Rovzə və rovzəxan nə deməkdir?
“Rovzə” sözünün ərəb dilindən tərcüməsi “bağça, bağ” deməkdir. İslam müqəddəslərinin vəfatından bəhs edən, nəsrlə nəzmin qarışığından ibarət olan dini mətnlərə rovzə deyilir. Rovzələrin böyük əksəriyyəti Kərbəla faciəsinə həsr olunur və məhərrəmlik mövsümündə dini məclislərdə oxunur. Rovzəxanlıq ənənəsi təqribən 500 il bundan əvvəl yaranmışdır. Rovzə ədəbiyyatının ilk məşhur nümunəsi XV əsrdə yaşamış Vaiz Hüseyn Kaşifinin qələmə aldığı “Rovzət əl-şühəda” (Şəhidlər bağçası) kitabı sayılır. Həmin kitabdan hissələri avazla camaat üçün oxuyan şəxslərə rovzəxan (rovzə oxuyan) deməyə başladılar. Böyük Azərbaycan şairi Füzuli də “Hədiqət əl-süəda” əsərini ondan ilhamlanaraq qələmə almışdır. Rovzələrdə adətən şeirlə nəsr növbələşir. Belə ki, rovzəxan təsirli səslə Kərbəla faciəsinin ən həssas anlarını təsvir edir və arada şeir nümunələri də deyir. Rovzəxanların şəxsi improvizasiyası sayəsində yeni-yeni rovzələr yaranmaqda davam edir. Mühərrəmlik tədbirlərindən əlavə yas məclislərində də rovzə demək ənənəyə çevrilib. Bəzi rovzələrdə Kərbəla faciəsi barədə həqiqətdən uzaq xeyli məlumatlara rast gəlmək olur. Rovzəxanlar bəzən camaatı ağlatmaq və hadisəyə daha təsirli görünüş vermək üçün təhriflərə əl atır, əlavə detallar uydururlar.