MəqalələrNamaz

Niyə qıldığımız namazdan ləzzət almırıq?

Möminləri düşündürən əsas suallardan biri bundan ibarətdir: Niyə qıldığımız bütün namazlarda diqqətimizi bir yerə toplaya bilmirik, qıldığımız hər namaz bizə ləzzət vermir?

Niyə özümüzü hədislərdə buyurulduğu kimi meracda və ya Allahın hüzurunda, Onunla söhbət edirmiş kimi hiss etmirik? Axı namaz insana xüsusi mənəvi həzz, rahatlıq gətirməlidir. Axı müqəddəslərimiz, peyğəmbər və imamlarımız, övliya və alimlərimiz namaz zamanı özlərini bu dünyadan kənardakı kimi hiss edirdilər. Hətta İmam Əlinin (ə) ayağına batmış oxu o səcdədə ikən dartıb çıxartmışdılar və o həzrət heç nə hiss etməmişdi.

Onlar bu məqama necə nail olmuşdular? Niyə biz bu məqama çata bilmirik? Bizə mane olan nədir? Bu kimi suallar hər bir mömini təbii olaraq narahat edir və onda bir günahkarlıq duyğusu yaradır. Elə saytımızın sual-cavab bölməsinə gələn suallarda da bu mövzu ilə tez-tez rastlaşırıq.

Bu sualın ən gözəl cavabını İmam Zeynül-abidinə (ə) aid olan dualardan birində tapa bilərik. Bu dua o həzrətin ən məşhur səhabələrindən biri olan Əbu Həmzə Sümalinin adı ilə adlandırılır. Əbu Həmzə Sümali rəvayət edir ki, İmam Zeynül-abidin (ə) ramazan gecələrində çoxlu namaz qılar, sübh vaxtı bu duanı oxuyarmış.

Bu duanın həcmi böyükdür, məşhur dua toplularında, o cümlədən, “Məfatihül-cinan”da tam şəkildə verilib. Duanın bir yerində İmam buyurur: “İlahi! Mən nə zaman özümü hazırlayıb, Sənin qarşında namaz qılıramsa və minacat edirəmsə (Səni səsləyib dua edirəmsə), məndə halsızlıq yaranır, Səninlə minacat etmək imkanını məndən alırsan.

Nədəndir ki, hər zaman “batinim (iç dünyam) düzəldi, tövbə edənlərə yaxınlaşdım” deyə düşünürəmsə, mənə bir bəla üz verir, ayaqlarım dolaşır, Sənin hüzurunla mənim aramda bir maneə yaranır?” Burada diqqət yetirilməsli məqam budur ki, bəzən məsumların kəlamlarında onların özləri haqqında tənqidi fikirlərə rast gəlirik. İmamlar Allah dərgahında günahlarının bağışlanması üçün ağlayıb tövbə edir, savablarının azlığından, əməllərinin qəbul olmayacağından narahatlıq bildirirdilər.

Hətta cəhənnəm əzabini yad edib ağladıqları vaxtlar da olurdu. Əlbəttə, onlar hər cür günahdan məsum idilər. Peyğəmbərin və Əhli-beytin məsumluğu ən azından Quranın təthir ayəsində (Əhzab, 33) qəti olaraq göstərilib. Lakin müqəddəslərimiz o qədər təvazö, təqva, xüzu və xüşu içində idilər ki, həmişə özlərini əskik sayır, Allahın nemətlərinə layiqincə şükr edə bilmədiklərini düşünür, Allaha bəndəliyi kamil şəkildə icra etməməkdən qorxurdular. Bununla da bizlərə təvazökarlıq, təqva, zöhd dərsi verirdilər.

Onların bu kimi söz və davranışları hər bir mömində olması gərəkən, rica (Allaha ümid) ilə növbələşməli olan xovf məqamından xəbər verirdi. İmam Zeynül-abidin (ə) hər birimizin ürəyini narahat edən sualı verdikdən sonra ardınca bunun cavabını da buyurur. Duanın növbəti sətirlərində İmam, namazın könülsüz halda qılınmasının mümkün səbəblərindən bir neçəsini sadalayır:

“Ey ağam! Bəlkə səbəb budur ki, məni öz dərgahından qovmusan və öz xidmətindən kənar etmisən?

Bəlkə Sənin haqqına (itaət və ibadətə) sayğısızlıq etdiyimi görmüsən, ona görə məni özündən uzaq salmısan?

Bəlkə Səndən üz çevirdiyimi görüb, Sən məndən üz çevirmisən?

Bəlkə məni yalançıların dərəcəsində görüb məni özündən uzaqlaşdırmısan?

Bəlkə Sənin nemətlərinə şükr etmədiyimi görüb məni məhrum buraxmısan?

Bəlkə məni alimlərin məclisində görmədiyin üçün məni ibadət ləzzətindən məhrum etmisən?

Bəlkə məni qafillər cərgəsində görüb, öz rəhmətindən məyus etmisən?

Bəlkə məni batil əhlinin və boşboğazların məclisində gördüyün üçün onlarla baş-başa buraxmısan?

Bəlkə (o qədər günah etmişəm ki) dualarımı eşitmək istəmirsən, ona görə məni kənara atmısan?

Bəlkə təqsirlərimə və günahlarıma görə mənə əvəz verirsən?

Bəlkə də həyamın azlığına görə məni cəzalandırırsan?”

Namaz zamanı diqqətini toplaya bilməyən və ibadətdən həzz almayan kəslərə bunu tövsiyə edirik ki, yuxarıdakı səbəbləri diqqətlə oxusunlar, özlərinə aid olan bəndi (və ya bəndləri) seçsinlər, sonra həmin nöqsanı düzəltməyə çalışsınlar. Allah bu yolda hər birimizə yardımçı olsun!

islam.az

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button