Hələ vaxtı çatmayıb?!
Allah-Təalanın bizlərin həyat proqramımız olaraq göndərdiyi müqəddəs kitabı Qurani-Kərimdə insanlara müxtəlif suallar ünvanlanmışdır. Quranda olan suallar ümumilikdə müxtəlif məqsədlər daşıyır və onların bəzisi təəccüb, bəzisi inkar, bəzisi məzəmmət, bəzisi də təkid məqsədi daşıyır.
Növündən asılı olmayaraq bütün sual ayələrindən son məqsəd insanların diqqətini ayədə sözü gedən məsələyə cəlb etmək və onları qəflətə düşərək mahiyyətinə varmadıqları məsələlər barədə daha dərindən düşünməyə sövq etməkdir.
Quranın çox təsirli və insanı düşünməyə vadar edən ayələrindən biri də mübarək Hədid surəsinin 16-cı ayəsidir. İslam tarixində çoxlarının tövbə edərək Allah yoluna qayıtmasına səbəb olmuş bu ayə barədə maraqlı hadislər baş vermişdir.
Ümumiyyətlə Quranın möcüzəvi cəhətlərindən biri onun insana daim yeni təsir bağışlamasıdır. Quranla ünsiyyətdə olan hər bir kəsin etiraf etdiyi məsələlərdən biri onda sanki həmişə yeni ayələrin kəşf edilməsi, üzə çıxmasıdır.
Belə ki, Quranı dəfələrlə oxuyub mənasına diqqət etməsinə baxmayaraq adam bəzən elə ayələrlə rastlaşır ki, sanki həmin ayə əvvəllər Quranda omayıb və ona birinci dəfədir rast gəlinir. Həmin səbəbdən də tarix boyu bir çoxlari baxmayaraq ki, Qurani oxuyub ondan xəbərdar olublar, amma haradasa Hədid surəsinin qeyd etdiyimiz ayəsini eşidəndə, onu birinci dəfə eşidirmiş kimi təsirlənərək tövbə ediblər. Sözü gedən ayə budur:
“İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?!”
Bu ayə hər bir kəsdən cavab istəyir. İslam, insanin Allah qarşısında təslim olması mənasındadır. Ayədə qəlbin Allahın zikri və haqdan nazil olan Quran qarşısında yumşalması da bir növ həmin mənaya işarədir. Yəni, Allah və Quran qarşısında təslim olmağın vaxti çatmayıb? Ayədəki sual inkar mənalı sualdır, yəni, Allaha üz tutmağın vaxtı çatıb və hətta nəinki vaxtı çatıb, bəlkə bir az gecikib də. Çünki Allaha doğru bu dönüş çoxdan olmalı idi.
Əlbəttə, bəzən bəzi nadanlar cahilllik üzündən bu dönüş vaxtının çatmamasını deyirlər. Çoxumuz bəzilərinin “hələ gəncsən, inşallah qocalanda namaz qılarsan, oruc tutarsan, hələ sənin nə yaşın var ki?” kimi sözlərini eşitmişik. Bu və buna bənzər sözlər əgər mənası dərk edilərək deyilsə, birbaşa Allaha qarşı çıxmaq, necə deyərlər Onun sözünün qabağına söz çıxarmaqdır.
Belə ki, Allah-Təala dini ayinlərin yerinə yetirilməsi üçün lazım olan yaşın, məsələn, 15 yaş olmasını deyir, həmin şəxs isə 60 yaş! Qeyd edilən və ona bənzər ifadələrin mənası dolayısı ilə budur ki, – nəuzu billah – Allah nəyin nə vaxt edilməsini yaxşı bilmir və ayinlərin yerinə yetirilmə vaxtını tez deyib.
Görəsən belələrinə qocalacağı barədə kim təminat verib? Məgər gənc yaşında dünyasını dəyişənlər azdır? Bütün bunlar şeytanın vəsvəsələrindən başqa bir şey deyil.
Şeytanın insanları Allah yolundan azdırmaq üsullarından biri onları uzun-uzadı arzulara düçar etmək və uzunömürlülük barədə həqiqətdən uzaq olan ümidlər verməkdir. İslam insanin nikbinliyinə və gələcəyə ümidvar olmasına müsbət münasibət bəsləyir və insanları belə bir əhval-ruhiyyəyə təşviq edir. Amma nə qədər və hansı həddə? Həm Peyğəmbərdən (s), həm də imamlardan (ə) nəql edilmiş hədislərin birində necə də gözəl buyurulmuşdur:
“Dünyan üçün elə çalış ki, sanki əbədi yaşayacaqsan, axirətin üçün elə çalış ki, sanki sabah öləcəksən.”
Məsələlərə bu məntiqlə yanaşanda insan öz həyatında həm dünyasının, həm də axirətinin yerini təyin edə bilər. Bu iki aləm barəsindəki səylər arasında tarazlıq pozulanda isə, təbii ki, Allahın ayədəkı sualına cavab “yox, hələ vaxtı çatmayıb!” olacaqdır.
Vaxtın çatmamasını düşünəndə isə, təbii ki, insan istənilən xəyanət və cinayətə əl atar. Vaxt isə bizim onun çatıb-çatmamasını qəbul edib etməməyimizdən asılı olmayaraq öz işini görür. Beləcə, aldığımız hər bir nəfəs hədislərdə deyildiyi kimi, bizi ölümə bir addım da yaxınlaşdırır. Həmin o ölümə ki, bizi nə vaxt yaxalayacağını Allahdan başqa heç kəs bilmir. Bizi haqlayandan sonra isə geriyə yol yoxdur və onda daha bizlərə ikinci bir fürsət verilməyəcəkdir.
Allah-Təala insanı yaradaraq onun kamillik istiqamətində addımlaması üçün bütün tədbirləri görmüşdür. Ona ağıl verib, elm verib, peyğəmbərlər göndərib, kitab nazil edib. Kitabında məsələlərin bütün cəhətlərini də açıqlayıb ki, sabah kiminsə “bilmədim, başa salan olmadı” deməyə bəhanəsi olmasın. Belə ki, bəhanə üçün bütün yollar bağlıdır.
Odur ki, bu həyat yolunda addımlamaq üçün səfər yoldaşını seçmək qərarı öz əlimizdədir. Bir neçə saatlıq səfərə çıxanda bizimlə yol yoldaşı olacaq şəxs barədə sorğu-sual aparıb onun kimliyi barədə araşdırma aparan bizlər, bizi əbədiyyətə qovuşduracaq həyat yoluna kimlərlə və hansı proqramla çıxmağımız barədə dərindən düşünməyə daha möhtacıq. Çünki bu yolun sonu ya əbədi səadət, ya da əbədi fəlakət və bədbəxtlikdir.
Sonda Hədid surəsinin işarə etdiyimiz ayəsi barədə İslam tarixində baş vermiş maraqlı hadisələrdən birini nəql etməyi məqsədəuyğun hesab edirik.
Yazırlar ki, Xorasandan olan Fuzeyl ibn Əyyaz adlı bir şəxs quldurluq və yol kəsməklə məşğul imiş. Abyurd və Sərəxsdə yol kəsməklə məşğul olan bu şəxs ticarətlə məşğul olanları lap bezdiribmiş. Bir gün Fuzeyl bir kəndin kənarından keçəndə bir qız görür və ondan xoşu gəlir.
Qızın eşqi Fuzeyli dərdə salır və o, qərara alır ki, gecə nə yolla olur olsun özünü qıza yetirsin. Gecə qızın yaşadığı evə yaxınlaşaraq hasardan aşıb həyətə keçir. Elə bu vaxt qonşuluqda olan evlərin birində Quran oxuyan bir şəxsin səsini eşidir.
Quran oxuyan şəxs Fuzeyl divardan aşıb həyətə daxil olanda bu ayəyə çatır: “İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?!” Bu ayə Fuzeylin qəlbinə ox kimi batır və o, qəlbində ağrı hiss edir. Eşitdiyi ayədən hədsiz təsirlənən Fuzeyl “bəli, and olsun Allaha, vaxtı çatıb, and olsun Allaha, vaxtı çatıb” deyə-deyə hasardan aşıb həyətdən çıxır və kəndin kənarındakı xarabalıqlardan birinə gedir. Xarabalığa çatanda görür ki, orada bir karvan oturaq salıb.
Diqqət edəndə görür ki, ticarət karvanı olan bu karvanın adamları öz aralarında yola çıxmaq barədə danışırlar. Onların bəzisi elə indi yola çıxmağı məsləhət görür, bəzisi də “səhərə kimi burda qalaq, yoxsa Fuzeyl hücum edib var-yoxumuzu əlimizdən alar” deyir. Fuzeyl bu sözləri eşidəndə daha da təsirlənir və öz-özünə deyir: “Gör mən nə qədər pis adamam.
Bu nə bədbəxtçilikdir ki mən düçar olmuşam? Gecənin bu vaxtı mən günah məqsədi ilə evdən çıxmışdım. Bu müsəlman dəstə də mənim qorxumdan xarabalığa sığınıb.” Fuzeyl üzünü göyə tutub deyir: “Allahım, tövbə edib Sənə doğru qayıdıram. Tövbəmin şərtini də bundan sonra Sənin evinin kənarında məskunlaşmaq təyin edirəm….” Beləcə qəlbən tövbə edərək Xorasandan Məkkəyə yollanır və Kəbənin ətrafında məskunlaşaraq ömrünün sonuna kimi (vəfatı 187 h.q.) orada qalır.
Səmimi qəlbdən tövbə edən Fuzeyl Allahın ona göstərdiyi lütf və mərhəmət sayəsində yüksək məqamlara çatır və o, İslami hədis mənbələrində ən etibarlı ravilərdən sayılır.
Fuzeyl sonradan özünü o qədər islah edir və yüksək məqama çatır ki, tarixi mənbələrdə alimlərin onun haqqındakı sözlərini eşidəndə adamı heyrət bürüyür. Alimlər onun haqqinda danişarkən “yer üzünün ən təqvalı insanı, ən fəzilətli adamı” kimi ifadələr işlədirlər.
Bütün bunlar göstərir ki, əgər bəndə səmimi qəlbdən tövbə edərək Allaha üz tutsa, Allah onun tövbəsini qəbul edər və onu yüksək məqamlara qaldırar.
Beləliklə də, həm Allah yanında əziz olar, həm də bəndə yanında. Uca və mehriban Allah hamımıza belə bir tövbə nəsib etsin.
Amin!