Rovzəxanlıq necə yaranıb?
İmam Hüseynin (ə) faciəsinə matəm tutmaq ənənəsi Kərbəla faciəsindən dərhal sonra yaranmışdır. İmam Hüseynin (ə) bacısı Xanım Zeynəb, dördüncü İmam Zeynülabidin (ə) ilk təziyə mərasimlərini təşkil etmişdilər. Ərbəin günündə Kərbəlada İmam Hüseynin (ə) məzarının səhabə Cabir ibn Abdullah Ənsari tərəfindən ziyarət edilməsi ilə təziyə ənənəsi daha da möhkəmləndi. İmamların zamanında aşura günü şəhidlərin adına məclislər keçirilir, faciəni təsvir edən şeirlər oxunurdu. Amma “rovzə” termininin yaranması bundan çox sonrakı dövrlə bağlıdır. XV əsrdə yaşamış Molla Hüseyn Vaiz Kaşifi adlı bir alim “Rovzət əl-şühəda” kitabında Kərbəla faciəsini yarışeir-yarınəsrlə vəsf etdi. Bu kitab camaat arasında geniş yayıldı. Aşura günlərində camaata həmin kitabı üzündən oxuyurdular, bu kitabı oxuyanlara “rovzəxan” (rovzə oxuyan) deyirdilər. Sonralar məclislərdə Kərbəla faciəsini camaat üçün təsvir edən, yanıqlı dillə mərsiyə oxuyan hər kəsə bu adı aid etdilər. “Rovzət əl-şühəda” kitabı o qədər məşhur idi ki, bir çox şairlər (o cümlədən Füzuli) onun təsiri ilə özləri rovzə kitabları yazmışdılar (Füzulinin kitabı “Hədiqət əl-süəda” adlanır). Rovzəxanlıq ənənəsi bu gün də davam edir.