Ərəb dilində lümə “parıltı, nur” mənasında işlədilir. İslam tarixində bu adla onlarla kitab qələmə alınmışdır. Bunlardan ikisi xüsusilə məşhurdur. XIV əsrdə yaşamış böyük cəfəri alimi Şəhidi-əvvəlin (birinci şəhid, Şəmsəddin Məhəmməd ibn Məkki Amili) “əl-Lümət əl-Diməşqiyyə” kitabı həcminin azlığına baxmayaraq fiqh mövzusunda ən mühüm mənbələrdən sayılır. Əfsanəyə görə, müəllif bu kitabı həbsdə olarkən əlinin altında heç bir əlavə mənbə olmadan cəmi 7 gün ərzində yazıb-bitrmişdir. Müasir tədqiqatlar bu məlumatın yanlış olduğunu və kitabın Şəhidi-əvvəl tərəfindən həbsdən əvvəl, Xorasandakı şiə Sərbedəranlar dövlətinin başçısının xahişi ilə yazıldığını göstərir. “Əl-Lümət əl-Diməşqiyyə” kitabına təqribən bir əsr yarımdan sonra Şəhidi-sani (ikinci şəhid) ləqəbli Zeynəddin Amili şərh yazmışdır. Həm kitabın özü, həm də şərhi çox yüksək dəyərləndirilir və əsrlər boyunca mədrəsələrdə fiqh dərsliyi kimi tədris edilir. İkinci kitab X əsrdə yaşamış məşhur sufi müəllif Əbu Nəsr Sərrac Tusinin “əl-Lümə” kitabıdır. Bu əsər sufiliyin nəzəri əsaslarına həsr edilib. Kifayət qədər iri həcmə malik olan kitabda müəllif təsəvvüflə bağlı ən mühüm və fundamental mövzulara aydınlıq gətirib. “Əl-Lümə” zaman etibarilə təsəvvüf mövzusunda yazılmış ən qədim kitablardan biridir və bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
“Lümə” kitabı nədir və nədən bəhs edir?
