Etdiyin ziyarəti, qıldığın namazı, söylədiyin zikri, yerinə yetirdiyin ibadəti növbəti ziyarətə, namaza, zikrə və ibadətə kimi qoru, onları zay etmə.
Yəni onların savabının davamlı olmasını təmin et. Bu gözəl əməlləri etməklə qazandığın ucalığı, savabı itirmə! Günah etmədən, yersiz mübahisəyə qoşulmadan, qeybət, söyüş, yalan danışmadan özünü növbəti namaza, zikrə, ziyarətə kimi çatdırmağı bacar.
Bunu edə bilsən, hər zaman ibadət halında olmuş sayılarsan, hər günün və hər saatın namaz, ziyarət və zikr olar. Allah bizdən bir an sonranın ibadətini qabaqcadan tələb etmir. Amma biz bir il sonranın ruzisini Allahdan indi tələb edirik.
Əgər bir evin nökəri o evdə illərlə yaşayıb çörək yesə, amma günlərin birində “görəsən, sabah yeməyim olacaqmı?” deyə əndişəyə düşsə, nankorluq etmiş olmazmı? Bu sözlərlə öz sahibinin könlünü qırmazmı? Biz də bir ömür boyunca Allahın ruzisini yeyib, sabahın dərdini çəksək, Ona təvəkkül etməsək, səhv olmazmı? Keçən keçdi, gələcək isə hələ gəlib-çatmayıb. Yəni bu anda nə keçmiş var, nə də gələcək. Dərd-kədər ya keçmişə aiddir, ya da gələcəyə. Olmayan bir şeyin dərdini çəkməyə dəyərmi?
İndinin nə qüssəsi var, nə də qissəsi. Yəni indi hələ yaranmaq üzrədir, yaranandan sonra isə keçmişə dönəcək. Buna görə indinin ruzisi üçün də dərd çəkməyə dəyməz. Möminlərin qəlbi ayrı-ayrılıqda abi-qəlildir (az sudur). Az su bir damcı nəcasətlə murdar olar.
Amma möminlərin qəlbi bir-birinə birləşsə, kür suya çevrilər. Əgər müqəddəslərin qəlbinə birləşsə, sanki dəryaya birləşər. Kür su ya axar su nəinki nəcasətlə murdar olmaz, əksinə, özü nəcasəti pak edər. Ölümün mütləq olduğunu və qəfil gəldiyini qəbul etdinsə, bütün qəm-qüssələr aradan gedəcək. Ölüm mələyi Əzrayılla dost olmağı bacarsan, dərdlərin azalacaq.
Ölümə hazır olmaq gözəl xüsusiyyətdir, tez ölməyə çalışmaq yox! Ölümə hazır olandan sonra qalan ömrün sənin üçün çox qiymətli olacaq. Həzrət Əli (ə) buyururdu ki, dünyanın bir saatını bütün axirətə dəyişmərəm. (Yəni axirəti bu dünya ilə qazanırıq.
Ona görə də dünyaya qarşı daha diqqətli və həssas olmalı, müvəqqəti dünya həyatından daha gözəl yararlanmalıyıq). Namaza diqqət yetirmək (yəni namazı dıqqətlə qılmaq) namaz qılmaq deməkdir. Əgər qəlbin də namazdadırsa, deməli, bütünlükdə namaz halındasan.
Əks halda, qəlbin haradadırsa, özün də oradasan. Qəlbində qəm-qüssə hiss edəndə özündən, həm ölü, həm də diri mömin kişi və qadınlardan, hətta bundan sonra dünyaya gələcək möminlərdən ötrü istiğfar et (günahlarının bağışlanması üçün Allaha dua et).
Qüssəli olanda sanki bədənin kəndirlə sarınır, istiğfar edəndə bu kəndir açılır. Mərhum Dulabi “İmam Mehdi (ə) bizi tək buraxıb gedib” deyənlərə cavab olaraq bir misal çəkirdi. Həmin misalın təsviri budur: Təsəvvür edin ki, ata öz uşağını gəzməyə aparıb.
Uşaq küçədə al-əlvan vitrinlərə, reklamlara baxa-baxa gedir. Başı o qədər qarışır ki, axırda atasını itirir, tanımadığı küçədə sərgərdan qalır. O uşaqdan soruşsalar, yəqin ki, deyəcək: “Atam itdi”. Çünki anlamır ki, əsil itən atası yox, o özüdür. Biz də elə düşünürük ki, İmamı itirmişik, O bizi qoyub gedib.
Əslində onu itirən və tək qoyan bizik. O həzrət öz işindədir və öz vəzifəsinin vaxtını gözləyir. Bəs biz nə ilə məşğuluq?
Əxlaqi tövsiyələr irfan əhlindən olan mərhum Mirzə İsmayıl Dulabiyə aiddir (tövsiyələri məalən, yəni mənasını gözləyərək, sərbəst tərcümə şəklində təqdim edirik).
islam.az