İslam tarixiMəqalələr

İslamda əsas hədis qaynaqları

Hicri II və III əsrlərdə ən yüksək inkişaf mərhələsini yaşamış elmlərdən biri də hədis elmidir. Bu dövrə qədər hədislər ya şifahi halda, ya da pərakəndə olaraq yazılı şəkildə mövcud idi. Əməvi xəlifələri tərəfindən hədislərin yazılması və köçürülməsi üzərinə qoyulmuş qadağa bu elmin tərəqqisini ən azı yüz il təxirə salmışdır.

İlk hədis alimlərinin fəaliyyəti yalnız bir sahə ilə məhdudlaşmırdı. Bunlar hərtərəfli biliyə malik, hədis, rical, təfsir, ərəb qrammatikası və s. elmləri mükəmməl mənimsəmiş, zöhd və təqvada məşhur olan insanlar idilər. Bu şəxslər səhabələr və tabiun haqqında öz xatirələrini əsasən şifahi formada gələcək nəslə ötürür, bir növ “rəvayət körpüsü” rolunu oynayırdılar. Bunların ən məşhurları Süleyman ibn Mehran Əməş (vəf. 765 – bütün tarixlər miladi təqvimlə verilir), Əbdürrəhman ibn Əmr Əvzai (vəf. 774) və Süfyan Səvri (vəf. 778-779) idi. Bu təbəqədən olan alimlər arasında İbn Cureycin adını vurğulamaq yerinə düşər.

Əbdülməlik ibn Əbdüləziz ibn Cureyc Qureyşi öz zəmanəsində çox məşhur idi. İmam Baqir (ə) və İmam Sadiqlə (ə) görüşmüşdü, Əhməd ibn Hənbəl onu “elm sandığı” adlandırırdı. Bəziləri İbn Cureyci dini mövzuda ilk kitab yazan müəllif hesab etmişlər. Onun “əl-Cami” kitabı Qurani-Kərimin bəzi ayələrinin təfsirini və bir sıra hədisləri əhatə edir. İbn Cureyc 766-768-ci illər arasında vəfat etmişdir.

Abbasilərin hakimiyyətə gəlişindən az sonra hədislərin sistemli şəkildə toplanması və hədis məcmuələrinin tərtibi istiqamətində iş başladı. Yaranan ilk hədis məcmuələri həcmcə kiçik, formaca nisbətən dağınıq və nizamsız idi. Lakin zaman keçdikcə, əldə olunmuş təcrübələr öyrənildi və bu sahədə böyük nailiyyətlər əldə edildi. Təsadüfi deyildir ki, həm əhli-sünnə, həm də şiə aləmində mötəbər sayılan və ana mənbələrdən hesab olunan hədis kitablarının əksəriyyəti məhz təqribən 750-950-ci illər arasında (Abbasi xilafətinin ilk mərhələsi) və bundan azacıq sonrakı dövrdə tərtib edilmişdir.

Aşağıda həmin dövrün ən böyük hədis alimləri və onların məşhur əsərləri barədə qısaca məlumat veririk. Sırf hədis məcmuələrindən əlavə, hədis ravilərinin tərcümeyi-halı barədə yazılmış kitabların (bunlara “rical” kitabları deyilir) müəllifləri də buraya aiddir.
ƏHLİ-SÜNNƏNİN MƏŞHUR HƏDİS ALİMLƏRİ

• Malik ibn Ənəs (vəf. 795-796)

Əbu Abdullah Malik ibn Ənəs ibn Malik ibn Əbu Amir Əsbəhi əslən Yəməndən idi. Babası Yəmən hakiminin zülmündən Mədinəyə köçmüş və Qureyşə mənsub Bəni-Teym qəbiləsi ilə qohum olmuşdu. Rəvayətə görə, Malik nə zaman hədis söyləmək istəsəydi, dəstəmaz alıb, ətir vurar, saç-saqqalını darayar, vüqar və əzəmətlə minbərdə oturardı. Tələsik halda, yol gedərkən hədis rəvayət etməkdən çəkinirdi. Mədinə məscidində və evində hədis və fiqh dərsləri deyirdi. Özünün söylədiyinə görə, 70 nəfər böyük alimdən icazə aldıqdan sonra müəllimlik fəaliyyətinə başlamışdı.

Malik fiqh dərslərində verilən suallara dəqiq şəkildə və yazılı formada cavab verirdi. Baş verməmiş (məcazi) hadisələr barədə sualları cavablandırmazdı, yalnız real hadisələrin fiqhi həllini verərdi. Cavabını bilmədiyi məsələlər barədə tam qətiyyətlə “bilmirəm” deyirdi. Həzrəti Muhəmməd Peyğəmbərin (s) məzarına ehtiramı üzündən Mədinədə ata minmir, həmişə piyada gəzirdi.

Malik ibn Ənəs hal-hazırda müsəlman aləmində kifayət qədər geniş yayılmış və xeyli ardıcılı olan maliki məzhəbinin banisi sayılır. Onun əsərləri arasında ikisi xüsusilə məşhurdur. Bunların biri – İmam Malikin nəzarəti altında tələbələri tərəfindən hazırlanmış və 36 min fiqh məsələsini əhatə edən “Əl-Mudəvvənətu’l-kübra” kitabıdır. İkinci əsər isə məşhur “Muvatta” məcmuəsidir.

“Muvatta” zaman etibarilə əhli-sünnənin 6 səhih hədis məcmuəsindən əvvəl yazılsa da, elə onlar qədər şöhrətə malikdir. Bu kitab təqribən 1720 hədisdən ibarətdir, səhabə və tabiunun fətvaları da kitabda yer almışdır. “Muvatta”da əsasən, şəriət məsələlərinə aid hədislər toplanmışdır.

Rəvayətə görə, Malik ibn Ənəsi bu kitabı yazmağa həvəsləndirən Abbasi xəlifəsi Mənsur Dəvaniqi olmuşdur. Məlum olduğu kimi, Mənsur özü də savadlı olmuş və alimləri himayə etmişdir. Həcc mövsümündə xəlifə Maliklə görüşüb, bəzi elmi məsələləri onunla müzakirə edir, sonra isə deyir: “Ey Əbu Abdullah! Yer üzündə fiqhi ikimizdən daha yaxşı bilən adam qalmadı.

Mənim başım xilafət işlərinə qarışıb. Heç olmazsa, sən fiqhə və sair elmlərə aid bilikləri toplamaqla məşğul ol. Camaat üçün bir kitab yaz. O kitabda Abdullah ibn Ömərin sərt fətvalarından, Abdullah ibn Abbasın güzəştlərindən, Abdullah ibn Məsudun nadir rəvayətlərindən çəkin. Orta yolu izlə, imamların və səhabələrin müttəfiq olduqları məsələləri əsas götür”. İmam Malik bu göstərişə əsasən, “Muvatta” kitabını tərtib edir. Sonralar özü də “vallahi, mənə kitab yazmağı Mənsur öyrətdi” – deyə etiraf edirmiş.

• Abdullah ibn Mübarək (vəf. 797-798)

Abdullah ibn Mübarək Xorasan vilayətinin mərkəzi olan Mərv şəhərində doğulmuş və ömrünün çox hissəsini orada keçirmişdir. Hədis elmində ustadlardan sayılırdı, lakin ehtiyata əsasən, səhv etməsin deyə, əzbərdən hədis söyləməz və kitabdan oxuyardı.

Fiqhi Süfyan əs-Səvridən və İmam Malikdən öyrənmişdi. Nümunəvi əxlaqı ilə məşhur idi. Abdullah ibn Mübarək öz zəmanəsinin ən böyük sufilərindən sayılırdı. “Kitabu’t-təfsir”, “Kitabu’t-tarix”, “Kitabu’s-sunən” və “Kitabu’z-zuhd” adlı əsərləri vardır.

• Süfyan ibn Uyeynə (vəf. 813-814)

O, Həzrəti Muhəmməd Peyğəmbərin (s.ə.s.) həyat yoldaşlarından olan Məymunənin mənsub olduğu Bəni-Hilal qəbiləsinin azad edilmiş köləsi idi. Kufədə doğulmuş, lakin Məkkədə yaşayıb və orada da vəfat etmişdir. Hədis və təfsir sahəsində istedad sahiblərindən sayılırdı.

80 nəfərdən artıq tabiundan və sair ravilərdən yeddi min hədis rəvayət etmişdir. İmam Şafii və qazi Yəhya ibn Əksəm ondan hədis rəvayət etmişlər. Tarix kitablarının yazdığına görə, Süfyan ömrü boyu 70 dəfə həcc ziyarətini yerinə yetiribmiş. Təfsir kitabının və “əl-Cami” hədislər toplusunun müəllifidir. Doqquz qardaşından dördü – Adəm, İbrahim, İmran və Məhəmməd də muhəddis olublar.

• Təyalisi (vəf. 819)

Əbu Davud Süleyman ibn Davud Təyalisi əslən İranın Fars bölgəsindən idi, amma Bəsrədə yaşayırdı. Atası Qureyşin azad edilmiş köləsi idi. Təyalisinin 2700-dən artıq hədisi əhatə edən “Musnəd” kitabı bu mövzuda qələmə alınmış əsərlərin içində ən öndə gedənlərdən sayılır. (Musnəd – hədis məcmuələrinin xüsusi növüdür. Burada hədislər mövzular üzrə deyil, sənəd zəncirinə uyğun olaraq, ravilərin adları üzrə qruplaşdırılır).

• Humeydi (vəf. 834)

Əbu Bəkr Abdullah ibn Zubeyr ibn İsa Humeydinin topladığı “Musnədu’l-Humeydi” məcmuəsi də hədis mənbələri sırasında mühüm yer tutur. Kitab ravilərin adı ilə qruplaşdırılmış təqribən 1300 hədisdən ibarətdir.

• İbn Sə’d (vəf. 844-845)

Əbu Abdullah Məhəmməd ibn Səd ibn Muni Zəhri Bəsri uzun müddət məşhur tarixçi Vaqidi ilə dostluq etdiyinə və əsərlərini onun diqtəsi ilə qələmə aldığına görə, həm də “Katibu’l-Vaqidi” (Vaqidinin katibi) ləqəbi ilə tanınır. İbn Sə’d hədis, rical, fiqh və tarix elmlərinin mükəmməl bilicilərindən sayılırdı. Onun ən məşhur əsəri “Təbəqatu’s-səhabə vət-tabiin” kitabıdır ki, “Təbəqatu’l-kübra” adı ilə məşhurdur. Kitabda səhabə və tabiundan olan üç min nəfərin ətraflı tərcümeyi-halı verilmişdir.

• İshaq ibn Rahiveyh (vəf. 852-853)

“İbn Rahiveyh” ləqəbli İshaq ibn İbrahim Mərvəzi böyük hədis alimləri Buxari, Muslim və Tirmizinin ustadı idi, Əhməd ibn Hənbəldən, habelə, Süfyan ibn Uyeynə və İmam Şafiidən dərs almışdı. Özünün dediyinə görə, 70 min hədisi əzbər bilir, daha 100 min hədis üzərində işləyirmiş. İbn Rahiveyhin 3 cildlik “Musnəd” kitabı zaman etibarilə ilk hədis toplularından sayılır.

• Əhməd ibn Hənbəl (vəf. 855-856)

Əbu Abdullah Əhməd ibn Məhəmməd ibn Hənbəl Şeybani təqribən 780-781-ci illərdə Bağdadda doğulmuşdu. Valideynləri Bəni-Şeyban qəbiləsindən idilər, Mərvdə yaşayırdılar. Əhmədin Mərvdə doğulduğu, lap kiçik yaşlarında ailəsi ilə birlikdə Bağdada gəldiyi ehtimal edilir. Digər məlumata görə, o, dünyaya gəlməzdən əvvəl valideynləri Bağdada köçmüşdülər.

Əhməd kiçik yaşlarında atasını itirmişdir. Əvvəlcə Bağdadda Əbu Hənifənin şagirdi qazi Əbu Yusifdən fiqh dərsi almış, sonra Məkkə, Mədinə, Şam, Kufə, Bəsrə və Misir bölgələrinə səfərlər etmiş, böyük hədis alimləri ilə görüşmüşdür. Hicaz bölgəsinə səfəri zamanı İmam Şafii ilə görüş Əhmədə böyük təsir göstərmişdir. O, fiqh sahəsindəki görüşlərini sistemləşdirərək, hənbəli məzhəbini yaratmışdır.

Əhməd ibn Hənbəl hədis elmində müstəsna bacarıq sahibi idi. Ona “İmamu’l-muhəddisin” (hədisçilərin imamı) ləqəbi ilə müraciət edirdilər. İbn Hənbəl 300 min, hətta bəzi rəvayətlərə görə, bir milyon hədisi əzbər bilirmiş. Onların arasından təqribən 30 minini seçərək, məşhur “Musnəd” kitabında toplamışdır (“Musnəd”dəki hədislərin ümumi sayı 40 minə çatır; təkrarları çıxsaq, 30 min hədis qalır). Müəllif özü etiraf edirdi ki, bunları ona məlum olan 750 min hədisin içindən seçmişdir.

• Darimi (vəf. 869)

Abdullah ibn Əbdürrəhman ibn Fəzl ibn Bəhram Darimi Səmərqənddə doğulmuş və Mərvdə vəfat etmişdir. Muslim, Tirmizi və Əbu Davud ondan hədis rəvayət etmişlər. Dariminin “əl-Camiu’s-səhih” kitabı “Sunənu’d-Darimi” adı ilə daha məşhurdur. Kitabda Həzrəti Muhəmməd Peyğəmbərin (s) davranışı və əxlaqı barədə hədislər toplanmışdır.

• Əbu Yə’la (vəf. hicri 307 / miladi 319-320)

Bu məşhur hədis aliminin adı Əhməd ibn Əli Təmimi idi. Mosulda yaşamış Əbu Yə’lanın “əl-Musnədu’l-kəbir” əsəri xüsusi şöhrət qazanmışdır. Alimlər deyirlər ki, bütün başqa müəlliflərin musnədləri göl, Əbu Yə’lanın musnədi isə okean kimidir; başqa kitablarda olanların hamısı artıqlaması ilə bu əsərdə toplanıb.

• İbn Xuzeymə (vəf. 923-924)

“İmamu’l-əimmə” (imamların imamı) ləqəbli Məhəmməd ibn İshaq ibn Xuzeymə Nişaburi şafii məzhəbinə etiqad bəsləyirdi. İraq hədisçilərinin şeyxi sayılırdı. İbn Xuzeymənin 140-dan artıq kitab yazdığı rəvayət edilir. Onun ən məşhur əsəri 3000-dən artıq hədisi ehtiva edən və bablar (fəsillər) üzrə bölünmüş “Səhih” kitabıdır.

• Əsfərayini (vəf. 928)

Əbu Əvanə Yəqub ibn İshaq Əsfərayini Nişaburi şafii məzhəbinə bağlı idi. Hədis öyrənmək məqsədilə Nişaburdan Yəmən, Hicaz, Şam, İraq, Misir və s. bölgələrə səfərlər etmiş, hər məntəqədə hədis raviləri ilə görüşmüşdür. Onun “Musnəd” kitabı (“Musnədi-Əbi Əvanə” adı ilə məşhurdur) mötəbər mənbələrdən sayılır.

• Təhavi (vəf. 933-934)

Əbu Cəfər Əhməd ibn Məhəmməd Təhavi Əzdi Misirdə anadan olub. Əvvəllər şafii məzhəbinə etiqad bəsləsə də, sonradan hənəfi məzhəbinə keçmiş və Misirdə hənəfiliyi yaymağa başlamışdı. Təfsir, hədis və xüsusilə, fiqh elmlərindəki yüksək səviyyəsinə görə ona “əllamə” və “hafizu’l-kəbir” deyirdilər. Onun hədis elminin incəliklərinə həsr olunmuş “Muşkilu’l-asar” və “Məaniyyu’l-asar” kitabları xüsusilə məşhurdur.

• İbn Həbban (vəf. 965)

İbn Həbban kimi tanınan Əbu Hatəm Məhəmməd ibn Əhməd Təmimi şafii məzhəbindən idi. Sistan ətrafında yerləşən Büst şəhərində doğulmuş, elm ardınca müxtəlif məntəqələrə səfərlər etmiş, bir müddət Səmərqənd şəhərinin qazisi olmuşdur. 7500-ə yaxın hədisi əhatə edən irihəcmli “əl-Musnədu’s-səhih” kitabının, rəvayətləri mötəbər sayılan ravilərin həyatından bəhs edən “əs-Siqat” əsərinin müəllifidir.

• Təbərani (vəf. 971)

Araşdırdığımız dövrün sonlarında yaşamış Əbu’l-Qasim Süleyman ibn Əhməd Təbərani 874-cü ildə Şam bölgəsinin Təbəriyyə şəhərində anadan olmuşdur. Hədis öyrənmək üçün İraq, Misir, Hicaz və əl-Cəzirə torpaqlarına səfərlər etmiş, ömrünün 33 ilini səyahətdə keçirmişdir. Təqribən 1000 nəfər ravidən hədis rəvayət etmişdir.

Təbərani 30 il boyunca rahat yatağı tərk edib, həsir üzərində yatmış və hədisləri toplamaqla məşğul olmuşdur. Yüz minlərlə hədisi sənədi ilə birlikdə əzbərlədiyinə görə, ona “musnədu’d-dunya” (bütün dünyanın rəvayətlərinin sənədini bilən) ləqəbini vermişdilər.

Təbərani hədis ravilərinin adlarının toplandığı üç ensiklopedik kitabın müəllifidir. Həcminə görə, bunları “Mucəmu’l-kəbir” (böyük toplu), “Mucəmu’l-əvsət” (ortancıl toplu) və “Mucəmu’s-səğir” (kiçik toplu) adlandırırlar.

*************************************************************************************************************

İkinci hissə

ALTI SƏHİH HƏDİS TOPLUSU

Zaman keçdikcə, əhli-sünnə alimlərinin topladıqları onlarla hədis məcmuəsi arasından 6 ədədi seçilərək, ən etibarlı elan edilmişdir. Bunlara “sihahu’s-sittə” (altı səhih kitab) adı verilib. Həmin kitablar aşağıdakılardır:

1 – “Səhihu’l-Buxari”

Kitabın müəllifi Əbu Abdullah Məhəmməd ibn İsmail Cufi Buxaridir. Buxarinin ulu əcdadları fars idi. Üçüncü nəsildən babası Muğirə İslam dinini qəbul edib, Xorasan valisi Səid Cufi ilə qohumluq əlaqəsi yaratmış və o vaxtdan bu nəsil “Cufi” nəsəbini qazanmışdı.

Kiçik yaşlarında ikən atasını itirən Buxari miras aldığı varidatı öz təhsilinə sərf edir. O, hədis arxasınca Xorasanın şəhərlərini, İraq, Misir, Hicaz, Şam torpaqlarını qarış-qarış gəzib, bir müddət Nişabur və Bağdadda yaşayır, axırda vətəninə qayıdır. 870-ci ildə Səmərqənd yaxınlığındakı kəndlərin birində dünyasını dəyişir.

Buxarinin “əl-Ədəbu’l-mufrəd”, “Tarix”, “əz-Zuəfa” və s. kitabları məlumdur. Lakin ona dünya şöhrəti gətirən əsər – “Səhihu’l-Buxari” adlandırılan hədis məcmuəsidir. Buxari bu əsəri hədis ardınca səfərləri zamanı 16 ilə tərtib etmişdir. Müəllif kitabdakı hədisləri əzbər bildiyi 300 min hədisin arasından seçibmiş. Salnamələrin yazdığına görə, Buxari hər bir hədisi qeydə almazdan əvvəl dəstəmaz alıb, iki rükət namaz qılırmış.

“Səhihu’l-Buxari” 7563 hədisdən ibarətdir. Lakin eyni hədislər bir neçə yerdə qeyd edildiyi üçün, təkrarları çıxdıqdan sonra 2600-ə yaxın hədis qalır. Bütün hədislər 101 kitabda (bölmə) toplanmışdır. “Səhihu’l-Buxari” kitabına 80-dən artıq şərh yazılmışdır. Bunların ən məşhurları İbn Həcər Əsqəlaninin “Fəthu’l-bari”, Əhməd ibn Məhəmməd Qəstəlaninin “İrşadu’s-sari” və Mahmud ibn Əhməd Eyninin “Umdətu’l-qari” şərhləridir.

2 – “Səhihi-Muslim”

Əbu’l-Hüseyn Muslim ibn Həccac Quşeyri Nişaburi elm ardınca İran, İraq, Hicaz, Şam və Misir ölkələrinə səfərlər etmişdir. Əhməd ibn Hənbəl və İshaq ibn Rahiveyh kimi ustadlardan dərs almış Müslim eşitdiyi hədisləri saf-çürük edərək, ən mötəbər saydıqlarını öz kitabında toplayır. Bu böyük alim 875-ci ildə Nişaburda vəfat etmişdir.

Muslim “Səhih”dəki hədisləri 300 min hədisin içindən seçib ayırdığını yazır. Buxari kimi, Muslim də öz “Səhih”ini kitablara ayırıb. Ümumilikdə 55 kitabdan ibarət olan məcmuədə 7563 hədis vardır; bunların içindən təkrarları çıxsaq, təqribən 4000 hədis qalar.

Muslim “Səhih”i bablara (fəsillərə) ayırsa da, onlara ad verməmişdir. Babların adı sonrakı tədqiqatçılar tərəfindən qoyulub. Təkrarların azlığını, hədislərin mövzuya uyğunluğunu, kitabın daha diqqətlə hazırlandığını əldə əsas tutan bir çox alimlər “Səhihi-Muslim”i “Səhihu’l Buxari”dən daha üstün bilmişlər.

Hətta alimlərdən biri kitab barədə belə deyib: “Göylərin altında Muslimin kitabından daha səhih əsər yoxdur”. Lakin əksəriyyətin fikrincə, “Səhihu’l-Buxari” ondan üstündür. “Səhihi-Müslim”ə çoxlu şərhlər yazılmışdır. Bunlardan ən məşhurları İmam Nəvəvinin “əl-Minhac” və Suyutinin “əl-Dibac” şərhləridir.

3 – “Sunəni-Əbu Davud”

Əbu Davud Süleyman ibn Əşəs Əzdi Sicistani Xorasan, Misir, Hicaz və Kufədə hədis ravilərini dinləmişdir. O, öz “Sunən”ini 500 min hədis arasından seçib-toplamışdır. Kitabda şəriət məsələləri barədə hədislər üstünlük təşkil edir. “Sunəni-Əbu Davud” 44 kitabda yerləşdirilmiş 5274 hədisdən ibarətdir.

Əsərin maraqlı cəhətlərindən biri də bundan ibarətdir ki, Əbu Davud əksər hədisləri qeyd etdikdən sonra onların səhihliyi, ya zəifliyi barədə öz fikrini bildirərək müvafiq araşdırmalar aparıb. Müəllif uzun hədisləri hissələrə ayıraraq, mövzular üzrə bablarda bölüşdürüb.

Deyilənlərə görə, Əbu Davud “Sunən” üzərində işini başa vurduqdan sonra kitabı Əhməd ibn Hənbələ təqdim etmiş, o da oxuyaraq, razılığını bildirmişdir.

Əbu Davud deyirmiş ki, hər bir ağıllı şəxs üçün bu dörd hədis kifayətdir:

1. “Əməllər niyyətə görə qiymətləndirilir”.
2. “Lazımsız bir şeyi tərk etməyi bacarmaq insanın imanının kamilliyini göstərər”.
3. “Özü üçün istədiyini mömin qardaşı üçün də istəməyən əsl mömin deyil”.
4. “Halal da məlumdur, haram da”.

Əbu Davud 889-cu ildə Bəsrədə dünyasını dəyişmişdir. Onun “Sunən”i elm əhli tərəfindən elə yüksək qiymətləndirilir ki, alimlərdən biri belə demişdir: “Hər kəsin Qurani-məcid və “Sunəni-Əbu Davud”dan savayı heç bir kitabı olmasa da, bunlardan lazımınca mərifət əldə edə bilər”.

“Sunəni-Əbu Davud”a müxtəlif şərhlər qələmə alınmışdır. Bunların ən məşhurları Əbu Süleyman Xəttabinin “Məalimu’s-sunən” və Suyutinin “Mirqatu’s-suud” şərhləridir.

4 – “Sunənu’t-Tirmizi”

Əbu İsa Məhəmməd ibn İsa Tirmizi ilk təhsilini Xorasan vilayətində alıb. Buxari və Muslim də onun müəllimləri sırasındadır. Tirmizi Hicaz və İraq hədisçiləri ilə də görüşmüşdür. Onun fövqəladə hafizəsi haqqında maraqlı rəvayətlər vardır. Ömrünün sonuna yaxın gözünün nurunu itirmiş Tirmizi 892-893-cü illər arasında vəfat etmişdir.

“Sunənu’t-Tirmizi” 52 fəsildən ibarətdir. Burada toplanmış hədislərin ümumi sayı 5000-ə yaxındır, lakin təkrar hədislərin də sayı həddən azdır. “Sunən”dəki təfsir və mənaqib (səhabələrin fəzilətləri) fəsilləri xüsusilə əhatəlidir. Tirmizi hər bir hədisi qeyd etdikdən sonra onun etibar dərəcəsini tədqiq edərək qiymətləndirmişdir. Əksər hədislərdən sonra müxtəlif İslam məzhəblərinin məsələyə baxışı araşdırılmış, alimlərin rəyləri incələnmişdir. Bu baxımdan, “Sunənu’t-Tirmizi” tədqiqatçılar tərəfindən yüksək dəyərləndirilir.

Hələ Tirmizinin sağlığında onun “Sunən”i hədisçilərin rəğbətini qazanmışdı. Müəllif öz əsərini tamamladıqdan sonra Hicaz, İraq və Xorasan alimlərinə təqdim etmiş və onların müsbət rəyini almışdır. Tirmizi öz kitabı haqqında belə deyirdi: “Hər kimin evində bu kitab varsa, sanki o evdə danışan peyğəmbər vardır”. “Sunənu’t-Tirmizi”yə çoxlu şərhlər yazılmışdır ki, bunların ən məşhurları Suyutinin “Qut’u’l-muğtəzi” və Mubarəkfurinin “Töhfətu’l-əhvəzi” şərhləridir.

5 – “Sunəni-İbn Macə”

Əbu Abdullah Məhəmməd ibn Yəzid Rəbəi Qəzvini hədis ardınca İraq, Misir, Hicaz və Şam bölgələrinə səfərlər etmiş, bu səfərlərin bəhrəsi olaraq, “Sunən” kitabı meydana çıxmışdır.

“Sunəni-İbn Macə” 40 fəsildə yerləşdirilmiş 4341 hədisdən ibarətdir, təkrar hədislər azdır. Tədqiqatçılar, içində bəzi şəxslərin və məkanların fəzilətləri barədə ifrata yol verən qeyri-mötəbər hədislər olduğuna görə, bu kitabı o biri 5 ana qaynaqdan daha zəif bilmişlər. Hətta bir sıra alimlər “Sunəni-İbn Macə”ni “sihahu’s-sittə”yə aid etməmişlər. Kitaba yazılan şərhlər arasında Suyutinin “Misbahu’z-zucacə” şərhi daha məşhurdur. İbn Macə 887-ci ildə vəfat etmişdir.

6 – “Sunənu’n-Nəsai”

Əbu Əbdürrəhman Əhməd ibn Şueyb Nəsai (vəf. 915-916) hədis elminin incəliklərini öyrənmək üçün müxtəlif bölgələrə səfərlər etmiş, uzun müddət Misirdə yaşadıqdan sonra Şama gəlmişdir.

Nəsai gözəl əxlaqa, vüqar və əzəmətə malik idi. İki gündən-bir oruc tuturdu. İmam Əliyə (ə) dərin məhəbbət duyduğuna və Əhli-beytə sevgisi uğrunda şəhid olduğuna görə, bir çox tədqiqatçılar onun şiə məzhəbində olduğunu iddia etmişlər.

“Sunənu’n-Nəsai” 57 fəsildə toplanmış 5729 hədisdən ibarətdir. Kitabda heç bir başqa hədis məcmuəsində rast gəlinməyən nadir mövzularda hədislər mövcuddur. Nəsai hədis seçimində vasvasılığı ilə hətta Muslimi də üstələyir. Bununla yanaşı, “Sunənu’n-Nəsai”də təkrar hədislərin sayı çoxdur; hətta bir hədis 16 yerdə təkrar edilib.

Nəsai hazırki “Sunən”dən əvvəl daha geniş bir hədis məcmuəsi hazırlamış və adını “Muctəna” qoymuşdu. Bu kitabda 12 mindən artıq hədis vardır.

Ehtimala görə, Nəsai sonralar onu ixtisar edib yenidən işləmiş və hazırki “Sunən”i tərtib etmişdir. Buna görə də, hazırda istifadə edilən “Sunənu’n-Nəsai” “suğra” (kiçik) ləqəbi ilə tanınır.

Kitaba yazılmış şərhlərdən Suyutinin “Zəhru’r-rəbi”sini qeyd etmək yerinə düşər.

*************************************************************************************************************

Üçüncü hissə

ŞİƏNİN MƏŞHUR HƏDİS ALİMLƏRİ

Abbasilər xilafətinin ilk 200 ili şiə hədisçiliyi üçün də məhsuldar və əhəmiyyətli bir dövr olmuşdur. Şiə məzhəbində mötəbər sayılan bir neçə böyük hədis alimi bu dövrdə yaşamış və öz dəyərli əsərlərini yaratmışdır. Onların əsas qaynağı məsum imamlar idi.

İmam Sadiq (ə), İmam Kazim (ə) və İmam Rza (ə) müxtəlif mövzularda onlarla risalə qələmə almış, səhabələrin suallarına yazılı şəkildə cavab vermiş, onlara faydalı mətləbləri diqtə etmişlər (məsələn: Mufəzzəl ibn Ömərə diqtə edilmiş “Tövhidi-Mufəzzəl”, Hişam ibn Hakəmə ünvanlanmış “Fel risaləsi” və s.).

Şiə hədis alimlərinin bu dövrdəki ilk təbəqəsini imamların səhabələri təşkil edirdilər. Bunlar bilavasitə məsum imamlarla görüşərək, onların dilindən hədis eşidir və sonrakı nəsillər üçün rəvayət edirdilər. Səhabələrin bir çoxu eşitdiyi hədisləri kağıza da köçürürdü.

Belə yazılı hədis mənbələrinə “əsl” deyirdilər. Əsllərin həcmi adətən kiçik (onlarla hədisdən ibarət) olurdu. Hər əsldə yalnız bir ravinin rəvayət etdiyi hədislər toplandığından, kitabın quruluşu çox zaman pərakəndə halda olurdu. Nadir hallarda hədislər mövzular üzrə qruplaşdırılırdı. Əsllərin sayı 400-ə yaxın idi; buna görə də onları “400 əsl” adlandırırlar. Əsllərin hamısı bu günümüzə gəlib-çatmamışdır.

Bu dövrdə əsllərdən əlavə, müstəqil kitablar da qələmə alınırdı. Kitab deyərkən, bir neçə mənbə əsasında hazırlanan, müəllifin araşdırmalarını və şəxsi rəyini də əhatə edən yazılı əsərlər nəzərdə tutulur. Kitab müəllifləri sırasında Zurarə ibn Əyən (vəf. 765), Əbu Bəsir (vəf. 765 vəya 767), Əbu Həmzə Sumali (vəf. 767), Məhəmməd ibn Numan Muminu’t-taq (vəf. 765-ci ildən sonra) və s. mühüm yer tuturlar.

Bu dövrdə yaşamış Əhməd ibn Məhəmməd Bəzənti (vəf. 836) əvvəllər şiəliyin başqa qoluna mənsub olmuş, sonra İmam Rzanın (ə) dəvəti ilə cəfəri məzhəbini qəbul etmişdi. Bəzəntini “əshabi-icma”dan sayırlar. Yəni onun başqa ravilər vasitəsilə imamlardan rəvayət etdiyi hədisləri yoxlamağa ehtiyac yoxdur; əgər Bəzənti hər hansı hədisi bir kəsin dilindən rəvayət etmişdirsə, deməli, həmin hədis səhihdir. Bu fakt Bəzəntinin nə qədər böyük etibar sahibi olduğuna dəlalət edir. Bəzənti “Came”, “Nəvadir” və “Məsail” kitablarının müəllifidir.

Bu sırada doqquzuncu, onuncu və on birinci imamların səhabəsi olmuş Fəzl ibn Şazanın (vəf. 874) adını xüsusi qeyd etmək lazımdır. Əbu Məhəmməd Fəzl ibn Şazan Nişaburi səhabələr arasında ən mötəbər şəxslərdən sayılır. İbn Şazanın həyatından bəhs edən müəlliflər onun 180 kitab müəllifi olduğunu bildirmişlər. Bu kitablar şiə əqidəsi, kəlam, şəriət və s. sahələri əhatə edir.

XII imamın kiçik qeybət dövrünün lap əvvəllərindən etibarən şiə alimləri əldə olan hədisləri toplamağa və məcmuə halında birləşdirməyə başladılar. İmamla rabitənin məhdudlaşması dini məsələlərdə qarşıya çıxan sualları vaxtında həll edə bilmək üçün bütün ana mənbələrin sistemləşdirilməsini və istifadə üçün əlverişli hala gətirilməsini tələb edirdi.

Bu sahədə atılan ilk addımlar alimlərin gərgin zəhmətindən xəbər verir. Həmin dövrün ən məşhur simaları Əbu Cəfər Məhəmməd ibn Həsən Səffar Qummi (vəf. 903), Əbu’l-Qasim Səd ibn Abdullah Əş’əri Qummi, Əbu’l-Abbas Abdullah ibn Cəfər Himyəri Qummi, Əbu Əli Məhəmməd ibn Humam İskafi (vəf. 943-944 və ya 947-948) və başqaları idi.

• Bərqi

IX əsrdə yaşamış hədisçilərin ikisi ata-oğul idi. Əbu Abdullah Məhəmməd ibn Xalid Bərqi Qum şəhərində yaşasa da, mənşə etibarilə kufəli idi. Onun atası Kufədən qaçıb, Qum ətrafındakı kəndlərin birinə sığınmışdı. Məhəmməd ibn Xalid Bərqi imamların səhabəsi idi. Onun təfsir, hədis, tarix, rical, kəlam və s. sahələrdə kitabları vardır, lakin əsərləri günümüzə qədər gəlib çatmamışdır.

Onun oğlu Əbu Cəfər Əhməd ibn Məhəmməd Bərqinin adı şiə mənbələrindəki 800-dən artıq hədisin sənəd zəncirində mövcuddur. Qələmə aldığı kitabların əksəriyyəti itib-batıb. Müəllif öz kitablarının bir çoxunu “Məhasin” adı altında birləşdirmişdi.

Onlarla bölümdən ibarət olan və minlərlə hədisi əhatə edən “Məhasin”in təqribən üçdə bir hissəsi dövrümüzə qədər gəlib çatıb. Bərqi 887-888-ci və ya 893-894-cü illərdə Qumda vəfat etmişdir.

• İbn Babiveyh

Əbu’l-Həsən Əli ibn Hüseyn ibn Babiveyh Qummi cəfəri alimləri arasında xüsusi mövqeyə malikdir. O, XI imam Həsən Əsgəri (ə) ilə görüşmüş, həmçinin, imamdan ona məktub gəlmişdi. Bu məktubda İmam Əsgəri (ə) İbn Babiveyhi “bizim şeyximiz və etimad sahibimiz” adlandırırdı. İbn Babiveyh ömrünün çox hissəsini Qum şəhərində keçirmişdir. O, məşhur alim Şeyx Səduqun atasıdır.

İbn Babiveyhin daha bir oğlu da (Hüseyn) məşhur fiqh və şəriət alimi idi. Rəvayətə görə, İbn Babiveyh lap qocalsa da, oğul övladı olmurdu. O, İmam Mehdinin (ə) naibinə məktub yollayaraq xahiş edir ki, İmamdan onun barəsində dua etməsi üçün ricada bulunsun. Az sonra İmamdan cavab gəlir ki, tezliklə İbn Babiveyhin iki fəzilətli oğlu doğulacaq. Həqiqətən, bu dua sayəsində dünyaya gəlmiş Şeyx Səduqla qardaşı böyük alim olurlar.

İbn Babiveyhin müxtəlif mövzularda qələmə aldığı 20 kitabın adı mənbələrdə qeyd olunub. Bu böyük alim 941-ci ildə Qum şəhərində vəfat etmişdir.

• Şeyx Kuleyni

Şeyx Əbu Cəfər Məhəmməd ibn Yəqub Kuleyni Rey şəhərinin 38 kilometrliyində yerləşən Kuleyn kəndində anadan olmuşdur. Onun həyatı barədə məlumatlar azdır. Kuleyni bir müddət Qum şəhərində yaşadıqdan sonra Bağdada köçür və Dəclə çayının qərb sahilində, Kufə qapısının yanındakı bir məhəllədə məskunlaşır. Elə burada o, özünün şah əsərini – “əl-Kafi” hədis məcmuəsini toplamağa başlayır. Kuleyni bu işə ömrünün 20 ilini sərf edir.

“Əl-Kafi”dən əlavə, Kuleyninin “Təbiru’r-ruya” (Yuxu yozmaları), “Rical”, “Rəsailu’l-əimmə” (İmamların məktubları), “Rəddu qəramitə” (Qərmətilərin əleyhinə risalə) adlı əsərləri də vardır. O, məsum imamlar barəsində yazılmış şerləri də kitab halında toplamışdır.

Lakin, şübhəsiz, Kuleyniyə dünya şöhrəti gətirən əsər – “əl-Kafi”dir. Məhz bu kitaba görə o, “Siqqətu’l-İslam” (İslamın etibarlı şəxsi) fəxri ləqəbini qazanmışdır. “Əl-Kafi” cəfəri məzhəbində ən əsas hədis mənbələri sayılan 4 kitabdan (“kutubu’l-ərbəə”) biridir.

“Əl-Kafi” şərti olaraq, 2 hissədən ibarətdir. “Usulu’l-Kafi” adlanan birinci hissə əqidə və əxlaq bəhslərini (üsuliddin), “Furuu’l-Kafi” adlanan ikinci hissə isə şəriət və ehkam mövzularını (füruuddin) əhatə edir.

Kuleyni kitaba “Rəvzətu’l-Kafi” adlı daha bir cild də əlavə etmişdir ki, buraya əsasən, imamların xütbələri və kiçik risalələri daxildir. “Usulu’l-Kafi” aşağıdakı kitablardan ibarətdir: 1. “Əql və cəhl”; 2. “Elmin fəziləti”; 3. “Tövhid”; 4. “Hüccət”; 5. “İman və küfr”; 6. “Dua”; 7. “Quranın fəziləti”; 8. “Muaşirət” (rəftar, davranış). “Furuu’l-Kafi” isə təharət, namaz, oruc, zəkat, xüms, cihad, həcc, nikah, talaq, yemək və içmək, ticarət, irs, cəza və s. mövzularda hədisləri ehtiva edir. “Əl-Kafi”dəki hədislərin ümumi sayı 16 mindən artıqdır.

Bu, dəqiq şəkildə bablar üzrə bölünmüş, demək olar ki, bütün mövzuları əhatə edən ilk şiə hədis məcmuəsi sayılır. Bu baxımdan, “Əl-Kafi” özündən əvvəlki hədis kitablarından (xüsusilə, 400 əsldən) köklü surətdə fərqlənir.

Rəvayətə görə, Kuleyni “Əl-Kafi”ni tərtib etdikdən sonra naib vasitəsilə İmam Mehdiyə (ə) təqdim etmiş və İmamdan belə bir cavab almışdır: “”Əl-Kafi” bizim tərəfdarlarımıza kifayət edər” (yəni bu, hədis sahəsində kifayət edəcək mənbədir).

“Əl-Kafi”yə çoxlu şərhlər yazılmışdır. Bunların arasında Əllamə Məclisinin “Miratu’l-uqul”, Molla Xəlil Qəzvininin “Safi” (fars dilində) və “Şafi” (ərəb dilində, natamam) şərhləri və Molla Sədranın natamam şərhi (cəmi 449 hədisi əhatə edir) xüsusi diqqətə layiqdir.

Şeyx Kuleyni 941-ci ildə Bağdadda vəfat etmiş və Kufə qapılarının kənarında torpağa tapşırılmışdır. Vəfatından yüz illər keçdikdən sonra qəbri açılarkən, cəsədinin zərrəcə çürümədiyi aşkara çıxmışdır.

• İbn Qavliveyh

İlk Abbasi dönəminin sonlarında yaşamış məşhur hədisçilərdən biri də “İbn Qavliveyh” adı ilə tanınan Əbu’l-Qasim Cəfər ibn Məhəmməd Qummidir. Onun atası və qardaşı da məşhur hədisçilərdən sayılırdılar. İbn Qavliveyh Qumdakı şiə icmasının başçılarından idi.

O, özündən əvvəlki və müasiri olduğu bir çox alimlərdən fərqli olaraq, hədisləri təkrarlamaqla kifayətlənmir, bunların əsasında ictihad edib fətva verirdi. İbn Qavliveyhin bir neçə əsəri qalmışdır ki, bunların ən görkəmlisi “Kamilu’z-ziyarat” kitabıdır. 108 babdan ibarət olan kitabda İslam müqəddəslərinin məzarlarını ziyarət etmək qaydaları izah olunur.

İbn Qavliveyh 978-980-ci illər arasında Kazimeyndə vəfat etmişdir.

• Kəşşi

Cəfəri məzhəbində rical (hədis ravilərinin şəxsiyyətini tədqiq edən elm) mövzusunda müstəqil və kamil kitab yazmış ilk müəlliflərdən biri Məhəmməd ibn Ömər Kəşşidir. Kəşşi hədis ravilərinin tərcümeyi-halını və etibar dərəcəsini özündə əks etdirən “Mərifətu əxbari’r-rical” kitabını tərtib etmişdir. Lakin kitabda şiə və sünni məzhəbli ravilər haqqında məlumatlar bir-birindən ayrılmadan, qarışıq şəkildə yerləşdirilib.

Buna görə də, təqribən 150 ildən sonra Şeyxu’t-taifə Tusi kitabdakı sünni ravilərinin adını və bəzi mətləbləri ixtisar edərək, “İxtiyaru’r-rical” və ya “İxtiyaru’l-Kəşşi” adlanan əsəri hazırlamışdır.

Kəşşinin qələmindən çıxmış oricinal variant isə itib batmışdır. Kəşşinin vəfat tarixi dəqiq bilinmir. Məlum olan budur ki, o, Kuleyni və Əli ibn Babiveyhin müasiri olmuşdur.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Oxşar yazılar
Close
Back to top button