MəqalələrNamaz

Allah kimin namazını qəbul edər?

“Əməlin özündən daha çox onun (Allah dərgahında) qəbul olmasından ötrü çalışın”. İmam Əli (Biharül-ənvar, cild 71, səh. 173). Dindar insanları ən çox narahat edən suallardan biri ibadətlərin hansı şərtlər daxilində qəbula çatmasıdır.

Biz ibadət edirik, saleh əməllər həyata keçiririk, amma görəsən, bunların hamısı ilahi dərgahda qəbul olurmu? Əgər hamısı qəbul olmursa, qəbul olunanlar hansılardır? Əməllərimizin qəbul edilməsinə zəmanət verən amillər hansılardır? Hər şeydən öncə bir məqama diqqət yetirməliyik:

İbadətlərimizin bir qismi şəriətin buyurduğu şəkildə səhih yerinə yetirilsə də, ya əməl dəftərimizə yazılmır, ya da başqa günahlarımızın əvəzində pozulur. Axı, insanın əməl dəftəri dinamik olaraq dəyişir. Savablar və günahlar sürətlə bir-birini əvəz edir. Günahlar savabları, savablar da günahları silir.

Onların nisbəti ardıcıl olaraq dəyişir. Məsələn, insan gecə namazı qılır və bunun savabını qazanacağını düşünür. Amma fərqində olmur ki, danışdığı qeybət və ya yediyi haram tikə həmin gecə namazının savabını ləğv edib. Ona görə böyüklər buyurmuşlar ki, əsas məsələ savabı qazanmaq deyil, onu qiyamət gününə kimi qoruyub saxlamaqdır.

Bu müqəddimənin nəticəsi olaraq, ibadətlərimizin (məqalənin mövzusu olan namazlarımızın) qəbul edilməsinin əhəmiyyəti aydın olur. İbadətlərimizin bacardıqca çox hissəsinin qəbul olmasına çalışmalıyıq ki, günahlarımızın əvəzi olaraq bir qismi silindikdən sonra hesabımızda çox savab qalsın. Gündəlik namazlarımızın Allah tərəfindən qəbul edilməsinə xüsusi çalışmalıyıq.

Namazlarımızın qəbuluna səbəb olan şərtlərə etinasız yanaşmaqla özümüzü axirət azuqəsindən məhrum etmiş olarıq. Namazların qəbul edilmə şəraitindən danışarkən, İmam Cəfər Sadiqin (ə) Abdullah ibn Cündəb adlı səhabəyə ünvanladığı vəsiyyətindəki bir tövsiyəni mütləq xatırlamalıyıq. Bu vəsiyyətnamə bir çox mənbələrdə, o cümlədən, “Tühəfül-üqul” kitabında dərc edilmişdir.

Abdullah ibn Cündəb Bəcəli Kufi Əhli-beyt (ə) dostlarından idi, İmam Kazimin (ə) və İmam Rzanın (ə) vəkili (nümayəndəsi) kimi tanınırdı. Mənbələrdə etibarlı ravi və mömin şəxs kimi vəsf edilir. O, İmam Rzadan (ə): “Məndən razısanmı?” deyə soruşduqda İmam cavab vermişdi: “Allaha and olsun ki, bəli. Allahın Rəsulu da, Allah da səndən razıdırlar”.

Rəvayətə görə, Abdullah həmişə digər möminlərdən ötrü xeyir-dualar edərmiş Səbəbini soruşanda deyirdi: “İmam Kazimdən (ə) eşitmişəm ki, hər kim öz din qardaşından ötrü (onun olmadığı bir yerdə) xeyir-dua etsə, Allahın ərşindən nida gələr: “Etdiyin duanın yüz min misli sənin özünə əta edildi”. Əgər özüm üçün təkbaşına dua etsəm, bilmirəm ki, qəbul olacaq ya yox.

Amma başqası üçün dua etsəm, onun yüz min mislinin mənə əta olunacağına zəmanət verilib”. İmam Cəfər Sadiq (ə) Abdulah ibn Cündəbə ünvanladığı vəsiyyətnamənin bir yerində yazırdı: “İzzət və cəlal sahibi olan Allah (öz peyğəmbərlərinə göndərdiyi) vəhylərinin bir qismində buyurub:

Mən o adamın namazını qəbul edərəm ki, mənim əzəmətimin qarşısında təvazökarlıq etsin, mənim xatirimə şəhvani istəklərdən üz çevirsin, mənim zikrimlə gününü başa vursun, mənim yaratdıqlarımın qarşısında təkəbbür göstərməsin, ac olanı doyuzdursun, çılpağı geyindirsin, çətinliyə düşənə rəhm etsin, qəribə sığınacaq versin.

Bu cür insanı Günəş kimi nurlu edərəm. Ondan ötrü zülmətin qarşısında nur, cəhalətin qarşısında helm (dözümlülük) yaradaram. Onu öz izzətimə bürüyərəm, mələklərim onu qoruyarlar. Məni çağırsa, ona cavab verərəm; məndən istəsə, ona əta edərəm.

Bu cür bəndə mənim nəzərimdə meyvələri solmayan və vəziyyəti dəyişməyən cənnət bağçası kimidir” (Tühəfül-üqul, səh. 318-319). Göründüyü kimi, İmam Cəfər Sadiq (ə) bu kəlamında namazın qəbula çatması üçün həm inanc məsələlərini, həm əxlaqi dəyərləri, həm də saleh əməlləri şərt bilir. Burada Allahın əzəməti qarşısında təvazökar olmaq birinci qeyd edilib.

Dini terminologiyada buna “xüzu” halı deyirlər. İnsan nə qədər böyük bir qüvvənin nəzarəti və himayəsi altında olduğunu hər an hiss etməlidir. Bu böyük qüvvənin varlığı insana həm məsuliyyət, həm də güvən hissi verir. Allahın əzəmətini düşündükcə insan tam arxayınlıqla özünü Onun məsləhətinə təslim edir, qəlb aramlığı tapır. Eyni zamanda, Allahın böyüklüyü, hər şeydən xəbərdarlığı insanı öz əməllərinə qarşı daha məsuliyyətli olmağa vadar edir. Amma Allahın əzəmətini olduğu kimi təsəvvür etmək insan beyninin qüvvəsi xaricindədir.

Buna görə məsumlarımız Allahın zatı barədə düşünməyi faydasız, hətta ziyanlı sayır, Onun sifətləri və məxluqatı barədə düşünməyi tövsiyə edirdilər.

*************************************************************************************************************

Qurani-kərimdə buyurulur: “Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın calalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa ibadətlərdən) daha böyükdür” (Ənkəbut, 45).

Bu ayədə namazın qəbul şərtlərindən ikisi yanaşı xatırlanır: Allahın xatirinə şəhvani istəklərdən üz çevirmək və Allahın zikri ilə günü başa vurmaq. Quran məntiqindən aydın olur ki, namazla şəhvani istəklər arasında ciddi əks-tənasüb mövcuddur. “Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi.

Onlar (Cəhənnəmdəki) Fəyy dərəsinə düşəcəklər” (Məryəm, 59). Göründüyü kimi, şəhvətə aludəlik insanı namazdan uzaqlaşdırır. Şəhvətə uyan insan namazı tərk edər. Hətta namaz qılsa belə, namazı Allah dərgahında qəbul olmaz.

Hədisdə buyurulan zikr yalnız Allahın gözəl adlarını təkrarlamaqdan, Ona dil ilə şükür və həmd oxumaqdan ibarət deyil. Allahı gün ərzində zikr etmək zikr şüuru ilə yaşamaq deməkdir. Qurani-kərimdə buyurulur: “O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz” (Nur, 37). Allahı sözün əsil mənasında zikr edən şəxs o kəsdir ki, hər bir vəziyyətdə, həmin vəziyyətə uyğun olaraq Allahı yad edir.

Əgər çətinlikdədirsə – Allaha arxalanır, dua edir. Neməti itirirsə – səbir göstərir, asilik etmir. Nemət əldə edirsə – şükür edir. Günah edirsə – dərhal tövbə edib halallıq alır. Nemətlər azalanda qənaət edir, çoxalanda başqaları ilə bölüşür. Ətrafındakı hər şeyə Allahın əmanəti kimi baxır.

Əsil zikir budur – Allahı bir an belə, unutmamaq… Göründüyü kimi, qüdsi hədisdə xatırlanan müsbət keyfiyyətlərin hamısı bir-biri ilə əlaqəlidir. Acları doyuzdurmaq, çılpaqları geyindirmək, çətinliyə düşənlərə rəhm etmək, qəriblərə sığınacaq vermək, başqalarının qarşısında lovğalanmamaq. Bütün bu əxlaqi dəyərlər daim zikir şüuruna sahib olmağın nəticəsində meydana çıxır və möhkəmlənir.

Savab əməllər də ibadət kimi Allah dərgahında dəyərlidir. İnsan həm fərdi, həm də sosial varlıqdır. Həm Allah qarşısında yerinə yetirdiyi fərdi ibadətlər, həm də ətrafdakılara münasibəti insanın Allah yanında məqamını və aqibətini təyin edir.

Bunların heç biri insanı təkbaşına ya cənnətə, ya da cəhənnəmə aparmağa qadir deyil. İbadət də, savab əməl də kompleks halında götürülür, yanaşı dəyərləndirilir. Allah-təala bu xüsusiyyətlərə sahib olan insanı necə mükafatlandıracağını da bəyan edir. Allah o bəndəni nurlandırar, öz izzəti ilə onu bürüyər, çağırışını cavablandırar, istədiyini verər, öz mələklərinə onu qorumağı tapşırar.

Qüdsi hədislərin birində buyurulur: “Ey Adəm oğlu! Mən ehtiyacsızam və heç vaxt fəqir (möhtac) olmaram. Sənə əmr etdiyim işlərdə (ibadətlərdə, halal-haramı qorumaqda) mənə tabe olsan, səni də fəqir olmayacaq dərəcədə varlı və ehtiyacsız edərəm. Ey Adəm oğlu! Mən diriyəm və ölməzəm. Sənə əmr etdiyim işlərdə mənə tabe olsan, sənə də dirilik və ölümsüzlük bəxş edərəm.

Mən hər nəyə: “Ol!” – desəm, olar. Sənə əmr etdiyim işlərdə mənə tabe olsan, sənə də elə xüsusiyyət verərəm ki, hər nəyə: “Ol!” – desən, olar” (Hürr Amuli. Cəvahirüs-səniyyə, hədis 648-26). Hədisi-qüdsinin son cümləsi möminin əzm və sabitqədəmliyindən xəbər verir: “Bu cür bəndə mənim nəzərimdə meyvələri solmayan və vəziyyəti dəyişməyən cənnət bağçası kimidir”.

Əsil mömin həyatın heç bir keşməkeşi qarşısında öz mənəvi halını dəyişdirməz, səbatını, əzm və iradəsini itirməz. Çətinlik anında səbri, firavanlıq halında şükrü unutmaz. Həm qudurğanlıq, həm də naşükürlük ona yaddır. O, hər bir vəziyyətdən çıxış yolu axtarıb tapar, hər bir şəraitə uyğunlaşar.

Heç bir bəla və müsibət onun imanını, yəqinini azaltmağa qadir deyil. Həzrət Mühəmməd Peyğəmbər (s) buna işarə edərək buyurub: “Mömin külək qarşısında durmuş sünbül kimidir.

Külək güclənəndə əyilər, külək yatanda yenə dikələr. Kafir isə küknar ağacı kimidir. Küləyin qarşısında dik durar, ta ki sınar” (Biharül-ənvar, cild 3, səh. 134).

*************************************************************************************************************

Namazın qəbul edilməsinə bu qədər diqqət yetirməyimizin səbəbi ibadətlər içində namazın müstəsna yer tutmasıdır. Hədislərdə buyurulub ki, qiyamət günündə sorğulanacaq ilk əməl namaz olacaq və Allah dərgahında namazı qəbul olmayanın heç bir əməli qəbul edilməyəcək.

Deməli, namaz insanın bütün savab əməllərinin, ibadətlərinin qəbul olub-olmadığını şərtləndirən amildir; belə demək mümkünsə, məhək daşıdır, etalondur. İmam Əli (ə) öz sadiq silahdaşı Mühəmməd ibn Əbubəkri Misrə vali təyin etdikdən sonra ona göndərdiyi məktubda yazırdı:

“Bunu bil ki, sənin bütün əməllərin sənin namazına tabedir (yəni etdiyin saleh əməllərin və ibadətlərin qəbul olması qıldığın namazların qəbul olmasından asılıdır)”.

Quran ayələrindən aydın olur ki, insanlar namaza bəslədikləri münasibətdən asılı olaraq, axirətdə mükafata və ya cəzaya layiq görüləcəklər. Allah-təala buyurur: “Həqiqətən, möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında (yalnız Allaha) müti olub (Ona) boyun əyərlər!” (Möminun, 1-2). Əksinə, namaza saymazyana yanaşan və barmaqarası baxan şəxsləri ilahi əzab gözləyir: “Vay halına o namaz qılanların ki, öz namazlarından qafildirlər” (Maun, 4-5). Namazın qəbul edilməsinə təsir göstərən amillərdən bir neçəsinə ötən məqalələrdə toxunduq, onlardan daha bir neçəsini xatırladırıq.

Namazın qəbul olunmasını şərtləndirən keyfiyyətlərdən biri təqvadır. Təqva – Allah xatirinə günahlardan uzaq durmaq, Allahı qəzəbləndirən əməllərdən çəkinmək, hər addımda özünü ilahi dərgahın qarşısında hiss etməkdir. Peyğəmbərlər tarixindən məlum olduğu kimi Həzrət Adəmin (ə) iki oğlu Allah yolunda öz məhsullarından qurban vermişdilər.

Allah-təala Habilin qurbanını qəbul etmiş, Qabilinkini isə rədd etmişdi. Səbəb bu idi ki, Habil öz sürüsündən ən iri və sağlam heyvanı, Qabil isə öz tarlasından ən zəif və çürük sünbülləri qurbangaha gətirmişdi. Quranda buyurulur ki, Habil Qabilə belə söylədi: “Allah yalnız müttəqilərdən (qurban) qəbul edər!” (Maidə, 27). Burada söhbət birbaşa namazdan getməsə də, hər halda, qurban kimi ibadətdən gedir.

Allah-təala təqva sahibinin qurbanını qəbul edir. Mövzunu namaza yönəltsək, deyə bilərik ki, namazın qəbul olmasının da şərtlərindən biri təqvadır. Həzrət Mühəmməd Peyğəmbərin (s) aşağıdakı hədisi də deyiləni sübut edir: “Əgər nazik iptək zəifləyənə kimi namaz qılsanız, kamantək əyilənə kimi oruc tutsanız, Allah sizin namazınızı vərəsiz qəbul etməz” (Mizanül-hikmə, cild 5, səh. 1636, hədis 10622). Vərə müsbət əxlaqi keyfiyyətlərdən biridir. Ərəb dilindən tərcümədə “çəkinmək, uzaq olmaq” mənasını verir.

Əxlaq alimləri qeyd etmişlər ki, vərə günaha düşməmək naminə şübhəli olan hər bir şeydən uzaq olmaq deməkdir. İmam Əli ibn Əbu Talib (ə) buyurub ki, vərə insanı günahdan çəkindirən ən yaxşı vasitədir. Göründüyü kimi, məna baxımından vərə təqvaya yaxın məfhumdur.

Allah-təala Qurani-kərimdə namaz mövzusuna toxunaraq açıq şəkildə bəyan edir: “Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər” (Ənkəbut, 45). İmam Rza (ə) bu həqiqətə işarə edərək buyurmuşdur: “Hər kim namazının (Allah tərəfindən) qəbul edilib-edilmədiyini bilmək istəsə, fikir versin ki, namaz onu pisliklərdən uzaqlaşdırır ya yox?

Namaz onu pisliklərdən nə qədər çəkindirirsə, o miqdarda qəbul olub” (Biharül-ənvar, cild 79, səh. 198). Həzrət Mühəmməd Peyğəmbərin (s) bu hədisi məsələyə daha da aydınlıq gətirir: “Hər kimin namazı onu çirkinliklərdən və pis əməllərdən çəkindirməsə, qazancı yalnız Allahdan uzaqlaşmaq olar” (Biharül-ənvar, cild 82, səh. 198).
İbadətin qəbula yetməsinin şərtlərindən biri də ibadətin agahlıqla icra edilməsidir.

Kor-koranə, düşüncəsiz və yəqinsiz edilən ibadət insana fayda verməz. Həzrət Əli (ə) buyurub: “Təfəkkürsüz ibadətdə xeyir yoxdur” (Kafi, cild 1, səh. 36). Məsumlardan nəql edilən hədislərə görə, namazın qəbul edilməsinin şərtlərindən biri də Əhli-beyti (ə) sevmək və onların vəlayətini qəbul etməkdir.

İmam Zeynülabidindən (ə) namazın qəbul olma şərtləri barədə soruşulduqda belə cavab vermişdi: “(Bunun şərti) bizim vilayətimiz və düşmənlərimizdən bizarlıqdır (uzaqlıqdır)” (Mizanül-hikmə, cild 2, səh. 1636, hədis 10626).

islam.az

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Oxşar yazılar
Close
Back to top button