İslam suallarda

Dini kitablarda adı tez-tez çəkilən Xalid ibn Vəlid kimdir?

Həzrət Mühəmməd Peyğəmbərin (s) məşhur səhabələrindən olan Xaliq ibn Vəlid (592-642) Qüreyş tayfasının Bəni-Məxzum qoluna mənsubdur. İslamı qəbul etməzdən əvvəl o, müsəlmanlara qarşı aparılan döyüşlərdə fəal ştirak etmiş, hətta Ühüd savaşında müsəlmanların məğlubiyyətinin əsas səbəbkarlarından biri olmuşdur. Hicri 8-ci ilin səfər ayında (miladi 629-cu il) Xalid müsəlman oldu. Az sonra o, Şam torpaqlarında baş vermiş Mötə savaşında fəal şəkildə iştirak etdi. Məkkənin fəthində süvari bölümünün komandanı kimi müsəlman ordusunun sağ cinahına da Xalid başçılıq edirdi. Hələ Peyğəmbərin ömrünün sonlarına yaxın Bəni-Cüzeymə qəbiləsini İslama dəvət etmək üçün gönərilmiş Xalid öz vəzifəsinin öhdəsindən gələ bilmədi və haqsız yerə xeyli adam öldürdü. Peyğəmbər Bəni-Cüzeymə qəbiləsinin könlünü almaq, dəymiş ziyanı ödəmək məqsədilə İmam Əlini (ə) ora göndərdi.
Əbu Bəkrin zamanında Xalid yalançı “peyğəmbər”lər Müseyliməyə və Tüleyhəyə qarşı uğurla döyüşdü. Bu arada Bəni-Təmim qəbiləsi ilə amansız davranıb qəbilə başçısı Malik ibn Nüveyrəni öldürdü, bu hərəkətinə görə bəzi məşhur səhabələr hətta onun edam olunmasını tələb etmişdilər.
Sonralar Xalid Sasani və Bizans imperiyalarına qarşı müharibələrdə müsəlman qoşununa başçılıq etdi. Lakin özbaşına qərarlar qəbul etdiyinə görə 638-ci ildə Ömər ibn Xəttab onu sərkərdəlikdən uzaqlaşdırdı. Əhli-sünnə mənbələrində Xalidin haqqında adətən müsbət fikirlər səsləndirilir, hətta Peyğəmbərin ona “Allahın qılıncı” ləqəbini verdiyi deyilir. Lakin şiə məzhəbində Xalidə münasibət müsbət deyil, bunun əsas səbəbləri onun Bəni-Cüzeymə qəbiləsi ilə amansız rəftarı və İmam Əli (ə) ilə münasibətlərinin gərgin olmasıdır.

Daha çox göstər
Back to top button