İslam və təhsilMəqalələr

Orta məktəblərdə dini tədris: Siyasi həll və icra yolları

Təcrübə göstərir ki, orta məktəblərdə “İslamın əsasları” kursunu tətbiq etmək elə də böyük problem deyilmiş.

Orta məktəblərdə dinin əsaslarınin tədrisini tətbiq etmək çağırışı çox zaman iki əsas problemlə üzləşir:

1. Məsələ hələ öz siyasi həllini tapmayıb;
2. Dərsi necə həyata keçirək – kimlər dərs desin, ədəbiyyat haradan götürülsün, proqram necə tərtib edilsin, maliyyə haradan tapılsın.

Təəssüf ki, bu sualı verənlər bə’zən məsələnin konkret həllində maraqlı olmayan tərəflər olur. əlbəttə, sırf professional maraq baxımından problemə yanaşanlar da var. Lakin hər halda, biz indi göstərməyə çalışacağıq ki, adı çəkilən suallar elə də böyük problem deyildir.

1. Məsələ öz siyasi həllini respublika prezidenti Heydər Əliyev cənablarının ölkə cənclərinin I Formundakı çıxışında (2 fevral 1996) tapmışdır:

“İslam dininin bəşəriyyətə bəxş etdiyi bütün ne’mətlərdən hər bir azərbaycanlı səmərəli istifadə etməlidir və xüsusən, cəmiyyətdə davranışında İslam dininin tələblərinə uyğun olaraq özünü göstərməlidir.

Ona görə də İslam dininin məktəblərdə tədris olunması, hesab edirəm ki, günün tələblərindən biridir və bu barədə Təhsil Nazirliyi, müvafiq təşkilatlar düşünməli, lazımi tədbirlər görməlidirlər”.

Digər tərəfdən, heç bir qanun və ya göstəriş orta məktəblərdə İslamın əsaslarının tədris olunmasını qadağan etmir və eyni zamanda bu təcrübə demək olar ki, bütün dünya ölkələrində tətbiq olunur.

2. Bu fənn üçün dərs saatları haradan ayrılmalıdır?

Bizcə, cavab çox sadədir. İndiki dövr üçün məsələni tam qloballaşdıraraq yalnız parlament səviyyəsində həll oluna biləcək problem həddinə çatdırmağa eytiyac yoxdur. Bu fənni Təhsil Nazirliyinin dərs planında nəzərdə tutulmuş “maraq kursları” fakültativ məşğələ saatlarında keçmək həm tamamilə kifayətdir, həm də heç bir yeni qanun dəyişikliyinə ehtiyac doğurmur. Bir də ki, hər bir məktəb bunu müstəqil surətdə həyata keçirə bilər. Ehtiyat edənlər üçün isə Təhsil Nazirliyinin müvafiq sərəncamı məsələni dərhal həll edə bilər.

Bu fənni tədris etmək üçün ədəbiyyat varmı?

Bəli, var. Bunun üçün heç bir xaricdə nəşr olunmuş və içindəkilərin hansı baxımdan yazıldığı mə’lum olmayan kitab və vəsaitlərə müraciət etmək lazım deyildir.

Hələ 1997-ci ildə Respublika Gənclər Təşkilatları Milli Şurasının dəstəyi ilə Respublika Dini Araştırmalar Mərkəzi, tanınmış islamşünas, prof. Vasim Məmmədəliyevin rəhbərliyi altında aparıcı mütəxəssislərin iştirakı ilə orta məktəblərin 5 və 6-cı sinifləri üçün nəzərdə tutulmuş “Biz İslamı öyrənirik” kitabını nəşr etdirmişdir. Adı çəkilən kitab 1998-ci ilin yanvarında Respublika Təhsil Nazirliyinin Elmi-Pedaqoji Şurasında müzakirə olunaraq məktəblilər üçün əlavə oxu vəsaiti kimi tövsiyyə olunmuş, 1998-ci ilin martında isə Qafqaz Mşsəlmanları İdarəsinin Elmi-Dini Şurasında müzakirə olunaraq məktəblilər üçün dərslik kimi istifadəsi məqsədəuyğun hesab edilmişdir.

Eyni zamanda, yuxarıda adı çəkilən redaksiyanın rəhbərliyi altında bütün siniflər üçün ayrılıqda dərsliklər hazırlanmış və nəşrə hazır vəziyyətdədirlər. Kitablar Azərbaycan reallıqlarını və spesifikliyini nəzərə almaqla tərtib edilmişdir və bugünkü tələbata uyğundur.

Bu dərsləri demək üçün kadrlar haradan yığılmalıdır?

Rəsmi statistikaya görə Azərbaycanda 4495 orta məktəb vardır və bu məktəblərdə 1,6 milyon şagird təhsil alır. Belə böyük şagird ordusu və məktəblilər üçün məhz İslam əsaslarını tədris edəcək müəllimlər tapmaq həqiqətən də asan problem deyildir. Respublikada ilahiyyat yönümlü rəsmi statusu olan ali tədris müəssisələri yalnız İslam Universiteti, BDU İlahiyyat fakültəs və Qafqaz Universiteti İlahiyyat fakultəsidir ki, bunların üçünün birlikdə hazırladıqları mə’zunların sayı ildə 200 nəfərə çatmır. Digər tərəfdən, bu mə’zunların əksəriyyəti heç orta məktəbdə müəllim olmağa hazırlaşmırlar da. Bəs onda müəllimləri haradan tapaq?

Bir qədqr düşündükdə aydın olur ki, həlli mümkün olmayan heç bir problem yoxdur. Bütün dünyada və o cümlədən Azərbaycənda təhsil sistemlərində yeni fənləri tədris etməyə kadr hazırlamağın və ya bir ixtisası olan müəllimi digər ixtisasa yönəltməyin çox gözəl ən’ənəsi var – ixtisas artırma kursları. Respublikamızda məhz bu məqsədlə yardılmış xüsusi qurum da var – Respublika Müəllimləri Təkmilləşdirmə İnstitutu. Və bu institut insafən qeyd edək ki, öz vəzifəsinin öhtəsindən heç də pis gəlmir.

Problemdən çıxış yolu da buradadır. Təcrübə sübut edir ki, öz daxili marağı olan hər hansı orta məktəb müəlliminə 10-14 gün ərzində gündə 2 saat həcmində müvafiq kursların keçilməsi, həmin müəllimin heç olmazsa, orta siniflərdə dərslik üzrə İslam əsaslarını tədris etməyə hazır olmasına kifayət edir. 1998-ci ilin iyul-avqust aylarında Respublika Dini Araşdırmalar Mərkəzi və Gənclər Təşkilatları Milli Şurasının orta məktəb müəllimləri üçün keçirdiyi yay-istirahət maarif düşərgəsinin nəticələri bunu əyani surətdə sübut edir. Həmin düşərgə zamanı 15 gün ərzində Bakının ən müxtəlif məktəblərindən yığılmış 30 müəllim istirahət etmiş, həm də “Biz İslamı öyrənirik” dərsliyi üzrə xüsusi təkmilləşmə kursu keçmişlər.

Düşərgənin sonu üçün keçirilən sorğu yoxlaması həmin kursları keçmiş bütün müəllimlərin 5-6-cı siniflərində İslamın əsasları üzrə dərs deməyə hazır olduqlarını göstərmiş oldu. Deməli, nəticə olaraq bunu qeyd edə bilərk ki, orta məktəblərdə dərs deyen müəllimlərdən seçilmiş kadrlar xüsusi 10 günlük kursları keçməklə öz dərsləri ilə yanaşı, İslam dinini də tədris edə bilərlər. Onsuz da məktəblərdə ən ümumi dini biliklərin verilməsi nəzərdə tutulur. Bununla dərhal bir neçə problem həll olunur:

1. Kadr problemi qısa zamanda həll olunur;
2. Həmin kadrlar ali pedaqoji təhsilli və məktəbdə tədris təcrübəsinə malik dünyəvi miəllimlərdən seçilir (bir çoxları İslamın əsasları tədrisi ilə məktəblərdə “mollaların” nüfuzunun başlanacağından möhkəm təşvişə düşürlər);
3. Həmin müəllimlərin maaşları dərs planı ilə nəzərdə tutulmuş maraq kursları fondundan ödənilir (əlavə büdcəyə ehtiyac qalmır).

Nəticə

Əlbəttə, bir məqalədə dinin tədrisi ilə bağlı bütün problemləri çözmək mümkün deyildir. Bizcə, bu problemə xüsusi kitab və ya böyük bir konfrans həsr etmək olar. Lakin bu halda, biz burada nəzərinizə çatdırmaq istədiyimiz bir neçə məqalədə bu problemlə əlaqədar sizdə ümumi bir təsəvvür yaratmağa və bu problemin həlli yollarını göstərməyə çalışırıq. Bütün maraqlı tərəf və strukturları fikir mübadiləsinə və müzakirəyə çağırırıq.

 

Elçin Əsgərov

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Oxşar yazılar
Close
Back to top button