İslam və təhsilMəqalələr

Hafizənin güclənməsi üçün nə etmək lazımdır?

Nəyi isə oxuyub yadda saxlamaq üçün ən yaxşı vaxt sübh çağıdır. Sübh azanından Günəşin doğüşüna kimi keçən vaxt zehnin açıq, hafizənin güclü olduğu müddət hesab edilir. Nəyi isə öyrənəndə (məsələn, dərs oxuyanda) bunu yaxşı yadda saxlamaq üçün çalışmaq lazımdır ki, həmin vaxt mədə dolu olmasın. Çünki toxluq insanda tənbəllik və kütlük yaradır. Yeməkdən sonra dərs oxumaq, mütaliə etmək o qədər də faydalı deyil. Bu işləri acqarına etmək daha yaxşıdır.

Hafizəsinin zəifliyindən şikayət edən adam sübh namazını və onun nafiləsini (müstəhəb namazı) qılandan sonra Bəqərə surəsinin sonuncu ayəsindən “rəbbəna la tüvaxizna” ifadəsindən başlayıb axıra kimi oxusa, həmin gün ərzində oxuyub-öyrəndiyi və eşitdiyi hər bir məlumatı yadında saxlayar. Surənin sona çatdığı bu cümlələrdə yaddaşla bağlı bəzi nöqtələr vardır.

Hafizəsi zəif olan adam hər gün sübh namazından sonra bu duanı oxusa, yaddası güclənər: “Ya həyyü ya qəyyum! Fəla yəfutü şey’ən ilmühü və la yəudühü qüvvəh” (Tərcüməsi: “Ey diri və dayanıqlı olan Allah! Heç nə Onun elmini məhv edə və heç bir qüvvə Ona ziyan yetirə bilməz”).

Bir həftə (7 gün) ərzində hər gün Bələd surəsinin ilk 7 ayəsini yazıb, Zəmzəm suyu ilə yazını yumaq və içmək, həftə ərzində Bələd surəsini tez-tez oxumaq yaddaşı gücləndirər. Fatihə surəsini müşk və zəfəranla şüşə qabın üzərinə yazmaq və gülabla yuyub içmək də zəifləmiş hafizəni qüvvətləndirər. Ənam surəsinin 61-ci ayəsini qabığı soyulmuş yumurtanın üzərinə yazmaq (yeyilməsi ziyan olmayan mürəkkəblə – məsələn, zəfəran ya müşklə) və sonra bu yumurtanı yemək də faydalıdır.

Yarım misqal (təqribən 2-2,5 qram) koreandr (buxur) götürüb Loğman surəsinin 27-ci və 28-ci ayələrini oxuya-oxuya onu həmin miqdarda şəkər və balla qarışdırmaq və acqarına yemək hafizəsi zəif olanlara tövsiyə edilib.
Cin surəsini qabın üzərinə yazıb su ilə yumaq və içmək, Həşr surəsini şüşə qabın üzərinə yazıb təmiz yağış suyu ilə yumaq və içmək də hafizənin güclənməsinə səbəb olar. Ə’la surəsini yazıb öz üstündə gəzdirmək də yaxşı nəticə verir.

Hər kim unutduğu bir məsələni yadına salmaq istəsə, Züha surəsini oxusun. Imam Cəfər Sadiq (ə) buyururdu ki, əgər bizim (Əhli-beytin) hədisini rəvayət etmək istəsən, amma unutsan, əlini alnına qoyub söylə: “Səlləllahü əla Mühəmmədin və alih. Allahümmə inni əs’əlükə ya müzəkkiril-xeyri və failəhü vəl-amirə bih. Zəkkirni ma ənsanihiş-şeytan” (Tərcüməsi: “Allahın salavatı olsun Mühəmmədə və nəslinə. Ey xeyirli məsələləri bəndələrin yadına salan, onları icra edən və onlara əmr edən Allah! Səndən istəyirəm ki, şeytanın mənə unutdurduğunu yadıma salasan”).
Həzrət Əli (ə) rəvayət edib ki, Peyğəmbər nəyi isə unudanda ovcunu alnına qoyub buyurardı: “Allahümmə ləkəl-həmd. Ya müzəkkirəş-şey’i və failəh. Zəkkirni ma nəsiyt” (Tərcüməsi: “Ilahi, Sənə həmd olsun. Ey hər şeyi unudanların yadına salan və onu icra edən! Unutduğumu mənə xatırlat!”).

Bunlardan əlavə, bəzi yeməklər və hərəkətlər də hafizənin artmasına yardım göstərir. Imam Əlidən (ə) rəvayət edilib ki, zəfəranla cil (qumotu) bitkisini bərabər miqdarda götürüb qarışdırmaq, üzərinə bal əlavə etmək və hər gün bundan 2 misqal (təqribən 9-10 qram) miqdarında yemək çox faydalıdır. Bal, kərəviz yemək də hafizəni artırır.
Quran oxumaq, dişləri misvak çubuğu ilə təmizləmək, qan aldırmaq, həftənin bazar ertəsi günlərində dırnaqları kəsmək də hafizəni qüvvətləndirir. Həmçinin, ata-ananın sözünə baxmaq (onlarla mehriban davranmaq), həmişə dəstəmazlı olmaq, üzü qibləyə oturmaq, gecə namazı qılmaq da tövsiyə edilib.

Əksinə, bəzi əməllər hafizənin zəifləməsinə və unutqanlıq yaranmasına səbəb olur. Məsələn, qəbristanlıqda köhnə başdaşılarının üzərindəki yazıları oxumaq, iki qadının arasından keçmək, turş alma yemək, çox pendir yemək, keşniş yemək, siçanın gəmirdiyi qidanın artığını yemək, dayanıqlı suya (gölməçəyə) sidik buraxmaq və sairə.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Oxşar yazılar
Close
Back to top button