbərinin (s) vəfatından sonra İmam Əli (ə) özünü o həzrətin qanuni canişini saydığı halda, müsəlmanlar arasında təfriqə düşməməsi xatirinə açıq mübarizədən çəkindi. Həzrət Əli “Nəhcül-bəlağə”dəki məşhur Şiqşiqiyyə xütbəsində öz vəziyyətini belə təsvir edirdi: “Öz işlərim barəsində fikirləşdim ki, əlsiz (ordu və tərəfdarsız) hücum edim (öz haqqımı tələb edim) yoxsa qocaları həlak edən, gəncləri solduran və qocaldan, möminlərin (fəsadın aradan qalxması üçün) ölüncəyə qədər əziyyət çəkdiyi kor qaranlığa (xalqın azğınlığına) səbr edim. Səbr etməyin ağıllı iş olduğunu görüb gözlərimi toz, çör-çöp, boğazımı isə sümük tutduğu halda səbr etdim. Mirasımın tarac olunduğunu görürdüm…” (Nəhcül-bəlağə, Şiqşiqiyyə xütbəsi (üçüncü xütbə).
Xilafəti dövründə söylədiyi xütbələrin birində İmam Əli (ə) həmin günləri belə xatırlayırdı: “Mən gördüm ki, səbr etmək müsəlmanlar arasında təfriqə salıb qan tökməkdən daha yaxşıdır. Çünki camaat İslam dinini yenicə qəbul etmişdi. Din silkələnən bir qaba bənzəyirdi. Kiçik bir təkan onu məhv edərdi; hətta ən zəif və gücsüz bir insan da fürsətdən istifadə edib dinə sağalmaz zərbə vura bilərdi” (Mürtəza Mütəhhəri. Nəhcül-bəlağəyə bir baxış, s. 180).
Peyğəmbərin (s) vəfatəndan sonrakı çətin dönəmdə münafiqlərin başçısı Əbu Süfyan fürsəti qənimət bildi, həm İslama sarsıdıcı zərbə vurmağa, həm də siyasət meydanına qayıdıb əvvəlki nüfuzunu bərpa etməyə cəhd göstərdi. O, Peyğəmbərin (s) vəfatından və camaatın Əbu Bəkrə beyətindən az sonra İmam Əlinin (s) yanına gəldi, xilafəti ələ keçirmək üçün silahlı mübarizə təklifini irəli sürdü. Əbu Süfyan Əliyə (ə) vəd etdi ki, Mədinə şəhərini süvari və piyada əsgərlərlə doldurmağa imkanı vardır. Amma İmam Əli (ə) onun məqsədini başa düşərək qətiyyətlə rədd cavabı verdi.
“Nəhcül-bəlağə”nin şərhçisi və şafii məzhəbinin ardıcılı İbn Əbil-Hədid yazır ki, Peyğəmbərin (s) vəfatının ardınca Əbu Bəkrin xəlifə seçilməsindən sonra İmam Əlinin (ə) tərəfdarlarından biri Mədinə küçələrini dolaşıb uca səslə öz yazdığı bir şeiri oxumağa başladı. Şeirdə xilafətin Əliyə (ə) məxsus olması iddia olunur və xəlifə seçkisi tənqid atəşinə tutulurdu. İmam Əli (ə) onun səsini eşidən kimi xəbər yollayıb tapşırdı ki, hərəkətindən əl çəksin. Bu zaman İmam aşağıdakı cümləni söylədi: “Dinin salamatlığını qalan hər şeydən çox istəyirəm” (İbn Əbil-Hədid. Nəhcül-bəlağənin şərhi, VI, 21).
Üçüncü hissə
İmam Əli (ə) və vəhdət
İlk üç xəlifənin hakimiyyəti dövründə Əli (ə) öz hikmətli məsləhətləri ilə onlara yardım etdi. Hər üç xəlifə ən xırda şəriət məsələlərini belə, Əlinin (ə) iştirakı olmadan həll etmir və bununla da ona olan ehtiramlarını göstərirdilər. Həzrət Əli (ə) istər sıravi müsəlmanların təqdim etdiyi məişət problemlərini, istərsə də, İslam ümməti üçün taleyüklü məsələləri həll etməkdə heç vaxt öz köməyini xəlifələrdən əsirgəmirdi. Tarix kitablarında yazıldığı kimi Ömər ibn Xəttab dəfələrlə çətin məsələləri Əlinin (ə) göstərdiyi yolla həll etdikdən sonra demişdi: “Əgər Əli olmasaydı, Ömər həlak olardı”. Həmçinin xəlifə Ömər tapşırmışdı ki, Əli (ə) məsciddə olduğu zaman heç kim bir məsələ barədə özbaşına fətva verməsin. Ömərin dilindən rəvayət edilən: “İlahi, mənə elə bir gün göstərmə ki, qarşıma çətin məsələ çıxsın və Əbül-Həsən (yəni Əli) yanımda olmasın” duası onun Həzrət Əli (ə) dühası qarşısında valehliyini ifadə edir (Hakim Nişaburi. Əl-Müstədrək ələs-Səhiheyn, I, 629-630).
Bütün tarixçilər təsdiq edirlər ki, hicri-qəməri təqvimin tətbiqi, hərbi yürüşə göndərilən qoşunların say və tərkibinin təyini kimi mühüm məsələlərdə Ömər ibn Xəttab məhz Əlinin (ə) məsləhətlərinə əməl etmiş və uğur qazanmışdı.
Üçüncü xəlifə Osman ibn Affanın xilafətinin son günlərində İmam Əlinin (ə) göstərdiyi fəaliyyət ümmətin bütövlüyünün qorunmasına ən böyük xidmətlərdən biri oldu. Məhz həmin ağır günlərdə İmam Əli (ə) xilafətdən narazı qüvvələrlə Osmanın arasında barışıq yaratmağa var gücü ilə çalışırdı. O, gah xəlifənin evini mühasirəyə alan qüvvələrlə danışıq aparır, gah da xəlifə ilə görüşərək onu güzəştə çağırırdı. Lakin məlum səbəblərdən vəziyyət artıq onun nəzarətindən çıxmışdı. Bəzi mənbələrdə məlumat verilir ki, hətta Əli (ə) ən əziz adamlarını – oğulları Həsənlə Hüseyni (ə) Osmanın evinin müdafiəsinə göndərmişdi.
O, ümid edirdi ki, bu iki Peyğəmbər nəvəsinin ehtiramı camaatın xəlifəyə qarşı radikal addımlar atmasına mane olar. Əlinin sadiq nökəri Qənbər də Həsən və Hüseynlə (ə) birlıkdə Osmanın evinin qapısında keşik çəkirdi. Hətta camaatın hücumu zamanı Həzrət Həsən (ə) yaralanmış, Qənbərin başı daşla yarılmışdı. Təbəri, Məsudi və digər tarixçilər bu hadisələri təfsilatı ilə öz kitablarında təsvir etmişlər.
Obyektivlik naminə qeyd edirik ki, şiə mənbələrində Əlinin (ə) öz oğullarını və Qənbəri Osmanın müdafiəsinə göndərməsi faktı öz təsdiqini tapmır. Şiə rəvayətlərinə görə Osmanın qətli ərəfəsində Əli (ə) ailəsi ilə birlikdə, ümumiyyətlə, Mədinədə deyildi (bax: Əllamə Əmini. Əl-Ğədir, IX, 243-244). Tarixi mənbələrdə bu da qeyd edilib ki, Osmanın evini mühasirəyə alan qüvvələr suyun qarşısını kəsərək xəlifəni və onun müdafiəçilərini susuz qoymaqla təslim etmək istəyirdilər. Bu zaman Osmanın xahişinə cavab olaraq Əli (ə) Bəni-Haşimdən olan bir neçə igidin vasitəsilə xəlifənin evinə su ilə dolu üç tuluq göndərməyə nail oldu (Cəfər Sübhani. Füruğe-vəlayət, s. 361).
Çox təəssüf ki, narazı kütlələri sakitləşdirməyə və Osmanın qətlinə hər vasitə ilə mane olmasına baxmayaraq, sonralar bəzi siyasi oyunlar ucbatından Əli (ə) Osmanın qatillərinin himayəarı kimi tanıtdırıldı və bu yalan ittiham Əliyə (ə) qarşı aparılan müharibələrin əsas səbəbinə çevrildi. İmam Əli (ə) var gücü ilə bu iftiraları özündən uzaqlaşdırmağa çalışırdı. İbn Əsakirin qələmə aldığı irihəcmli “Dəməşq tarixi”ndə İmam Əlinin (ə) belə söylədiyi rəvayət olunur: “Onu mən öldürmədim, öldürməyi əmr etmədim, qətlində şərik olmadım və qətlindən razı qalmadım” (İbn Əsakir. Tarix Dəməşq, 39-cu cild, səh. 454 və s. mənbələr).
İmam Əli (ə) beş illik xilafət dövründə də firqələrə parçalanan, siyasi qruplaşmalara qoşulub bir-birinə qarşı silah çəkən müsəlmanları birləşdirməyə çalışdı. Onun apardığı döyüşlər İslam ümmətinin vəhdətinin qorunmasına və buna təhlükə törədən qüvvələrin zərərsizləşdirilməsinə yönəlmişdi.
Həzrət Əli (ə) öz xütbələrinin birində buyurmuşdu: “Allahın dinində siz hamınız qardaşsınız. Yalnız batinlərin natəmizliyi və düşüncələrin pisliyi sizin aranıza ayrılıq salıb” (Nəhcül-bəlağə, 112-ci xütbə). Bu kəlamdan görünür ki, birlik və mehribanlığın bərqərar olmasına maneçilik törədən əsas amil mənəvi çirkinlik və yersiz təəssübkeşlikdir. İmam Əlinin (ə) Malik Əştərə xitabən buyurduğu: “İnsanlar ya sənin din qardaşın, ya da yaradılış etibarilə xilqət qardaşındır” – kəlamı da sonsuz humanizmdən xəbər verir.
Dördüncü hissə
İmam Cəfər Sadiq (ə) və vəhdət
Yalnız Əli (ə) deyil, digər imamlar da həmişə İslam dininin mənafeyi naminə vəhdət ideyasını müdafiə etmiş, öz davranışları ilə buna nümunə olmuşlar. İmam Cəfər Sadiq (ə) kəlmeyi-şəhadəti söyləməyin müsəlmanlıq üçün kafi şərt olduğunu təsdiq edərək buyururdu: “İslam Allahdan başqa məbud olmadığına şəhadət vermək və Allah Rəsulunun (s) peyğəmbərliyini təsdiq etməkdir. Bununla canlar qorunar, nikah və irs məsələləri qüvvəyə minər. İnsan toplumu bu hökmün zahiri üzərindədir (yəni insanlara bu hökmün zahiri şamil olar)” (Üsuli-Kafi, II, 25).
Həmin kitabda yazılmış başqa bir hədis o həzrətin məsələyə münasibətini daha dolğun nümayiş etdirməkdədir:
İmam Sadiqin (ə) üç səhabəsi aşağıdakı suala cavab tapmaq üçün mübahisə edirlər: Şiə məzhəbindən olmayan şəxsin hökmü nədir; onu müsəlman saymaq olar, yoxsa olmaz? Onlardan biri deyir ki, imaməti qəbul etməyən kafirdir. İkincisi iddia edir ki, imamət barəsində heç məlumatı olmayan şəxsə kafir demək olmaz; lakin imamət haq¬qında məlumat aldıqdan sonra təəssüb üzündən qəbul etməzsə kafir olar. Üçüncü şəxs isə bu fikri müdafiə edir ki, əgər bir şəxs imaməti nə qəbul, nə də rədd etsə, kafir sayılmaz. Yəni bu məsələdə şəkki varsa, ona kafir demək olmaz.
Mübahisə edənlərin hər üçü həmin il Məkkəyə həcc ziyarətinə yollanır. Orada İmam Cəfər Sadiqlə (ə) görüşüb mövzunu ona danışırlar. İmam sualın əhəmiyyətini nəzər alaraq ona hamının hüzurunda Minada, cəməreyi-vüstanın (Şeytanı simvolızə edən orta sütun) yanında cavab verəcəyini elan edir. Təyin olunmuş vaxtda camaat İmam Sadiqin (ə) başına toplaşır. Həzrət soruşur: “Öz xidmətçilərinizin, həyat yoldaşlarınızın və ailə üzvlərinizin barəsində hansı fikirdəsiniz? Məgər onlar Allahdan savayı məbudun olmadığına inanmırlarmı?” Orada olanlar cavab verirlər ki, inanırlar. İmam Sadiq (ə) soruşur:
“Həzrət Məhəmmədin (s) peyğəmbərliyini təsdiq edirlərmi?” Səhabələr müsbət cavab verirlər. İmam davam edir: “Namaz qılır, oruc tutur, həccə gedirlərmi?” Qarşı tərəf cavab verir ki, bəli, onların xidmətçiləri və qohumları bütün bunları yerinə yetirirlər. Həzrət Sadiq (ə) imaməti qəbul etməyəni kafir bilən şəxsdən soruşur: “Bəs imamət mövzusunda necə? Onlar da sizin inandığınıza inanırlarmı?”
Səhabə cavab verir: “Xeyr”. İmam sual verir: “Bu adamların barəsində sözün nədir?” Səhabə deyir: “Əqidəm budur ki, hər kim imamət məsələsini bilməsə, kafirdir!” Sonra Həzrət Sadiq (ə) digər müsəlmanlar və həccə gələnlər barəsində onun fikrini soruşur. Səhabə yenə həmin cavabı verir. İmam hər yolla onu fikrindən döndərməyə çalışır, lakin faydası olmur. Axırda İmäm Sadiq (ə) təəccüb qarışıq etiraz içində buyurur: “Sübhan Allah! Sənin dediklərin xəvaricin sözləridir!” (Üsuli-Kafi, II, 401).
Hədisdən göründüyü kimi, Həzrət Cəfər Sadiq (ə) imamət əqidəsini bölüşməyən şəxslərin İslamdan kənar sayılmasını, başqa sözlə desək, təkfir edilməsini caiz bilmir və bu düşüncə tərzini “xaricilik”lə eyniləşdirir. Həqiqətən, tarixdə “xəvaric” (xaricilər) adı altında tanınan qruplaşma tam anarxist mövqedən çıxış edərək, əslində hər yerdə qarışıqlıq və fitnə toxumu səpir, fərqli əqidəyə malik hər kəsi küfrdə ittiham edir, qanını halal bilirdi. Təəssüf ki, bu gün də həmin əqidədə olan şəxslərə rast gəlirik.
İmamlar öz tərəfdarlarına məsləhət görürdülər ki, hətta onların əqidəsini bölüşməyən insanlarla birgə camaat namazında iştirak etsinlər, qeyri-şiə imamların arxasında namaz qılsınlar, Mötəbər şiə mənbələrindən sayılan “Vəsailüş-şiə” kitabında bu mövzuda bir neçə hədis vardır. Orada fərqli sənədlərlə bir neçə dəfə rəvayət edilmiş hədisdə İmam Cəfər Sadiq (ə) buyurur: “Hər kim onlarla birlikdə birinci cərgədə namaz qılsa, sanki Allah Rəsulunun arxasında birinci cərgədə namaz qılmış kimidir” (Vəsailüş-şiə, VIII, 299-300).
Başqa bir hədisdə buyurulur ki, Həzrət Sadiq (ə) İshaq adlı səhabəsindən soruşdu: “Sən onlarla birlikdə məsciddə namaz qılırsanmı?” İshaq müsbət cavab verəndə İmam Sadiq (ə) buyurdu: “Onlarla birlikdə namaz qıl. Hər kim onlarla birlikdə birinci cərgədə namaz qılsa, Allah yolunda (cihad üçün) qılıncını sıyırmış kimidir” (Vəsailüş-şiə, VIII, 301).
(Aydındır ki, bu hədislərdəki “onlar” ifadəsi xəlifə tərəfindən təyin edilmiş qeyri-şiə imam-camaatların barəsində işlənib. Çünki hədislərin buyurulduğu dövrdə iri müsəlman şəhərlərinin heç birində şiələr açıq şəkildə camaat namazı qılmırdılar).
Aşağıdakı hədis də İmam Sadiqin (ə) şiə etiqadına zidd olan şəxslərə qarşı nə qədər barışdırıcı mövqe tutduğunu aşkar nümayiş etdirir. Səhabələrdən biri həzrətə müraciət edərək soruşur: “Namaz qıldığım yerin imam-camaatı bizə müxalif əqidəni daşıyır və bizim tərəfdarlarımıza (şiələrə) kin bəsləyir. Bu halda vəzifəmiz nədir?” İmam Sadiq (ə) cavab verir: “Onun dediklərindən sənə nə? Vallahi, əgər sözlərin doğrudursa, həmin məsciddə namaz qılmağa sənin ondan daha çox haqqın var. Məscidə hamıdan əvvəl gir, hamıdan axırda oradan çıx. Adamlarla yaxşı rəftar et, onlara xoş sözlər söylə” (Vəsailüş-şiə, VIII, 300).
İmam Sadiq (ə) şiə əqidəsini bölüşməyən şəxslərlə səmimiyyət və şəfqət əsasında rəftar etməyin zəruriliyini vurğulayaraq öz tərəfdarlarına tövsiyə edirdi: “Onların (qeyri-şiələrin) xəstələrini yoluxmağa gedin, onların dəfn mərasimində iştirak edin, məhkəmələrdə onların lehinə və əleyhinə şahidlik edin (yəni məhkəməni baykot etməyin) və onlarla birlikdə onların məscidlərində namaz qılın” (Vəsailüş-şiə, VIII, 301).
Əhli-beyt imamları yalnız digər məzhəb ardıcılları ilə deyil, qeyri-müsəlmanlarla da dözümlü davranırdılar. Məşhur “Tövhidi-Müfəzzəl” risaləsinin qələmə alınma əhvalatında da buna işarə vardır. İmam Sadiqin (ə) tələbəsi Müfəzzəl ibn Ömər Cüfi Kufi bir gün məsciddə dəhri (o zaman materialistləri belə çağırırdılar) əqidəli filosof İbn Əbil-Ovcanın Allahı inkar edən çıxışını eşidir.
Müfəzzəl bərk qəzəblənib İbn Əbil-Ovcanı acılayır, təhqir edir. Bu zaman İbn Əbil-Ovca onun İmam Sadiqə (ə) layiqli tərəfdar olmadığını söyləyir. O, deyir ki, Cəfər Sadiq (ə) mənimlə dəfələrlə elmi mübahisə aparıb, sənin eşitdiyindən daha artıq və daha sərt sözlərimi dinləyib. Amma həmişə səbirlə davranıb, mənimlə rəftarda həddi aşmayıb, söyüş söyməyib, sübutlarıma tutarlı cavablar verib.